Müsavatla bağlı proqnozlar reallaşır TƏRS BAXIŞ
Müsavat partiyasının sonuncu qurultayından sonra partiyadaxili qarşıdurmalar fonunda cərəyan edən hadisələr elə həmin qurultay ərəfəsində verilən proqnozları reallaşdırmaqdadır. Belə ki, həmin proqnozlardan biri də bu idi ki, İsa Qəmbər başqanlıqdan gedərkən, Arif Hacılını ona görə öz yerinə təyin etdi ki, yəni başqanlıq seçkilərini onun üçün saxtalaşdırdı ki, yenidən başqan olmaq şansını əlində saxlasın. Məhz bu səbəbdən, dərhal MSDM adlı qurum yaradaraq, özünü bu qurumun sədri elan edən İ.Qəmbər növbəti qurultaya qədər siyasi arenada qalmaq üçün bundan münbit vasitə tapa bilməmişdi. İndi isə növbəti qurultayın və başqanlıq seçkilərinin zamanı çatır və İ.Qəmbər köhnə postuna dönmək üçün yeganə çıxış yolunu partiyanı parçalamaqda görməkdədir.
21 Dekabr 2017 12:31 Siyasətİsa Qəmbər yenidən başqan olmaq üçün partiyanı parçalayır
Müsavat partiyasının sonuncu qurultayından sonra partiyadaxili qarşıdurmalar fonunda cərəyan edən hadisələr elə həmin qurultay ərəfəsində verilən proqnozları reallaşdırmaqdadır. Belə ki, həmin proqnozlardan biri də bu idi ki, İsa Qəmbər başqanlıqdan gedərkən, Arif Hacılını ona görə öz yerinə təyin etdi ki, yəni başqanlıq seçkilərini onun üçün saxtalaşdırdı ki, yenidən başqan olmaq şansını əlində saxlasın. Məhz bu səbəbdən, dərhal MSDM adlı qurum yaradaraq, özünü bu qurumun sədri elan edən İ.Qəmbər növbəti qurultaya qədər siyasi arenada qalmaq üçün bundan münbit vasitə tapa bilməmişdi. İndi isə növbəti qurultayın və başqanlıq seçkilərinin zamanı çatır və İ.Qəmbər köhnə postuna dönmək üçün yeganə çıxış yolunu partiyanı parçalamaqda görməkdədir. Daha doğru desək, onun istər partiyada, istərsə də müxalifət düşərgəsində "parçala və hökm sür" ənənəsi bu gün də davam edir. Həmçinin, İ.Qəmbər 2018-ci ildə keçiriləcək prezident seçkilərinə də partiyanın namizədi qismində qatılmağa hazırlaşdığını bəyan edib. Bütün bunlar isə növbəti hadisələrin reallaşmasına zəmin yaradır...
Müsavat "bir həsir, bir Məmmədnəsir" deyimli siyasi təşkilat olaraq, yalnız klan üsul-idarəçiliyi fonunda uzağı bir neçə nəfərlə ömrünü başa vurmalı olacaq
Əbəs yerə deyil ki, son günlər Müsavat partiyasını növbəti istefa dalğası bürüyüb. Məsələn, bu yaxınlarda istefa xəbəri yayılan Müsavat başqanının siyasi məsələlər üzrə müavini Elman Fəttah məhz Arif Hacılının qurultaydan sonra formalaşdırdığı rəhbər komandada təmsil olunurdu. Ona görə də birdən-birə istefa vermək səbəbi digər məsələləri ortaya çıxarmış oldu. Yəni E.Fəttah partiyanın idarəçiliyində yaranan fikir ayrılığını səbəb gətirərək istefa versə də, digər məqamdan belə nəticəyə gəlmək olar ki, onun istefası gələn il baş tutacaq prezident seçkiləri öncəsi partiyadaxili parçalanmaların getdikcə şiddətlənəcəyini də proqnozlaşdırır .
Xatırlatmaq yerinə düşərdi ki, başqan müavinin istefası həm də onu deməyə əsas verir ki, artıq A.Hacılı partiyanı idaredilməz hala gətirib və hətta öz komandası ona qarşıdır. Təkcə Elman Fəttah yox, digər müavinləri də Arif Hacılının yatırmaz siyasətindən narazıdır. Əlbəttə, yalnız A.Hacılıya yaxın olan şəxslər klan olaraq onun ətrafında qalmaqda davam edirlər. Bu isə həm də qənaətə gəlməyə zəmin yaradır ki, istefaların ardı-arası kəsliməyəcək, sonda Müsavat "bir həsir, bir Məmmədnəsir" deyimli siyasi təşkilat olaraq, yalnız klan üsul-idarəçiliyi fonunda uzağı bir neçə nəfərlə ömrünü başa vurmalı olacaq.
Sabiq Divan üzvü: "Qurultaydan sonra Arif Hacılının formalaşdırdığı rəhbərlik, idarəetmə fəlsəfəsi partiyanı bu hala gətirməli idi"
Onu da qeyd edək ki, bu gün bir çox sabiq müsavatçılar baş verənləri daha öncədən hiss etdiklərini deməklə bərabər, digər məsələləri də aydınlaşdırmağa çalışırlar. Məsələn, hazırda Ağ partiya adlı təşkilat yaradan Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı deyir edir ki, istefa verdiyi partiyada siyasi-məişət məsələləri zəminində qarşıdurmalar yaşanır. SİTAT: "Bu istefa gözlənilən idi. Qurultaydan sonra Arif Hacılının formalaşdırdığı rəhbərlik, idarəetmə fəlsəfəsi partiyanı bu hala gətirməli idi. Hətta bundan da ağır olacağı proqnozlaşdırılır. Çünki rəhbərlikdə təmsil olunanların əksəriyyətinin idarəçilik təcrübəsi yoxdur. Partiyanı tanımırlar. Bu günə qədər əksəriyyət partiya rəhbərliyində təmsil olunmayıblar. Bu vəzifəyə birdən-birə gətiriliblər".
Keçmiş müsavatçıya görə, A.Hacılının müavin təyin etdiyi şəxslər təsadüfi vəzifəyə gələnlərdir: "Onların heç birinin arasında siyasi münasibətlər zəminində fikir birliyi, ortaq mövqe olmayıb. Birdən-birə oturdulublar ora, partiyanı idarə etməyə çalışırlar. Amma bu adamların düşüncə tərzi eyni deyil. Arif Hacılı ilə Divanda təmsil olunan insanlar dünənə qədər əks mövqedə idilər. Qurultayda bəziləri məcburiyyətdən Arif Hacılını dəstəklədilər. Hacılı da mükafat kimi onları rəhbərliyə gətirdi".
Onlar bundan daha ağır vəziyyətin olacağına əmindirlər
"Təcrübəsizlik, partiyanı tanımamaq, siyasi situasiyanı dəyərləndirə bilməmək ucbatından bu şəxslər indi partiyanı belə hala salıblar"-deyə qeyd edən Abbaslı hesab edir ki, o, Müsavat partiyasında daha ağır vəziyyətlərin baş alıb-gedəcəyindən əmindir: "Bundan daha ağır vəziyyətin olacağına əminəm. Sadəcə, partiyanın sıravi üzvlərinə ürəyim ağrıyır. Onlar illərini partiyaya həsr ediblər. Ancaq rəhbərliyin səriştəsizliyi ucbatından partiya bərbad hala düşüb. Rəhbərlikdə təmsil olunanların 90 faizinin alt qurumlarda, rayon təşkilatlarında heç bir nüfuzu yoxdur. Onlar qəbul olunmurlar. Bu da partiyanı zəiflədir. Acınacaqlı günlər hələ qabaqdadır".
Ancaq daha bir nüans 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağldır. Çünki partiyanın kuluarlarında gəzən söz-söhbətlər də belə deməyə kifayət qədər zəmin yaradır. Xüsusilə, sabiq başqan İsa Qəmbərin rəhbərlik etdiyi MSDM-in noyabrın 21-də keçirilən tədbirindən sonra baş qaldıran fikir ayrılıqları vəziyyətin mürəkkəbliyindən xəbər verir. Belə ki, həmin tədbirdə İ.Qəmbər 2018-ci il seçkisində Müsavatın namizədi olacağını bəyan edib. Həmin qərar isə bir çox müsavatçılarınmaraqları kontekstində deyil. Yəni yenilik axtarışına çıxan müxaliflər İ.Qəmbərin dəfələrlə namizəd olub, seçkidə uduzduğunu əsas gətirərək bu qərara qarşı çıxıblar. Onlardan biri də istefa verən başqan müavini E.Fəttah olub. O cümlədən, E.Fəttah açıq şəkildə deyib ki, İ.Qəmbərin seçkiyə qatılacağı təqdirdə məğlub olacağı indidən bəllidir və o bunu irad tutaraq gənc namizədlərə üstünlük verilməsini təklif edib. Nəticədə onun təklifi Hacılı klanı tərəfindənrədd edilib. Bundan sonra isə qarşıdurmalar yaşanıb, hətta illər öncə olduğu kimi, əlbəyaxa savaş da baş verib.
Yarıtmaz siyasətin yarıtmaz da nəticələri olur
Sonda isə xatırlatmaq olardı ki, A.Hacılının İ.Qəmbərin dirijor çubuğu sayəsində yarıtmaz siyasətinə qarşı çıxan başqan müavini yalnız E.Fəttah deyil. Onlardan biri də Tofiq Yaqubludur. AXCP sədri Əli Kərimliyə yaxınlığa isə diqqət çəkən T.Yaqublunun da yaxın günlərdə vəzifəsindən istefa verməsi gözlənilir.Bu məsələdə digər istefanın T.Yaqublunun yaxın qohumu, Müsavatın Divan üzvü Alya Yaqublunun da adının ön sıralarda getdiyi deyilir. Bütün bunlar isə bilavasitə İ.Qəmbərin siyasi ambisiyalarının məntiqi nəticələridir ki, A.Hacılı həmin ambisiyaların güdazına həm özünü, həm də partiyanı qurban vermək zorunda qalıb. Hər halda, yarıtmaz siyasətin yarıtmaz da nəticələri olur.
Rövşən Rəsulov
Sia.az