Ermənilərin daha bir məğlubiyyəti

Beynəlxalq təşkilatlarda təmsil olnunan erməni rəsmilərinin öz xalqını aldatma ənənəsi davamlı xarakteri alıb. Hətta bu ənənə prezident səviyyəsində də müşahidə olunmaqdadır. Vaxtilə Kazan danışıqlarının sirrini açan prezident Serj Sərkisyan bu yaxınlarda Vyana danışıqlarının da təfərrüatlarını açıqlayaraq erməni xalqını aldatmış oldu. Artıq bu ənənə erməni deputatlarına da sirayət edib.

Eldar Quliyev: "İşğalçı dövlətin iqtidarı öz xalqını aldadır"

Beynəlxalq təşkilatlarda təmsil olnunan erməni rəsmilərinin öz xalqını aldatma ənənəsi davamlı xarakteri alıb. Hətta bu ənənə prezident səviyyəsində də müşahidə olunmaqdadır. Vaxtilə Kazan danışıqlarının sirrini açan prezident Serj Sərkisyan bu yaxınlarda Vyana danışıqlarının da təfərrüatlarını açıqlayaraq erməni xalqını aldatmış oldu. Artıq bu ənənə erməni deputatlarına da sirayət edib. Belə ki, bir müddət gün öncə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Kiyevdə keçirilən 50-ci sessiyasında ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı kimi məsələləri özündə əks etdirən Bəyannamə qəbul edilib. Erməni deputatlar Bəyannaməyə etiraz əlaməti olaraq toplantını tərk ediblər. Onlar Ermənistana geri döndükdən sonra məsələni fərqli şəkildə mətbuata təqdim ediblər. Bəs əslində toplantıda nə baş verib? Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, hər zaman Ermənistan siyasi rəhbərliyinin, deputatlarının yalan danışdıqlarının şahidi olmuşuq. Ermənistanın QDİƏT PA-dakı nümayəndə heyətinin üzvlərinin geri döndükdən sonra mətbuata verdikləri açıqlamalar da bu sıradandır. Bu Bəyannamənin layihəsini Rostov şəhərində hazırlamağa başlamışdıq. Bundan əvvəl də iyul ayında QDİƏT PA-nın İstanbulda keçirilən 49-cu sessiyasında bunun başlanıcı olan Bəyannamə qəbul edilmişdi. İndiki Bəyannamədə qeyd olunur ki, bir dövlətin digərinin ərazi bütövlüyünü pozması yolverilməzdir. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsız azad etməsi üçün 4 qətnaməsi var. Bu qətnamələrdə də qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalı, zəbt edilmiş torpaqlar qeyd-şərtsiz azad edilməli, dinc əhali doğma yurduna qayıtmalıdır. AŞ PA, ATƏT PA, İslam Ölkələri Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlyü ilə bağlı sənədlər qəbul edib: "Bizim indi QDİƏT PA-da qəbul etdiyimiz Bəyannamə bir növ bu qətnamələrin davamıdır. İndi gələk erməni deputatların dediklərinə, öz ölkələrində verdikləri yalan informasiyalara. Əgər həqiqətən bu məsələnin Qarabağa aidiyyatı yox idisə, niyə erməni deputatlar etiraz əlaməti olaraq iclas zalını tərk etdilər? Niyə iclasda iştirak etmədilər? Bəyannamə səsə qoyulmazdan əvvəl adəti üzrə nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər təklifi edilə bilər. Bu dəfə də Ermənistan nümayəndə heyəti tərəfindən 3 əlavə təklif edildi. Bizim nümayəndə heyəti isə 1 təklif verdi. Təklifimiz Ukrayna nümayəndə heyəti ilə razılaşdırılaraq, bizim adımızdan deyil, ev sahibi Ukrayna nümayəndə heyəti tərəfindən təqdim olundu. Daha sonra isə əlavələr səsə qoyuldu. Ermənistanın 3 təklifi QDİƏT PA-ya üzv ölkələrin nümayəndə heyətləri tərəfindən qəbul edilmədi. Bizim təklifimiz toplantıda iştirak edən nümayəndə heyətləri tərəfindən yekdilliklə qəbul edildi. Beləliklə, Bəyamnamə bizim əlavələrlə qəbul olunaraq, qüvvəyə mindi". Onun sözlərinə görə, erməni deputatların bu Bəyannaməni Rusiyaya aid etmələri də özünü aldatmaqdan başqa bir şey deyil: "Onlar yenə Ermənistan vətəndaşlarına yalan danışırlar. Guya bu Bəyannamə Rusiyaya aiddir, Qarabağa aid deyil, bu, bütövlükdə yalandır. Niyə o zaman iclası tərk etdilər? Bilirsiniz, bütün beynəlxalq təşkilatlarda olduğu kimi, QDİƏT PA-da da erməni deputatlara etimad ilbəil azalır. Çünki onlar hər zaman yalanlar danışırlar, məkirli siyasət yeridirlər. Rusiya bizimlə tərəfdaş ölkədir. Bu gün 2 milyona yaxın azərbaycanlı Rusiyada yaşayır. Azərbaycanda isə rus millətindən olan 400 mindən çox insan yaşayır. Bizim Rusiya ilə normal qonşuluq münasibətlərimiz var. Dövlət səviyyəsində də Rusiya ilə dostluq münasibəti qurmuşuq. Bir neçə gün öncə bir sorğu keçirilib, məlum olub ki, dünyada rusların Rusiyadan başqa ən sakit, rahat yaşadığı ölkə Azərbaycandır. Görünür ermənilər bundan çox narahatdılar. Ona görə də bu fikirlər ermənilərin uydurduğu yalandır. Ermənistan hakimiyyəti həmişəki kimi yenə də öz xalqını aldatmaqla məşğuldur. Bir daha xatırladım ki, bu məsələ erməni deputatları narahat etməsəydi, onlar zalı tərk etməzdilər. Bu əlavənin qəbul edilməsi onları o qədər narahat etdi ki, hətta QDİƏT PA-nın mədəniyyət, siyasi, iqtisadiyyat komitələrinin iclaslarında da iştirak etmədilər". E.Quliyev bildirib ki, Parlament Assambleyasının reqlamentinə əsasən, hər bir dövlətin nümayəndə heyəti öz təkliflərini təqdim edə bilər: "Biz orada qeyd etdik ki, QDİƏT-ə üzv olan ölkələr biri-birinin torpağını zəbt edə bilməzlər. Zəbt edibsə, həmin torpaqları geri qaytarmalıdır. Bildirdik ki, erməni deputatlar özləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Onlar bizim irəli sürdüyümüz əlavəni oxuyan kimi bütün nümayəndə heyəti ilə zalı tərk etdilər və bir daha geri qayıtmadılar. Assambleyada iştirak edən dövlətlərin nümayəndələri bizim təqdim etdiyimiz sənədin lehinə oldular və Bəyannamə qəbul edildi. Mən təxminən 2 ildir ki QDİƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri olaraq iştirak edirəm. Qətiyyətlə deyə bilərəm ki, keçirdiyimiz toplantının heç birində ermənilərin qaldırdığı məsələ qəbul edilməyib. Qurumun üzvü olan digər ölkələrin nümayəndələri də bunu bilir. Dəfələrlə bəyan etmişik ki, Ermənistan Qarabağda ancaq vandalizmlə məşğuldur. Bizim tarixi abidələrimizi dağıdırlar. Ermənistan rəhbərliyi isə bütün hallarda qeyri-konstruktiv mövqe nümayiş etdirir. Azərbaycanın mövqeyi isə həmişə dəyişməz olub, belə də olacaq". Onun sözlərinə görə, belə bir sənədin qəbulu Azərbaycan nümayəndə heyətinin uğuru idi: "Bu, bütün nümayəndə heyətinin uğuru idi. Təklif məndən olub. Hər birimizin istəyi odur ki, tez bir zamanda Qarabağ problemi həll olunsun. Ancaq Ermənistan "Böyük Ermənistan" yaratmaq xülyasındadır, hələ də bundan əl çəkməyiblər. Qətiyyətlə deyə bilərəm ki, artıq bütün dünyada Ermənistanın iç üzü açılmaqdadır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31