Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhvə

BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnaməsi dünyanın supergüclərinin söz savaşına çıxmasına səbəb olub. Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişi belə sözügedən qərarın qəbuluna təsir edə bilmədi.

Müsəlman dövlətləri üçün örnək olmalıdır

BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnaməsi dünyanın supergüclərinin söz savaşına çıxmasına səbəb olub. Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişi belə sözügedən qərarın qəbuluna təsir edə bilmədi. ABŞ-ın konkret ünvanlı təhdidləri, xəbərdarlıqlarına baxmayaraq 128 üzv ölkə Birləşmiş Ştatların qərarını rədd edən qətnamənin lehinə səs verdi. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə qaldı. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe bir daha ölkənin müstəqi xarici siyasət yürütdüyünün təsdiqini ifadə etdi. Qətiyyətlə demək olar ki, Azərbaycanın sözügedən məsələdə tutduğu mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfərin bariz nümunəsidir.
Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın nümayiş etdirdiyi mövqe birmənalı şəkildə beynəlxalq hüququn prinsiplərinə söykənir: "Azərbaycan bundan öncə də həm BMT çərçivəsindəki davranışlarında, həm də digər beynəlxalq təşkilatlardakı davranışlarında birmənalı şəkildə beynəlxalq hüququn prinsiplərindən çıxış edib. Azərbaycan Fələstin probleminin həlli ilə bağlı BMT Baş Assambleyasının qəbul etdiyi qərarlara istinad edib. 1947-ci ildə Fələstin ərazisində iki dövlətin yaradılması ilə bağlı BMT Baş Assambleyasının qətnaməsi var. Bu qətnamədən sonra bir neçə dəfə BMT Baş Assambleyası oxşar qətnamələr qəbul edib. Bu aspektdən də ölkəmizin beynəlxalq hüququn prinsiplərinə daim sayqı nümayiş etdirməsi və dünyada sülhün, əmin-amanlığın təmin olunması üçün məhz beynəlxalq hüququn prinsiplərinin tətbiq etməsinin vacibliyini önə çəkməsi Azərbaycanın sabit bir siyasət yürüdən dövlət olduğunun göstəricisidir. Bunun üçün də ölkəmizin mövqeyi hesab edirəm ki, ən düzgün bir mövqedir. Təkcə, Fələstin, Qüds məsələsinə deyil, bütövlükdə Azərbaycan dövlətlərin ərazi bütövlüyü ilə bağlı məsələlərə, eləcə də digər beynəlxalq hüququn prinsiplərindən irəli gələn məsələlərə sayqı ilə yanaşır və daim da bunu təşviq edir. Hesab edirəm ki, bu gün məhz bu mövqe dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün vacib şərtlərdən biridir".
Politoloq Qabil Hüseynli bildirib ki, BMT Baş Assambleyasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamənin qəbul edilməsi çox düzgün idi. Azərbaycan da beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmiz hər zaman İslam həmrəyliyinə sadiq olub bundan sonra da sadiq olacaq: "Bunun bariz nümunəsi Azərbaycanın İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunması və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirməsidir. Ümumiyyətlə, İƏT ilk beynəlxalq qurumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü tanıyıb və erməni qoşunlarının ölkəmizin ərazilərdən çıxarılmasının tələb edib. İƏT-in sammitlərində Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə olunur". Azərbaycanın müstəqil siyasət yürütdüyünü dilə gətirən Q.Hüseynli söyləyib ki, ölkəmizin beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz: "Azərbaycan özünün prinsipal xarici siyasət xəttinə uyğun olaraq, beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə zidd olan qərara öz etirazını bildirdi. Bildiyiniz kimi eyni hadisə Azərbaycanın da başına gəlib. Belə ki, BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ərazilərimizə qarşı erməni təcavüzü hələ də davam edir. Bu baxımdan Azərbaycan tərəfindən atılan addım bir tərəfdən islam həmrəyliyi xəttinə sədaqətdirsə, digər tərəfdən də beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsidir".
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan dövlətdir və bu nöqteyi-nəzərdən Qüds məsələsində də eyni yanaşma tərzini ortaya qoyur. E.Nəsirov bildirib ki, yaranmış böhranla bağlı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Azərbaycan Prezidenti İlham Əliyev qəti və konkret mövqeyini ortaya qoydu: "Prezident İlham Əliyev vurğuladı ki, "Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması qərarı Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər". Azərbaycan Prezidentinin həmin siyasəti, tutduğu xətt BMT Baş Assambleyasında da səsvermə zamanı nümayiş etdirildi, Azərbaycan dövləti bu məsələdə öz mövqeyini ifadə etdi. Azərbaycanın bu mövqeyi dövlətimizin beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hörmət siyasətindən qaynaqlanan addımdır". Deputat vurğulayıb ki, bu mövqe Azərbaycanın müstəqil siyasətinin bir ifadəsidir: "Bu heç bir halda ABŞ-ın və İsrailin əleyinə yönəlməyib, çünki hər iki dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var, biz ona sadiqik, lakin bizim müttəfiqlik və tərəfdaşlıq münasibətlərimizin kökündə dayanan da beynəlxalq norma və prinsiplərə hörmətdir. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycanın müstəqil xarici siyasətinin birbaşa ifadəsi və növbəti dəfə təsdiqidir". Söz yox ki, Qüds məsələsində ölkəmizin sərgilədiyi mövqe, Azərbaycan dövlətinin qətiyyətli qərarı bir daha ölkəmizin daim ədalətin və doğru prinsiplərin yanında olduğunu sübuta yetiridi. Belə ki, Azərbaycan öz ardıcıl və qətiyyətli siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verdi. Onu da qeyd edək ki, Azərbaycanın bu mövqeyi İslam ölkələri, xüsusən türkdilli dövlətlər üçün bir nümunə olmalıdır. Çünki, İalamla, yaxud müsəlman dövlətləri ilə bağlı yaranan prinspial məsələlərdə belə bir sıra müsəlman dövlətləri yaxasını kənara çəkməklə biganəlik nümayiş etdirilər. Bu baxımdan Azərbaycanın İslam həmrəyliyi ilə bağlı yürütdüyü siyasət həmin dövlətlər üçün örnək olmalıdır. Azərbaycanın beynəlxalq məsələlərin həllində ortaya qoyduğu qətiyyətli mövqe Prezident İlham Əliyevin apardığı uğurlu, düşünülmüş və uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Odur ki, Azərbaycanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəyi, ölkəmizin həm xarici, həm də daxili siyasətdə daha böyük uğurlara imza atacağı heç kimdə şübhə yaratmır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31