Roma papasından daha çox katolik olmağa çalışanlar
Artıq uzun illərdir ki, Azərbaycana qarşı şər üçbucağının formalaşdığının şahidinə çevrilməkdəyik. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, bu üçbucağın tərəflərindən birini Ermənistan, digərini Rusiya təşkil edirsə, üçüncü tərəfdə isə bir qayda olaraq Almaniya yer alır.
4 Dekabr 2017 14:34 SiyasətYaxud Azərbaycana ermənilərdən daha artıq zərbə vuran "azərbaycanlılar"
Artıq uzun illərdir ki, Azərbaycana qarşı şər üçbucağının formalaşdığının şahidinə çevrilməkdəyik. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, bu üçbucağın tərəflərindən birini Ermənistan, digərini Rusiya təşkil edirsə, üçüncü tərəfdə isə bir qayda olaraq Almaniya yer alır. Arada olan fərq isə ondan ibarətdir ki, Ermənistan həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə Azərbaycana qarşı kəskin mübarizə aparıb Bakıya hər sahədə zərbə vurmağa çalışsa da, digər iki istiqamətdən ölkəmizə qarşı daha çox qeyri-rəsmi formada mübarizə aparılır. Və digər iki istiqamət üzrə Azərbaycana qarşı olan "hərəkətlilik" və təxribatçı fəaliyyətdə nə qədər təəssüfedici olsa da, adıçəkilən ölkələrdə yaşayan soydaşlarımız daha "aktiv oyunçu" qismində çıxış edirlər. Bu gün Almaniyadan Azərbaycana qarşı yürüdülən "fəaliyyətlərə" nəzər yetirdikdə aydın şəkildə onu müşahidə edirik ki, həmin fəaliyyətlərin İrəvandan Bakıya istiqamətlənmiş məkirli planlardan, qarayaxma kampaniyası, Azərbaycana hansı yolla olursa-olsun zərbə vurmaq cəhdlərindən heç bir fərqi yoxdur. Və sanki hər iki cəbhəyə sifariş bir mərkəzdən verilir. Sadəcə həmin fəaliyyətlərin icraçıları fərqli-fərqli insanlardır. Sual ola bilər ki, Almaniyada Azərbaycan əleyhinə kampaniya aparan, ölkəmizin imicinə zərbə dəyməsi, onun nüfuzuna xələl gəlməsi üçün dəridən-qabıqdan çıxanlar kimlərdir? Bu suala cavab tapmaq üçün sadəcə sosial şəbəkələrə qısa bir nəzər yetirmək kifayətdir. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, Almaniyada ölkəmiz əleyhinə çirkin kampaniya aparanlar, onun nüfuzuna xələl gəlməsinə çalışanlar bir vaxtlar Azərbaycanda yaşamış, radikal müxalifət düşərgəsinə xüsusi simpatiyası olan, Azərbaycanda olarkən radikalların təşkil etdikləri aksiyaların əsas iştirakçısına çevrilən şəxslərdir. Sonradan müxtəlif adlar altında Almaniyada özlərinə sığınacaq tapan həmin "siyasi fəalllar" indi də öz çirkin fəaliyyətlərini orada davam etdirirlər. Belə "həmvətənlərimizdən" biri də Pərvin İsmayılovdur. Pərvin İsmayılovun Almaniyadakı antiAzərbaycan fəaliyyətini izlədikdə onun "Roma Papasından daha çox katolik" misalına uyğun olaraq ölkəmizə qarşı ermənidən daha artıq düşmən münasibəti sərgilədiyini aydın şəkildə görürük. "Facebook" sosial şəbəkəsindəki fəaliyyətini kin, küdurət, qərəz hissi ilə sırf Azərbaycana, bir vaxtlar anadan olduğu, böyüyüb boya-başa çatdığı doğma Vətəninə qarşı yönəldən Pərvin İsmayılov eyni zamanda Almaniyada ölkəmizlə bağlı görülən müsbətyönümlü işlərə kölgə salmaq, haqq işimiz uğrunda aparılan mübarizəyə zərbə vurmaq kimi dövlətçilik əleyhinə fəaliyyətlərlə də məşğuldur. Elə Pərvin İsmayılovun bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüsselə səfəri zamanı Belçika daxil olmaqla, Avropa ölkələrində yaşayan soydaşlarımızın Ermənistanın işğalçılıq siyasəti əleyhinə keçirdiyi aksiyanı aşağılamağa çalışan videopaylaşımı da məhz bu məqsədə xidmət edirdi.
Qeyd etdiyimiz kimi Pərvin İsmayılov "Roma Papasından daha çox katolik" olmaq prinsipindən çıxış edərək Azərbaycana ermənidən daha artıq zərbə vurmağa çalışır. Belə ki, o, Almaniyanın müxtəlif şəhərlərində, xüsusilə də yaşadığı Aschaffenburg şəhərində yerli almanlar, eləcə də şəhərin qonaqları arasında belə bir təbliğat aparır ki, guya Azərbaycanda insan hüquq və azadlıqları pozulur, insanlar siyasi baxışları, ortaya qoyduqları mövqe, səsləndirdikləri müstəqil fikirlərə görə təqib olunurlar. Həmçinin, Pərvin İsmayılov Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına dair şəxsi mülahizələri əsasında hazırladığı vərəqələri almanlara və xarici qonaqlara paylamaqla xaricdə Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışır. Avropadakı erməni lobbisi, elə Almaniyanın özündə yaşayan ermənilər Azərbaycan əleyhinə belə bir qərəzli, əsassız fəaliyyəti həyata keçirməyə cürət etmədiyi halda, Pərvin İsmayılov bundan çəkinmir, öz antiAzərbaycan fəaliyyəti ilə açıq-aşkar erməni dəyirmanına su tökür.
Pərvin İsmayılovun Almaniyada Azərbaycan əleyhinə yürütdüyü "siyasi məhbuslara" dəstək kampaniyası bir növ erməni lobbisinin Qərbdə, Avropada müntəzəm olaraq apardığı dilənçilik kampaniyasına bənzəyir. Belə ki, adını çəkdiyimiz ölkədə qapı-qapı düşüb pul yığan Pərvin İsmayılov toplanan vəsaitin Azərbaycanda "siyasi məhbus" kimi qələmə verdiyi şəxslərin ailələrinə göndərildiyini iddia edir. Amma həmin vəsaitin də nəzərdə tutulan şəxslərə çatıb-çatmadığı barədə müəmmalar qalmaqdadır. Hətta Azərbaycandakı "siyasi məhbus" ailələri üçün toplanan vəsaitin müəyyən bir hissəsinin Pərvin İsmayılov və digərlərinin Almaniyaya mühacirət etməsində "əməyi" keçmiş şəxslərin cibinə yönəldiyi də ehtimal olunur. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, erməni lobbisinin də dilənçilik yolu ilə il ərzində bir neçə dəfə Ermənistan dövlətinin dirçəlişi üçün topladığı milyonlarla dollar vəsaitin İrəvanın mərkəzi hakimiyyəti tərərindən mənimsənildiyi barədə zaman-zaman iddialar ortaya atılıb.
Almaniyada Azərbaycan əleyhinə keçirilən aksiyaların əsas iştirakçılarından biri kimi tanınan Pərvin İsmayılov həftə ərzində daha bir "uğura" imza atmağı qarşıya məqsəd qoyub. Məlumata görə, dövlətçilik əleyhinə fəaliyyəti ilə alışıb-yanan Pərvin İsmayılov dekabrın 9-da Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı aksiya keçirməyi nəzərdə tutub. Almanyanın Aschaffenburg şəhərində keçiriləcək aksiyaya özü kimi vətən xainlərini cəlb etmək üçün Pərvin İsmayılov artıq xeyli müddətdir ki, "gərgin" iş şəraitində çalışır. Belə ki, o, Bakıdakı radikallara xas olaraq 9 dekabr aksiyasına adam cəlb etmək üçün yaşadığı şəhərdə və ətrafda çağırış vərəqələri yayır.
Qeyd edək ki, Pərvin İsmayılov Almaniyada başlamış olduğu antiAzərbaycan fəaliyyətini Avropanın digər şəhərlərində də davam etdirməyi qarşıya məqsəd qoyub.
Almaniyada antiAzərbaycan fəaliyyəti ilə seçilən, bu sahədə "ad" çıxaran "siyasi fəallardan" biri də Roman Məmmədovdur. Roman Məmmədov da Almaniyaya müxtəlif adlar altında üz tutan şəxslərdəndir. O, "facebook" qəhrəmanı kimi tanınmaqla yanaşı, Almaniyada Azərbaycan əleyhinə fərdi qaydada aksiyalar keçirməklə də "məşhurlaşıb". İctimai nəqliyyat, avtobus və metrolarda, sərnişin qatarlarında veyil-veyil gəzən Roman Məmmədov Azərbaycan əleyhinə şüarları ilə diqqət çəkir. Bir qayda olaraq onun ictimai nəqliyyatda nümayiş etdirdiyi şüarlarda Azərbaycanda insan haqlarının pozulduğu iddia olunur.
Necə ki, radikallar uzun illərdir Azərbaycan xalqını aldatmaq, ona yalan danışmaqla məşğuldur, eyni ilə də Roman Məmmədov alman cəmiyyətini aldadır, onları özünün cəfəng, qərəzli fikirlərinə şərik etməyə çalışır. Bir vaxtlar Azərbaycanda "Obyektiv" TV-də işləyən Roman Məmmədov görünür hələ də obyektivliyin nədən ibarət olduğunu anlaya bilməyib. Əgər belə olmasaydı, bu günün özündə də adını çəkdiyimiz "siyasi fəal" Mehman Əliyevi siyasi məhbus kimi alman cəmiyyətinə təqdim etməyə çalışmazdı. Hər kəsə məlumdur ki, cari ilin sentyabr ayında Mehman Əliyev məhkəmənin apardığı araşdırmalar əsasında həbsdən azad edilib. Bu hadisənin üzərindən artıq bir neçə ay keçsə də, lakin hələ də Mehman Əliyev Roman Məmmədov tərəfindən Almaniyada siyasi məhbus kimi qələmə verilir. Yaxud dövlətçilik əleyhinə fəaliyyəti ilə seçilən, Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa çalışan Taleh Bağırzayə də eynilə "siyasi məhbus" adı verilir. Və bununla Roman Məmmədov, Pərvin İsmayılov kimi "fəallar" alman cəmiyyətini də aldatmış, onları öz yalanlarına alət etmiş olurlar.
Bütün bunların əyani şahidinə çevrildikdən sonra ümid etmək olar ki, artıq Almaniyanın müvafiq dairələri azərbaycanlı "siyasi fəalların" bu ölkədə oynadıqları oyunu pozmağa cəhd göstərəcək və bundan sonra alman cəmiyyətinin aldadılmasına imkan verməyəcəklər. Nəticə etibarı ilə, ölkəmiz əleyhinə Almaniyada formalaşmış antiAzərbaycan şəbəkə zərərsizləşdiriləcək.
Süleyman