Rusiyadan təhlükəli və qeyri-obyektiv yanaşma

Rusiya Federasiyasının prezidenti Vladimir Putin artıq bir neçə ildir ki, bir ənənəyə imza atıb. Belə ki. Kreml rəhbəri hər il kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə geniş formatda mətbuat konfransı keçirir.

Ukrayna hakimiyyəti Donbasın liderləriylə dialoq qurmalıdır

Elxan Şahinoğlu: "Belə çıxır ki, Vladimir Putin Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır"

Rusiya Federasiyasının prezidenti Vladimir Putin artıq bir neçə ildir ki, bir ənənəyə imza atıb. Belə ki. Kreml rəhbəri hər il kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə geniş formatda mətbuat konfransı keçirir. Mətbuat konfransında təkc yerli deyil, eləcə də Rusiyada akkreditasiya olunmuş xarici ölkələrin media təmsilçiləri də iştirak edir. Bu günlərdə Rusiya prezidenti yenə də media nümayəndələrini başına yığaraq belə bir mətbuat konfransı keçirdi. Adətən Kreml rəhbərinin keçirdiyi mətbuat konfranslarında verdiyi açıqlamalar, bəyanatlar bir müddət həm yerli, həm də xarici KİV-lərdə geniş müzakirə edilərdi. Amma bu dəfəki mətbuat konfransı tamamilə fərqli oldu. Daha dəqiq desək bu dəfə Kreml rəhbəri media nümayəndələrini, eləcə də onların timsalında dünya ölkələri, ən başlıcası Rusiyanın rəqiblərini düşündürəcək yadda qalan nəsə söyləmədi. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir: "Rusiya prezidenti Vladimir Putin ildə bir dəfə geniş mətbuat konfransı keçirir. Putin bu yolla mətbuata və ictimaiyyətə açıq olduğunu sübut etməyə çalışır. Vladimir Putin növbəti geniş mətbuat konfransını dekabrın 14-də keçirdi. Həmişəki kimi zalda Rusiyadan və xarici ölkələrdən mindən çox jurnalist iştirak edirdi.Budəfəki mətbuat konfransı maraqsız idi. Bunu qeyri-rəsmi söhbətlərdə zalı tərk edən jurnalistlərin əksəriyyəti etiraf edib. Kreml rəhbəri həmin mətbuat konfransında yeni heç nə demədi. Rusiya prezidenti faktiki ötən il eyni mətbuat konfransında dediklərini təkrarladı. Doğrudur, müxalif fikirli bir neçə jurnalistin sualına şərait yaradıldı, ancaq ya prezidentin cavabları tam olmadı, ya da onların səsini yaltaq suallar hesabına boğdu. Məsələn, Vladimir Putin ukraynalı jurnalistin Rusiyanın Donbass separatçılarına verdiyi dəstəklə bağlı sərt sualına cavab vermədən əvvəl hakimiyyətin nəzarəti altında olan "RİA-Novosti" agentliyinin sualını eşitmək istədi. Kreml rəhbəri ikisinə eyni zamanda verdiyi cavabda yenə bütün günahı Ukrayna hakimiyyətinin üzərinə yıxdı və yenidən keçmişdə Ukrayna adlı dövlətin olmadığına eyham vurdu. Onun bu fikirlərində də yeni heç nə yox idi". Elxan Şahinoğlu deyib ki, mətbuat konfransında iştirak edən jurnalistərdən birinin "Atlas" Araşdırmalar Mərkəzinə verdiyi məlumata görə, bir xeyli jurnalist Vladimir Putinə Qüds ətrafında yaranmış vəziyyətlə bağlı sual vermək istəyib. Ancaq Putin bu mövzuda heç bir sualı cavablamayıb: "Vladimir Putin Qüds məsələsində ehtiyatlı mövqeyini qoruyur. Mətbuat konfransında diqqəti çəkən digər məqamlardan biri erməni jurnalistlərin çoxluğu idi. Ancaq onlar da Rusiya prezidentinə sual verə bilmədilər. Görünür, Ermənistanın Avropa İttifaqı ilə imzaladığı saziş Rusiyanın hakimiyyət dairələrində birmənalı qarşılanmayıb. Halbuki, Moskva İrəvanın Brüssellə saziş imzalamasına etiraz etməmişdi. Buna baxmayaraq, saziş imzalandıqdan sonra Rusiya hakimiyyətinin nəzarətində olan televiziya kanalları Ermənistan sərt tənqid etdilər, bu ölkənin Avrasiya İqtisadi Birliyinin üzvü olmasına rəğmən, Avropa İttifaqı ilə saziş imzalamasının yanlış olduğunu bildirdilər". Politoloq deyib ki, Vladimir Putin mətbuat konfransında söylədiyi fikirləri belə qruplaşdırmaq olar: "Birincisi, Vladimir Putinin sözlərindən anlaşıldı ki, Donbass separatçılarına dəstək davam edəcək. Putinin bu fikri diqqət çəkdi: "Ukrayna hakimiyyəti Donbasın liderləriylə dialoq qurmalıdır. Dünyanın heç bir münaqişəsi qarşıduran tərəflərin dialoqu olmadan həll olunmur". Bu cavabla Kreml rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını da müəyyənləşdirmək olar. Belə çıxır ki, Vladimir Putin Qarabağ münaqişəsinin həllində də rəsmi Bakının məhz Qarabağdakı separatçılarla dialoqunu vacib sayır. Halbuki, əgər Donbass separatçılarının arxasında Rusiya dayanırsa, Qarabağ separatçılarının da arxasında Ermənistan dayanır. Necə ki, Ukrayna hakimiyyəti bu faktora görə Donbass separatçıları ilə dialoq aparmır, eləcə də Azərbaycan hakimiyyəti Qarabağ separatçılarının kənardan idarə olduğunu bildirirvə bu səbəbdən onlarla müzakirələr aparmır. İkincisi, Vladimir Putin dedi ki, müxtəlif mövzularda Birləşmiş Ştatlarla dialoqu genişləndirməyə hazırdır, ancaq Vaşinqton vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Vaşinqtonun mövqeyi bəllidir. Rusiya Krımdan imtina edəcəyi halda Rusiya ilə genişmiqyaslı dialoq bərpa olunacaq. Putun Krımdan imtina etməyəcək. Bu isə o deməkdir ki, Putinin Vaşinqtonla arzuladığı dialoq baş tutmayacaq. Üçüncüsü, Putin yenə də Rusiya iqtisadiyyatının inkişaf etdiyini, sosial durumun yaxşılaşdığını bildirdi. Halbuki, jurnalistlərin suallarından da aydın idi ki, Rusiya iqtisadiyyatında, bank sistemində və sosial həyatında hələ xeyli problem var". Politoloq onu da diqqətə çatdırıb ki, Vladimir Putin mətbuat konfransında bircə dəfə aqressivlik nümayiş etdirdi: "Ona Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili haqqında sual verildikdə Vladimir Putin onun ünvanına sərt ifadələr işlətdi.Kreml rəhbəri Mixail Saakaşvilini şəxsi düşməni hesab edir. Ancaq Vladimir Putinin bu fikirlərində də yeni heç nə yox idi. Rusiya prezidenti əvvəlki mətbuat konfranslarında da Mixail Saakaşvili haqqında ən sərt ifadələr işlətmişdi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31