Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltdi və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür.
19 Dekabr 2017 14:21 SiyasətDeputat: "Ölkəmiz xarici siyasətə açıqdır, milli maraqlarımıza cavab verən istənilən təşəbbüsü dəstəkləməyə hazırdır"
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltdi və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi etdi. Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini hələ ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir. İnamla deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəltmişdir.Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani misal ola bilər. Azərbaycan balanslı diplomatiya ilə dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Respublikamız Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.
Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib ki, Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sisteminin müstəqil və suveren aktoru kimi, regionda və ətraf coğrafiyada baş verən proseslərdə xüsusi çəkiyə və mühüm rola malikdir: "Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən-ilə möhkəmlənir, ölkəmizin regional liderliyi dünya tərəfindən açıq etiraf olunur. Hesab edirəm ki, 2017-ci ildə də xarici siyasətdə Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əsaslı uğurlar qazanılıb. Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli, həm də çoxşaxəli əlaqələr fonunda mühüm əməkdaşlıq münasibətləri qura bilib". Millət vəkili vurğulayıb ki, 2017-ci il də Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri, bir çox dövlət və hökumət başçılarının ölkəmizə səfərləri və aparılan ikitərəfli danışıqlar, dövlət başçıları arasında strateji əməkdaşlığa dair sənədlərin imzalanması ilə xarakterik olub: "Eyni zamanda, Azərbaycanın dövlət başçısı bir çox beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycanın siyasətini, əldə etdiyimiz uğurları, Dağlıq Qarabağ problemini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb". S.Qafarovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi xarici siyasət kursunun nəticəsi olaraq bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkə kimi qəbul olunur: "Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə bərabərhüquqlu, qaşılıqlı maraqlara söykənən uğurlu əməkdaşlıq əlaqələri qurub". Sahibə Qafarova deyib ki, Azərbaycanın xarici siyasəti açıqdır, ölkəmiz milli maraqlarımıza cavab verən, xoşməramlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır: "Azərbaycan dövlətinin qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri şübhəsiz ki, xarici siyasətlə daxili siyasətinin bir-birini uğurla tamamlamasıdır. Ölkə daxilində iqtisadi, sosial, siyasi, humanitar və digər bütün sektorlar üzrə qazanılan nailiyyətlərin xarici siyasətdə də ardıcıllıqla davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kursun nə qədər əhəmiyyətli və praqmatik olduğunu göstərir. Azərbaycan bu gün sabir, dinamik inkişaf edən, dünyada sülh və təhlükəsizliyə, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqa mühüm töfhələr verən, müstəqil xarici siyasət həyata keçirən, bir çox mühüm beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən dövlət kimi özünü təsdiq edib. Təkcə 2017-ci ildə ölkəmizdə beynəlxalq humanitar forumlar, iqtisadi, siyasi mövzuda konfranslar, idman sahəsində mühüm yarışlar, İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunaraq bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi. İlin mühüm hadisələri sırasında Cocuq Mərcanlı kəndinin bərpası və böyük qayıdışın başlaması da xüsusi yer tutur".
Nurlan