ABŞ prezidenti 3 anti-müsəlman motivli videonu Twitter səhifəsindəki şəxsi @realdonaldtrump hesabında paylaşıb.
Milli.Az Voice of America-ya istinadən bildirir ki, Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakkabi Sanders Amerikanın Səsinin bu tvitlərin həqiqiliyi barədə sualını cavablandırmayıb.
Bu postu ilk olaraq Britaniyanın ifrat sağçı "Əvvəlcə Britaniya" partiyası sədrinin müavini Jayda Fransen paylaşıb.

Videoların üzərində bu sözlər yazılıb: "İslamçı qanqster yeniyetmə oğlanı ölənədək döyür", "Müsəlmanlar Məryəm ananın heykəlini dağıdır" və "Müsəlman miqrant qoltuq ağacında olan holland oğlanı döyür"
Amerika-İslam Əlaqələri Şurası Trampın əməlini Amerika müsəlmanlarına qarşı zorakılıqların təbliği kimi qiymətləndirib.
Müsəlmanların vətəndaş hüquqlarının müdafiəsi qrupu qanunvericilər və dini liderləri prezidentin əməlini pisləməyə çağırıb.
Prezidentin videonu paylaşması ətrafında internetdə mübahisələr yaranıb. Britaniyalı jurnalist Pyers Morqan prezidenti dayanmağa çağırıb.

"Sabahınız xeyir, cənab prezident @realDonaldTrump, iyrənc bir şəkildə ifrat sağçı ekstremistlərin təsdiqini tapmamış videolarını neçə paylaşa bilirsiniz? Xahiş edirəm, son qoyub, tvitlərinizi geri çəkin!" Morqan yazıb.
Prezidentlik kampaniyası dönəmində Tramp müntəzəm olaraq müsəlmanların ölkəyə girişinə məhdudiyyətlər qoyulmasına çağırmışdı. Onun prezident olaraq ilk addımlarından biri bəzi müsəlman çoxluqlu ölkələrdən müsafirlərin Birləşmiş Ştatlara girişini qadağan edən sərəncama imza atması olub.
Britaniya baş naziri Tereza Meyin ofisi ABŞ prezidenti Donald Trampın Twitter profilində paylaşılmış videolarla bağlı məsələni şərh edib.
"Prezident Trampın sağçı qrup tərəfindən paylaşılmış videoları retvit etməsi yanlış hərəkət idi", rəsmi məlumatda deyilir.
BBC bildirir ki, ABŞ prezidenti Donald Trampın Twitter hesabından britaniyalı ifrat sağçı qrupunun qızışdırıcı anti-müsəlman videoları paylaşılıb.
Prezident Trampın paylaşdığı ilk tvit "Britain First" ("Öncə Britaniya") radikal neonasist və şovinist qrupunun sədr müavini Jayda Fransenə məxsusdur. Bu videoda müsəlman kimi təqdim olunan bir gənc əlilliyi olan bir kişini döyür.
Bundan sonra, o, J.Fransenin iddiasına görə müsəlman olan şəxsləri təsvir edən iki başqa videonu paylaşıb.
"Britain First" qrupu ifrat sağçı Britaniya Milli Partiyasının (British National Party, BNP) keçmiş üzvləri tərəfindən 2011-ci ildə təsis edilib.
Bu qrup sosial şəbəkələrdə "Britaniyanını İslamlaşdığını" iddia edərək paylaşımlar dərc edir.
"Britain First" qrupunun İslama və müsəlmanlara nifrət aşılayan, anti-immiqrant və anti-abort siyasətini təbliğ edən namizədləri Britaniya seçkilərində iştirak edib, lakin indiyədək heç bir qələbə əldə edə bilməyiblər.
J.Fransenin Twitter-də 52 min izləyicisi var.
Prezidentin Trampın hesabının onun tvitlərini paylaşdıqdan sonra J.Fransen Twitter-də yazıb: "Donald Trampın özü bu videoları paylaşıb və onun təxminən 44 milyon izləyicisi var! Allah səni qorusun Trump! Allah Amerikanı qorusun!"
London civarında yaşayan Fransen bu ayın əvvəlində Şimali İrlandiyanın Belfast şəhərində söylədiyi nitqdə "hədə dolu və təhqiramiz" ifadələrə yol verib. O, 2016-cı ildə hicab geymiş müsəlman qadını təhqir etdiyinə görə məhkum edilmişdi.
Bütün bunlarla yanaşı, Jayda Fransenin yaydığı videolardan biri ilə bağlı Hollandiyanın Daxili İşlər Nazirliyi rəsmi açıqlama verib.
Holland polislərin dediklərinə görə, "müsəlman"ın əlil oğlanı döyməsinin əks olunduğu iddia edilən video saxtadır. J.Fransen bu videonun Hollandiyada çəkildiyini yazmışdı.
"Videoda əlil uşağa hücum edən şəxs müsəlman miqrant yox, Hollandiya vətəndaşıdır. Video 6 ay əvvəl Amsterdamdan 15 kilometr şimaldakı Monnikendamda çəkilib. Əlil uşağı vuran da hollandiyalı müsəlman yox, xristiandır", - Hollandiya DİN-nin açıqlamasında deyilir.

