Prezident Tərtər və Ağcabədi rayonlarına səfər edib
Noyabrın 28-də Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib.
28 Noyabr 2017 16:30 SiyasətDövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib
Noyabrın 28-də Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib. Sonra Prezident İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, muzey 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Prezident Tərtərə səfəri çərçivəsində Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışında da iştirak edib. "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib. Dövlət başçısı Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına məlumat verilib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir. Tərtərə səfəri çərçivəsində Prezident İlham Əliyev rayonda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə də tanış olub.
Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr hava elektrik və 465 kilometr qaz xətləri çəkilib.
Prezident İlham Əliyev Tərtər rayonuna səfərini başa vurduqdan sonra Ağcabədi rayonuna gedib. Dövlət başçısı Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub. Prezidentə məlumat verilib ki, muzeyin sərgi zalında ümumilikdə üç bölmə yaradılıb. Burada Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur.
Dövlət başçısı Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında da iştirak edib. Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış olub. Diqqətə çatdırılıb ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Dövlət başçısının rayona səfəri çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.
Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verib. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. İlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışda da iştirak edib
Məhəmməd