“Ərazi bütövlüyü məsələsi Azərbaycanın uğurudur”
“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində bütün ölkələrin ərazi bütövlüyünun tanınması məsələsinin öz əksini tapması Azərbaycanın uğuru idi. Çünki, keçmiş sammitdə bu məsələ gərginlik yaratdığı üçün Azərbaycan bəyənnaməyə imza atmamışdı”. Bunu politoloq Fikrət Sadıqov bildirib.
27 Noyabr 2017 13:14 Siyasət"Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsində bütün ölkələrin ərazi bütövlüyünun tanınması məsələsinin öz əksini tapması Azərbaycanın uğuru idi. Çünki, keçmiş sammitdə bu məsələ gərginlik yaratdığı üçün Azərbaycan bəyənnaməyə imza atmamışdı". Bunu politoloq Fikrət Sadıqov bildirib.
Azərbaycan-Avropa İttifaqı arasında ikitərəfli sənədin imzalanmadığını xatırladan politoloq söyləyib ki, buna səbəb həmin sənəddə Azərbaycanı qane etməyən məqamların olması idi: "Lakin Sammitin yekun bəyənnaməsində bütün məsələlər öz əksini tapdı. Bu da təbii ki, Azərbaycanın təkidi ilə həyata keçirildi. O ki qaldı ikitərəfli sazişə, bu sənəd mütləq imzalanacaq. Lakin bu, Azərbaycanın istədiyi formatda olacaq".
Yekun bəyənnamədə ərazi bütövlüyü ilə bağlı məsələnin Ermənistan tərəfindən narahatlıq doğurduğunu dilə gətirən F. Sadıqov söyləyib ki, artıq düşmən tərəf çıxılmaz vəziyyətdə olduğunu baş düşüb: "Ermənistan anlayır ki, əgər onlar bu bəyənnaməyə imza atmasalar, o zaman ikitərəfli sazişə də imza atmamalıdırlar. Bu da nəticə etibarı ilə Ermənistanın özünə zidd hərəkətdir. Bu baxımdan düşmən ölkə məcburiyyət qarşısında qalaraq sənədə imza atmış oldu".
Politoloq söyləyib ki, yekun sənəd Azərbaycanın maraqlarına tam şəkildə cavab verir.
Yekun Bəyənnamədə ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi məsələsinə toxunan F. Sadıqov vurğulayıb ki, vasitəçilər bundan nəticə çıxarmalıdırlar: " İlk dəfədir ki, yekun bəyənnamədə ATƏT-in Minsk Qrupunun adı çəkilmir. Çox güman ki, bu, Avropa İttifaqının məsələ ilə daha ciddi şəkildə məşğul olması deməkdir. Aİ-nin ATƏT-in MQ-nu uzaqlaşdırmaq niyyətində olduğunu düşünmürəm. Çünki, ATƏT də Avropanın təşkilatlarından biridir və bu təşkilatda da Aİ-yə daxil olan ölkələr təmsil olunur. Lakin hər kəs anlayır ki, ATƏT-in MQ-nun fəaliyyyəti fəaliyyətsizliyə bərabərdir. Çünki, uzun illərdir ki, onların fəaliyyəti heç bir nəticəyə malik deyil və hətta beynəlxalq hüquq normaları yerinə yetirilmir. Təşkilat indiyədək heç bir qətnaməni yerinə yetirə bilməyib və məsələyə biganəlik nümayiş etdirir. Belə olan halda vasitəçilər bundan nəticə çıxarmalıdırlar. Əgər Aİ kimi nüfuzlu bir təşkilat ATƏT-in adını çəkmir, inkar edirsə, bunun özü onların fəaliyyətinin yüksək təqdir olunmadığının göstəricisidir. Belə olan halda, ATƏT-in MQ-u fəaliyyətini gücləndirməli və problemin həlli istiqamətində ciddi addımlar atmalıdır". Sia.az