“Prezident İlham Əliyev və Azərbaycan tarix elmi”- TƏDBİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib. Məlumata görə, elmi konfransı Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov açaraq tədbir iştirakçılarını salamlayıb.
21 Dekabr 2017 14:11 SiyasətBu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyev və Azərbaycan tarix elmi" mövzusunda elmi konfrans keçirilib. Məlumata görə, elmi konfransı Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov açaraq tədbir iştirakçılarını salamlayıb.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, institutun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: "Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir. Dövlət başçısının institutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edirik və biz, tarixçi-alimlər Prezidentin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək üçün bütün qüvvələrimizi səfərbərliyə alacağıq".
Tədbirdə bildirilib ki, 2012-ci ildə prezident sərəncamı ilə Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilib.
"Məhz ölkə başçısının gündəlik qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsəri işıq üzü görüb. İlham Əliyev xalqımıza "26 Bakı komissarları" adı ilə təqdim olunmuş və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir", - deyə Yaqub Mahmudov qeyd edib.
O bildirib: "Ulu öndər Heydər Əliyev kimi İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən Prezidentdir, tarix yaradan tarixi şəxsiyyətdir".
Konfrans çərçivəsində ölkə başçısının təşəbbüsü ilə Tarix İnstitutunda çap olunan elmi əsərlərin təqdimatı və 1000-ə qədər kitabın sərgisi olub. Yaqub Mahmudov institutun nəşrlərini Qarabağ Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə edib. Sonda Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov çıxış edərək akademik Yaqub Mahmudov başda olmaqla AMEA-nın Tarix İnstitutunun gördüyü işləri yüksək qiymətləndirib və dəyərli hədiyyəyə görə öz təşəkkürünü bildirib.