Azərbaycan beynəlxalq hüquq və prinsipləri üstün tutur
Bu gün dünyanın bir nömrəli müzakirə mövzusu Qüdsdür desək yanılmarıq. Birləşmiş Ştatlar prezidentinin bir neçə gün əvvəl Qüdslə bağlı verdiyi açıqlama Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində yenidən gərginliyi artırdı. Uzun müddət bölgədə hökm sürən nisbi sabitliyi indi yenə silah səsləri, silahlı qarşıdurma əvəzləyib. Hazırda Qəzza bölgəsi 10-15 il əvvəli xatırladır. Problemin getdikcə ciddiləşməsi müsəlman ölkələrinin Birləşmiş Ştatlara qarşı koalisiya formalaşdırmasına yol açıb.
14 Dekabr 2017 14:14 SiyasətRəsmi Bakı bütün mübahisəli məsələlərdə sülh və sabitlik tərəfdarıdır
Bu gün dünyanın bir nömrəli müzakirə mövzusu Qüdsdür desək yanılmarıq. Birləşmiş Ştatlar prezidentinin bir neçə gün əvvəl Qüdslə bağlı verdiyi açıqlama Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində yenidən gərginliyi artırdı. Uzun müddət bölgədə hökm sürən nisbi sabitliyi indi yenə silah səsləri, silahlı qarşıdurma əvəzləyib. Hazırda Qəzza bölgəsi 10-15 il əvvəli xatırladır. Problemin getdikcə ciddiləşməsi müsəlman ölkələrinin Birləşmiş Ştatlara qarşı koalisiya formalaşdırmasına yol açıb. Hər halda ötən gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin dövlət başçılarının Qüdslə bağlı keçirdiyi zirvə görüşü belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sözügedən zirvə görüşündə iştirak edərək çıxışında rəsmi Bakının sözügedən problemlə bağlı mövqeyini İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Azərbaycanın haqlı mövqeyi ondan ibarətdir ki, problem sülh yolu ilə həllini tapmalıdır. İƏT-in İstanbul zirvə görüşündən sonra təşkilata üzv ölkələrin Birləşmiş Ştatlara qarşı hansı addımlar atacağı barədə müxtəlif mövqelər ortaya qoyulur, proqnozlar səsləndirilir. Bəs görəsən İslam ölkələri Birləşmiş Ştatlara qarşı hansı mümkün addımları ata bilərlər? "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı İstanbulda keçirilən zirvə görüşü barədə fikirlərini bölüşüb. O, bildirib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq aləmdə şok effekti yaratdı. Onun sözlərinə görə, həmin qərara ən kəskin reaksiya verənlərdən biri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan oldu: "Türkiyə İslam Əməkdaşlıq Təşkilatının hazırki sədri olduğundan Qüdslə bağlı təcili İstanbulda zirvə toplantısı çağırdı.Toplantıya Misir prezidenti və Səudiyyə Ərəbistanı kralı qatılmamışdı. Bunun iki səbəbi var idi.Birincisi, Misir və Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı münasibətlərdə soyuqluq var. Rəcəb Tayyib Ərdoğan Misirdə prezident Sisinin hakimiyyətə çevriliş yolu ilə gəlməsini tənqid etmişdi, Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı mübahisədə isə Ankara Dohanın tərəfini tutmuşdu. İkincisi, Misir və Səudiyyə Ərəbistanı fələstinlilərə dəstək vermələrinə baxmayaraq, Birləşmiş Ştatlarla sıx münasibətləri var. Ona görə də Misir və Səudiyyə Ərəbistanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trampa qarşı platformasında yer almaq istəmədilər". Mərkəz rəhbərinin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan İstanbul konfransında ilk dəfəydi ki, Donald Trampı kəskin tənqid edirdi: "Türkiyə prezidenti yekun mətbuat konfransında Trampın adını bir neçə dəfə çəkərək onun Qüdsü İsrailin paytaxt kimi tanımasını sərt tənqid etdi. Birləşmiş Ştatlar-Türkiyə münasibətləri buna qədər də soyuq idi. Ancaq Türkiyə prezidenti Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstəyə və Fətullah Güləni Türkiyəyə esktradisiya etmədiyinə görə tənqid etsə də, Donald Trampın adını çəkməzdi. Ağ Ev rəhbərinin Qüds qərarından sonra Rəcəb Tayyib Ərdoğan artıq Birləşmiş Ştatlar prezidentinin də adını mənfi mənada çəkməyə başladı. Türkiyə prezidenti Donald Trampa müraciət edərək Qüdslə bağlı qərarını dəyişməyə çağırdı. Ancaq Birləşmiş Ştatlar prezidenti geri addım atmayacaq, bu Vaşinqtonun prestijinə zərbə olardı. Bundan sonra Trampla Ərdoğan arasında münasibətlər də gərgin olacaq, onların yaxın zamanlarda görüşməsi ehtimalı azalıb". Politoloq deyib ki, Azərbaycan prezidenti İlham Əliyev də İslam Əməkdaşlıq Təşkilatının toplantısına qatıldı: "İlham Əliyev çıxışında Qüdsün İsrailin paytaxt kimi tanımasını yanlış qərar adlandırdı. Buna baxmayaraq, rəsmi Bakı Ankara kimi İsrailə qarşı sərt mövqedən çıxış etmək istəmir. Çünki İsrail Azərbaycana silah satan iki əsas ölkədən biridir. Azərbaycan bu bazarı itirmək istəmir. Üstəlik İsrail neftə olan tələbatının 40 faizini Azərbaycan nefti hesabına təmin edir. Rəsmi Bakının mövqeyi belədir ki, BMT-nin İsrail-Fələstin münaqişəsiylə bağlı qətnamələri yerinə yetirilməlidir. Ancaq rəsmi Bakı İsraillə əlaqələrin kəsilməsi çağırışına qoşulmayacaq. Digər tərəfdən İstanbulda Qüdslə bağlı toplantının keçirilməsi Azərbaycanın siyasi dairələrində və cəmiyətində belə bir sualı da aktuallaşdırdı: Qüdslə bağlı xüsusi toplantı keçirib Fələsitini dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı BMT qətnamələrini yerinə yetirməyən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıyla bağlı da xüsusi bir toplantı keçirə bilərmi? İsrail Fələstinlə bağlı, Ermənistan isə Qarabağla bağlı BMT qətnamələrini yerinə yetirmir. Heç bir fərq yoxdur. Təsadüfi deyil ki, prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbul toplantısındakı çıxışında bir fikrini yenə təkrarladı: "Məscidləri dağıdan Ermənistan müsəlman dövlətlərinin dostu ola bilməz". Reallıqda isə müsəlman dövlətlərinin Ermənistanda səfirlikləri də var, müsəlman torpaqlarını işğal edən dövlətlə əməkdaşlıq da edirlər. Bu ikili standartlardır". Politoloq deyir ki, dünyada və müsəlman ölkələri arasında ikili standrtlar mövcud olduğuna görə də Azərbaycan bir neçə müsəlman ölkəsinin istəyi ilə İsraillə əməkdaşlığına son qoymayacaq: "Digər tərəfdən heç müsəlman ölkələrinin özləri arasında həmrəylik yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasnda münasibətlərdə gərginlik hökm sürür, bir sıra müsəlman ölkəsində məzhəb müharibələri davam edir. Ona görə də müsəlman ölkələri arasında fərqli maraqlar mövcuddur. Yekunda bu fərqli maraqlar islam aləminin Birləşmiş Ştatlara və İsrailə qarşı vahid cəbhə yaratmasına mane olur".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı çağırdığı konfransa Səudiyyə Ərəbistanının yüksək səviyyədə qatılmaması, bu ölkənin İsrail və Birləşmiş Ştatların birgə mövqeyini bölüşdyünün göstəricisidir. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan da öz növbəsində İslam Əməkdaşlıq Təşkilatının üzv ölklərinin Ermənistanın işğalçı siyasətinə qarşı belə bir konfrans çağırmalıdır: "İslam ölkləri başda Səudiyyə Ərəbistanı olmaqla Azərbaycana dəstək verəcək. Qüdslə bağlı İstanbula gedən İran prezidenti Həsən Ruhani isə, Ermənistana qarşı belə bir konfransa qatılmaz. Burada İran Ermənistanla həmrəylik nümayiş etdirər. İran və Səudiyyə Ərəbistanının siyasətinə fikir versək, iki ölkə müsəlman ölkəsidir, İslam liderliyinə iddia edirlər. Səudiyyə Ərəbistanı Qüds məsələsində İsrailin, İran isə Qarabağ məsələsində Ermənistanın yanındadır. Səudiyyə Ərəbistanı isə, Ermənistanın işğalçı siyasətinə qarşı Azərbaycanın yanındadır". Politoloq deyib ki, Azərbaycan Qüds konfransında iştirak etməklə, bir daha İslam dünyasının bir parçası olduğunu göstərdi: "Baxmayaraq ki, İsraillə sıx hərbi-siyasi əlaqələrə malikdir. Yenə də beynəlxaq hüququn yanında yer aldı. İran təkcə Fələstin məsələsində deyil, Qarabağ problemində obyektiv siyasət ortaya qoyub, Ermənistana sanksiyalar tətbiq etməlidir".
Süleyman