Müsəlman ölkələri İstanbulda Qüds həmrəyliyi nümayiş etdirdi
Bir neçə gün əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi açıqlama İslam coğrafiyasında şpk effekti yaratmaqla yanaşı, müsəlman ölkələrini Vaşinqtona qarşı səfərbər olmağa sövq etdi. Qısa sürən müzakirələrdən sonra Trampın Qüds qərarına etiraz olaraq müsəlman ölkələri Türkiyədə Islam Əməkdaşlıq Təşkilatı çərçivəsində İstanbulda bir araya gəldi.
13 Dekabr 2017 16:30 Siyasətİlham Əliyev: "Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"
Bir neçə gün əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi açıqlama İslam coğrafiyasında şpk effekti yaratmaqla yanaşı, müsəlman ölkələrini Vaşinqtona qarşı səfərbər olmağa sövq etdi. Qısa sürən müzakirələrdən sonra Trampın Qüds qərarına etiraz olaraq müsəlman ölkələri Türkiyədə Islam Əməkdaşlıq Təşkilatı çərçivəsində İstanbulda bir araya gəldi. Amma onu da qeyd etmək yerinə düşər ki, İstanbul sammiti heç də bütün İslam coğrafiyasını özündə birləşdirə bilmədi. Belə ki, təşkilatın Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında 48 ölkə iştirak edib. Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunub. Təşkilatın müşahidəçi statusundakı üzvləri Rusiya və Çin də İstanbulda sammitinə diplomatik səviyyədə nümayəndələrini göndərib. Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, ümumilikdə, 9 islam ölkəsi isə görüşə qatılmaqla bağlı heç bir açıqlama verməyiblər.
Tədirə "Quran" oxunması ilə başlanıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.
Sammitdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, üç mədəniyyətin mərkəzi olan Qüdsün tarixi və hüquqi statusuna təcavüz edildiyini bilirik. Ərdoğan Qüdsü İsrailin paytaxtı kimi tanımayan və Birləşmiş Ştatlar prezidenti Donald Trampın bununla bağlı qərarını dəstəkləməyən dövlətlərə təşəkkür edib: "Bu qərarın hüquqi qüvvəsi olmadığını bildirmişik. Bu, sülh istəyən fələstinlilərin cəzalandırılması deməkdir". Türkiyə prezidenti 1947-ci ildən indiyədək Fələstin ərazisinin kiçildiyini əks etdirən xəritəni nümayiş etdirib və deyib ki, əvvəllər İsrailin ərazisi nə böyüklükdə idisə, indi Fələstinin ərazisi o boyda olub. Türkiyə prezidenti Fələstində Qüds qərarına etiraz edən fələstinlilərə edilən təzyiqlərdən də söz açıb. Suriyanın şimalına Birləşmiş Ştatların 4 min TIR silah göndərdiyini söyləyən Rəcəb Tayyib Ərdoğan bu ölkədə bir terror təşkilatının başqa bir terror təşkilatı tərəfindən məhv edilməsi cəhdini kəskin tənqid edib: " Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Donald Trampdır. "Mən etdim, oldu" deməklə bu dünyada heç nə olmur. Dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz". Türkiyə dövlət başçısı onu da qeyd edib ki, Birləşmiş Ştatlarin bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb: "Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir. Bu məsələ, sülh hər kəsimdən, hər inancdan olan insanların birgə səyi ilə həll olunacaq. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik. Artıq gecikə bilmərik. Qüds bizim qırmızı xəttimizdir"
Sammitdə çıxış edən Fələstin lideri Mahmud Abbas isə qeyd edib ki, Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Həmin məsələdə də ən böyük dəstəkçi Birləşmiş. Ştatlar idi. Fələstin lideri deyib ki, bu gün də Birləşmi. Ştatlar prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir: "Həmişə Birləşmiş Ştatların yanında olduğunu gördüyümüz Kanada, Böyük Britaniya və Avstraliya da bu dəfə haqsız qərarla əlaqədar ABŞ-ın yanında deyillər.Bu gün ABŞ Fələstin torpaqları üzərindən İsrailə jest edir. Ancaq bu addımın sülhə, barışa xidmət etmədiyini də görürük. Bu gün bütün müsəlmanların, xristianların, bütün xalqların dəstəyini qazanaraq ABŞ-ın bu addımına qarşı çıxmaq üçün bura toplaşmışıq. Qüds əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacaq. O, Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil". Mahmud Abbas bütün İslam ölkələrinə, xüsusən Türkiyəyə Fələstinə dəstək verdiyi üçün təşəkkür edib: "İslam liderlərinin timsalında bütün dünyaya səslənmək istəyirəm. Biz bu böyük qəsdə, təhlükəyə qarşı bu sammitdə qəti qərar qəbul etməli, bütün müsəlmanlar və xristianların müqəddəs məkanlarının qorunması üçün bu addımı atmalıyıq. Fələstinin müstəqil dövlət kimi meydana çıxmasına çalışmalıyıq. Fələstin xalqı və Aksa məscidi ətrafında növbə tutan qardaşlarımızı, Qüdsdə yaşayıb, qanunsuzluq və zülmlərə məruz qalan insanlarımızı salamlamaq istəyirəm. Qüdsdə fələstinlilərin torpaq və evləri alınır, zorla iş yeri bağlanır, böyük vergi yükü qoyulur. Aksa məscidində ibadətimizə böyük maneə törədirlər. Qüdsdə, qədim şəhərdə yaşayan bütün müsəlman və xristianları salamlayıram. Qüdsün kənarında olan insanları da salamlayıram. Biz sizinlə birgə Qüdsü qoruyacağıq. Biz Fələstinin paytaxtı olan Qüdsü müdafiə etməyə davam edəcəyik. Müstəqilliyimizə nail olana qədər bu mübarizəmizi dayandırmayacağıq". Mahmud Abbas qeyd edib ki, Donald Trampın Birləşmiş Ştatlar səfirliyini Qüdsə köçürmək qərarı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır: "BMTqərarına əsasən ABŞ da daxil olmaqla, heç bir ölkənin səfirliyini Qüdsə köçürməsi mümkün deyil. Bütün xalqları Fələstin mübarizəsinə dəstək verməyə çağırırıq. ABŞ bizimlə birgə sülh üçün çalışdığı bir zamanda son addımı ilə bizə yüz ilin silləsini vurdu. Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Bununla, ABŞ vasitəçilik missiyasını itirib. Bundan sonra gələcəkdə də ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək. Bu barədə qərar qəbul etmişik. Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. ABŞ-ın təktərəfli addımı radikal qruplarla radikal olmayan qruplara təsir edəcək, toqquşmalara yol açacaq. Dünyada din savaşından xeyir görən kimdir? Terror təşkilatlarını ortaya çıxaran və onlardan faydalanan kimdir? Mən bu sualı burada verirəm. ABŞ-ın bu qərarından geri addım atmasını gözləyirik". Fələstin lideri həmçinin təklif edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Birləşmiş Ştatlarla münasibətlərini yenidən müəyyənləşdirməlidir. O, deyib ki, Avropa İttifaqı İsrailin işğal etdiyi ərazilərdə istehsal olunan məhsulların satın alınmasına qadağa qoyub: "Bu qərar tam icra olunmur. İƏT də belə qərar qəbul edə bilər. Fələstin hakimiyyəti ABŞ konsulluğu ilə əlaqələri dayandırıb. Bu, çətin addımdır və müsəlman ölkələri də belə addım ata bilər. Dünya dövlətlərini İsrail dövlətini tanımaq barədə qərarlarını ləğv etməyə də çağırıram. İsrail qurulduqdan sonrakı dövrdə BMT-nin heç bir qərarını yerinə yetirməyib. İsrail BMT qərarlarını yerinə yetirmək şərti ilə bu quruma qəbul olunub, ancaq BMT-nin heç bir qərarını yerinə yetirməyib". Mahmud Abbas çıxışında iki dövlətli həll variantına tərəfdar olduqlarını nəzərə çatdırıb: "Dünyada Fələstini tanıyan dövlətlərin sayı İsraili tanıyan dövlətlərin sayından çoxdur. ABŞ veto qoysa da, biz BMT-yə üzv olmaq üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik. İsraillə aramızda dostluq anlaşması var, İsrail buna riayət etməzsə, biz də bu sazişi nəzərə almayacağıq. Biz işğal altındayıq, İsrailə deyəcəyik ki, işğal altında olduğumuz üçün kanalizasiya, digər infrastruktur layihələri yerinə yetirsin. 1 milyard dollar büdcəyə malik bir dərnək yaradılarsa, Qüdsdə gənclərin təhsillərinə davam etdirməsinə nail ola bilərik".
Zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Ankaranın İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür. Dövlət başçısı bildirib ki, Amerika Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradıb. İlham Əliyev deyib ki, bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər: "Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır". Prezident İlham Əliyev deyib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: "Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılıb. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək "İslam Həmrəyliyi İli"nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır. Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz". Dövlət başçısı qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: "Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Məhəmməd