Hazırkı status-kvo Ermənistanın xeyrinədər

Erməni cəmiyyəti 2016-cı  ilin aprelində itirdikləri "Lələtəpə" ni geri qaytarmaq haqqında qızğın müzakirələr aparır, Azərbaycanın yeni ərazilərini işğal etməyi belə xəyallarından keçirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Qarabağda növbəti təxribatlara hazırlaşır.

İrəvanın istəyi Qərb tərəfindən təmin olunur

Erməni cəmiyyəti 2016-cı  ilin aprelində itirdikləri "Lələtəpə" ni geri qaytarmaq haqqında qızğın müzakirələr aparır, Azərbaycanın yeni ərazilərini işğal etməyi belə xəyallarından keçirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Qarabağda növbəti təxribatlara hazırlaşır. Müstəqil ekspert Rövşən Məmmədli hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan xalqının daha çox bir, həmrəy olması vacibdir: "Bu gün qloballaşma adı altında xalqları və mədəniyyətləri əzən, məhv edən dünyada ayıq olmaq, milli birliyə nail olmaq, milli düşüncəni, milli marağı önə çıxarmaq, milli və mənəvi özünü dərki təlqin etmək, vətənpərvər olmaq, özgürlüyü hər şeydən uca tutmaq, milli sərvəti öncə xalqımızın, dövlətçiliyimizin maraqlarına, insanlarımızın rifahına yönəltmək, dünya xalqları ilə sıx əlaqələr qurmaq, qarşılıqlı dostluq və qardaşlıq münasibətləri yaratmaq, bütün dünyada əmin-amanlıq naminə çalışmaq həyatımızın, fəaliyyətimizin ən vacib yönü olmalıdır. Bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq, müqavilə və öhdəçiliklərdən irəli gələn beynəlxalq tənzimləmələrdə yalnız beynəlxalq hüquqa söykənmək, heç bir basqıya boyun əyməmək, can Azərbaycanımızın maraqlarını bütün beynəlxalq təşkilatlarda, dövlətlərarası münasibətlərdə uca tutmaq, vətənimizi layiq olduğu şərəfli mövqeyə çatdırmaq hər bir vicdanlı dövlət məmurunun ümdə işi olmalıdır. Bu gün qeyd etdiyimiz həmrəylik bütün il boyu əməlimizdə davam etməli, sonucda bütövləşməyimizə, mənəvi yüksəlişimizə fayda verməlidir. Ən yaralı yerimiz olan və bir an öncə həllini tələb edən məsələmiz Qarabağdır. İşğal altında olan ərazilərimizin dərhal azad edilməsidir. Bu məsələni ermənipərəst Qərbin-Rusiyanın öhdəsinə buraxmaq və bu əsasda arxayınçılıq göstərmək olduqca yanlış və təhlükəli haldır". Ekspert deyir ki,  Qərb və Rusiya Azərbaycanın ərazi bütövlüyünü yox, onun sərvətlərini talamağı, sümürməyi daha çox düşünür və acınacaqlısı da odur ki, elə Qarabağ məsələsindən də Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər: "Kim düşünürsə Qərb Qarabağ məsələsini ədalətlə çözəcək o ya yanılır, ya da elə məsələnin bu cür davamında maraqlıdır. Qarabağın işğalından ötən hər gün bizi ondan daha da uzaqlaşdırır, qondarma Dağlıq Qarabağ rejiminin möhkəmlənməsinə, tanınmasına, ayağının yer tutmasına aparır. İşğal altında olan torpaqlarımız erməni faşizminin vandal tapdağı altda inləyir, yerüstü və yeraltı sərvətlərimiz talanır, min illər boyu formalaşdırdığımız mədəniyyətimiz məqsədli olaraq məhv edilir". Rövşən Məmmədli bildirib ki, hazırkı status-kvo tamamilə Ermənistanın xeyrinədər və onun istəyi ilə Qərb tərəfindən qorunur: "Qərb bizə sülhün əvəz olunmazlığı haqda diktələr edir, oyunbazlıq edir, ancaq bu sülhün yaranması üçün heç bir addım atmır .Əksinə Ermənistanı ərazilərimizi işğal altında saxlamaq üçün şirnikləşdirir, ona maddi yardımlar edilir, gizlin dəstəklər verilir. Belə vəziyyətdə biz Qarabağla bağlı, onun işğaldan tezliklə azad olunması ilə bağlı düşünülmş tədbirlər görməli, samballı addımlar atmalıyıq. Qarabağı azad etmək millət vətən, tarix qarşısında borcumuzdur. Beynəlxalq hüquqla tanınmış hüququmuzdur. Kimsə bizə deyə bilməz nə üçün bu addımı atırsınız. Qarabağ məsələsinin "Madrid prinsipləri" müstəvisində həll etmək Qarabağı Ermənistana peşkeş etmək deməkdir və belə hal yaranarsa bunun məsuliyyətiylə həmin prinsiplər əsasında "Sülh" danışıqları aparanlar cavabdeh olacaqlar. Heç kim Azərbaycan xalqının iradəsindən kənar Qarabağ məsələsində bir addım belə ata bilməz. Bu məsələdə son söz Azərbaycan xalqınındır və Azərbaycanın Konsttusiyasınındır. Azərbaycan tərəfi 25 il boşuna danışıqlar apararaq Qarabağ məsələsini adiləşdirən Minsk qrupu həmsədr dövlətlərinin "missiyasından" dərhal imtina etməli, məsələnin həllini BMT müstəvisinə qaytarmaqla, beynəlxalq hüquq çərçivəsində həllinə nail olmalıdır". Ekspert hesab edir ki, 2018-ci il Qarabağ ili elan edilməli və planlı, təşkilatlanmış halda torpaqlarımız işğaldan azad olunmalıdır: "İnanırıq ki, Qarabağı, ölkəmizin ümdə maraqlarını düşünən, milli maraqlara xidmət edən bütün qüvvələr hansı mövqedə olmasından asılı olmayaraq bu təklifi qəbul etməlidir. Qarabağın xilası bütün maraqlardan üstün olmalıdır. Əgər təklifimiz qəbul olunarsa bu təklif ətrafında heç bir siyasətə qarışmadan bütün qüvvələr bir araya gəlib dəqiq və qələbəyə aparan fəaliyyət proqramı hazırlamaq və sözdən əmələ keçmək lazımdır. Unutmayaq ki, xalqımız, millətimiz Qarabağın azadlığını arzulayır, tələb edir. Bir milyon məcburi köçkünün vətən həsrətini anlamaq və bu həsrətə nəhayət son vermək gərəkdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31