Avropada Azərbaycanın diplomatik uğuru

Ötən həftə Azərbaycan xarici siyasət sahəsində daha bir neçə nəticəli addımlar ataraq diplomatik uğurlar əldə etdi. Söhbət Brüsseldə keçirilən NATO-nun Şimali Atlantika Şurasının iclası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindən gedir. Hər iki mühüm əhəmiyyətli toplantıda işitrak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışları zamanı iştirakçıların əsas diqqətini regiondakı münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə yönəldərək rəsmi Bakının problemin həlli ilə bağlı prinsipial mövqeyini bir daha açıq şəkildə bəyan edib.

NATO və Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ

Ötən həftə Azərbaycan xarici siyasət sahəsində daha bir neçə nəticəli addımlar ataraq diplomatik uğurlar əldə etdi. Söhbət Brüsseldə keçirilən NATO-nun Şimali Atlantika Şurasının iclası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindən gedir. Hər iki mühüm əhəmiyyətli toplantıda işitrak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışları zamanı iştirakçıların əsas diqqətini regiondakı münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə yönəldərək rəsmi Bakının problemin həlli ilə bağlı prinsipial mövqeyini bir daha açıq şəkildə bəyan edib. Həm NATO, həm də Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən tədbirdə birmənalı olaraq regionla münaqişələrin həlli vacibliyi vurğulanıb. Xüsusilə, qeyd edilməli məqam ondan ibarətdir münaqişələrin həlli məsələsində ölkələrin ərazi bütövlüyünün vacibliyi önə çəkilib. Bu baxımdan Avropa İttifaqının Şərq Tərəfaşlığı sammitində qəbul edilən bəyannamə də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib. Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb

İstər NATO-da keçirilən yüksəksəviyyəli görüş, istərsə də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən bıəyannamə birmənalı olaraq Azərbaycan diplomatiyasının daha bir uğuru kimi qiymətləndirilir.

Millət vəkili Eldəniz Səlimov deyib ki, Azərbaycan Prezidenti  cənab İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında, həmçinin, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinin plenar sessiyasında, sammit çərçivəsində baş tutan Zirvə görüşündə iştirakı ölkəmizin milli və dövlətçilik maraqları baxımdan çox mühüm siyasi və tarixi hadisədir. Onun sözlərinə görə, İlham Əliyevin adıçəkilən nüfuzlu, dünya siyasətinə önəmli təsirləri olan qurumların toplantılarına dəvət edilməsi və oradakı iştirakı ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzundan, çəkisindən, söz sahibi olmasından xəbər verir: "Bu, hər birimizi sevindirir, fərəhləndirir. Bu, Azərbaycanın, dünya siyasətinin mahir bilicilərindən olan ölkə Prezidenti cənab İlham Əliyevin növbəti uğurudur". Eldəniz Səlimov deyib ki, Azərbaycanla NATO, o cümlədən, zaman-zaman müəyyən gərginliklər yaşanmasına baxmayaraq,  Avropa İttifaqı arasında səmimi və işgüzar münasibətlər mövcuddur: "Xüsusilə,  Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi  sözügedən qurumda Azərbaycan haqqında oturuşmuş, müsbət bir imic formalaşdırıb. Onlar da  artıq anlayırlar və belə hesab edirlər ki, Azərbaycanla münasibətlər çox yüksək səviyyədə qalmalıdır. Münasibətlərin yüksək səviyyədə olmas isə Azərbaycana lazım olduğu kimi, onlara da çox lazımlıdır və əhəmiyyətlidir. Bildiyiniz kimi, Azərbaycan onunla zor, təhdid, təzyiq dilində danışılmasını sevmir və birmənalı olaraq, qəbul etmir. Azərbaycan ona səmimi olanla daim əməkdaşlığa, tərəşdaşlığa açıqdır və bu yöndə də siyasətini yürüdür. Çox sevindirici haldır ki, bu, NATO-da da qəbul olunub və bu baxımdan hesab edirəm ki,  dövlət başçımızın NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı, adıçəkilən qurumun baş katibi ilə görüşü, birgə bəyanatı Azərbaycan-NATO münasibətlərində yeni səhifənin açılmasından, yeni uğurlu mərhələyə start verilməsindən xəbər verir. Bundan hər iki tərəfin qazanacağı da şübhəsizdir". Millət vəkili Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşünün yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə müsbət münasibətin ortaya qoyulmasını əhəmiyyətli və təqdirəlayiq hal kimi dəyərləndirib: "Prezident İlham Əiyevin Avropa İttifaqı ilə apardığı danışıqlar, yürütdüyü siyasət və bütövlükdə Azərbaycanın Avropa İttifaqı ilə apardığı siyasət nəticəsini verdi. Bu qurum ölkəmizin ərazi bütövlüyünə müsbət münasibətini sərgilədi. Bu da olduqca vacib məqamlardan biridir. Yəni, qəbul edilən yekun sənəd Azərbaycanın maraqlarına uyğundur və beynəlxalq hüquq normalarına söykənən bir sənəddir.  Mövqeyimi də son olaraq Prezidentimizin bu fikirləri yekinlaşdırmaq istəyirəm: Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində qəbul edilən bəyannamə Azərbaycan üçün əhəmiyyətlidir: "Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etdi. İlham Əliyev ayrıca, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdü. Tərəflər Azərbaycan NATO arasındakı əməkdaşlığın uğurla davam etdiyini bildirdilər. İlham Əliyev NATO baş katibini Azərbaycana rəsmi səfərə dəvət etdi. Bu səfər və Brüsseldə aparılan danışıqlar göstərir ki, rəsmi Bakı NATO ilə əməkdaşlığı davam etdirəcək. NATO standartları Azərbaycan ordusu üçün çox vacibdir. Ilham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının 5-ci sammitində də iştirak etdi. Ermənistan prezidenti sammitdə Avropa İttifaqı ilə əməkdaşlıq sazişini imzaladı. Rəsmi Bakı ilə Brüssel arasında sazişin mətni isə hələ hazırlıq mərhələsindədir və gələn ilin ortalarına qədər imzalanması planlaşdırılır. Bakı və Brüssel tələsmirlər. Əsas odur ki, imzalanacaq saziş keyfiyyətli olsun. Atalarımız demişkən, "gec olsun, güc olsun". Ancaq istəyimiz odur ki, həqiqətən güc olsun, saziş Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiyanı gücləndirsin. Bu inteqrasiya bizə çox lazımdır. Bütün hallarda Avropa İttifaqı üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır. Məsələn sammitdə Avropa İttifaqı ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalanması müsbət haldır. Şərq Tərəfdaşlıq Proqramı sammitində qəbul olunan yekun bəyanat Azərbaycanın xeyrinə idi. Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini açıqladı. Bundan başqa sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər və sammit iştirakçılarını regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırdılar. Ancaq onu da unutmayaq ki, belə sənədlərin sayı həddən artıq çoxdur, hamısı da faktiki xeyrimizədir, ancaq münaqişə yerində sayır".

Cənubi Qafqazda Sülhy və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, "Şərq Tərəfdaşlığına" daxil olan Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan Avropa İttifaqının xarici siyasətində əsas prioritet ölkələrdir. Onun sözlərinə görə, Avropa Ittifaqı çalışır ki, bu ölkələri öz siyasi-iqtisadi orbitinə daxil etməklə, demokratik, hüquqi cəmiyyət firmalaşdırsın. Həmçinin Rusiyanın bu ölklər üzərində təsirini zəiflətsin: "Qeyd edim ki, Azərbaycan və Belarus istisna olmaqla, digər ölkələr İttifaqla çərçivə sazişi bağlayıb. Ermənistan Avropa İttifaqı ilə çərçivə sazişini bağladı. Azərbaycan gələn il İttifaqla çərçivə sazişini balayacağını qeyd edir". Məhəmməd Əsədullazadə bildirib ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığının" yekun bəyannaməsində ölkələrin ərazi bütövlüyü və suverenliyiin toxunulmazlığı vurğulanması, bir başa Azərbaycanın milli maraqlarına uyğundur: "Ümumiyyətlə Avropa İttifaqına siyasi-iqtisadi inteqrasiya etmək, ölkənin ümumi gələcək perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir. İlk əvvəl ölkəmizin müstəqilliyi möhkəmlənər, qeyri-müəyyən siyasətə son qoyular. Xüsusilə Rusiya ilə məsafəli siyasət saxlamaqla, Avrointeqrasiya siyasətini sürətlə davam etdirmək günün ən başlıca səbəbidir. Regionda çox ciddi siyasi kataklizmlər yaşanır. Rusiyanın ölkəmizə Qarabağ münaqişəsinin üzərindən təzyiqləri durmadan davam edir. Bu təzyiqlər qarşısında Azərbaycana mütləq dəstək verən qüvvəyə ehtiyac var. Hazırda Azərbaycana Qarabağ konflikti üzrə real dəstək verən güc yoxdur. Ölkəmiz Avropa İttifaqının yanında yer alarsa, bu dəstək verilə bilər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31