Prezident NATO-da Qarabağ problemini müzakirə etdi

Azərbaycanın xarici siyasətində yaxın-uzaq ölkələr, beynəlxalq təşkilat və qurumlarla münasibətləri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prioritet təşkil edir. Həm qarşılıq faydalı əməkdaşlıq münasibəti, həm də regionda mühüm yerə və rola malik olması öz növbəsində Azərbaycana da beynəlxalq marağı artırır. Təsadüfi deyil ki, ayrı-ayrı ölkə və təşkilatlar da öz növbəsində Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər.

İlham Əliyev: "Ermənistan status-kvonu uzun müddət saxlamaq istəyir"

Azərbaycanın xarici siyasətində yaxın-uzaq ölkələr, beynəlxalq təşkilat və qurumlarla münasibətləri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prioritet təşkil edir. Həm qarşılıq faydalı əməkdaşlıq münasibəti, həm də regionda mühüm yerə və rola malik olması öz növbəsində Azərbaycana da beynəlxalq marağı artırır. Təsadüfi deyil ki, ayrı-ayrı ölkə və təşkilatlar da öz növbəsində Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Bu baxımdan NATO ilə əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, Azərbaycan sözügedən Hərbi Alyansla əməkdaşlığa müstəqillik illərindən sonra başlayıb. Ötən müddət ərzində qurulan yüksək səviyyəli əməkdaşlıq nəticəsində Azərbycan NATO-nun bir sıra qlobal miqyaslı layihələrində, eləcə də sülhyaratma missiyasında yaxından iştirak edib. Təsadüfi deyil ki, elə hərbi alyans rəhbərliyi də rəsmi Bakının bu mövqeyi və ortaya qoyduğu siyasi iradəni yüksək qiymətləndirilir. Və ötən gün həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlıqda yeni bir mərhələ açır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi alyansın Şimali Atlantika Şurasının iclasında iştirak məqsədilə Belçikaya etdiyi işgüzar səfər də ikitərəfli münasibətlərdə yeni bir mərhələ kimi dəyərləndirilə bilər. Onu da qeyd etmək yerinə düşər ki, səfər zamanı Azərbaycan dövlət başçısı Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə görüşüb. Görüşdə NATO ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də digər vacib məsələlər müzakirə olunub. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, hər bir xarici səfər, keçirilən görüşdə olduğu kimi bu dəfə də Azərbaycan dövlət başçısı NATO baş katibi ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ məsələsinə əsas diqqət çəkib. Qeyd edək ki, görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və NATO baş katibi mətbuata açıqlama ilə çıxış ediblər. Dövlət başçısı bildirib ki, Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var.  Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahına bir daha səfər etməkdən məmnun olduğunu bildirib və qeyd edib ki, Azərbaycanla NATO arasında mühüm əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı mövcuddur. Dövlət başçısı xatırladıb ki, Azərbaycan NATO-nun bir çox əməliyyatlarında iştirak edib və hazırda da Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir: "Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək üçün 94 azərbaycanlı hərbi qulluqçu NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və hava dəhlizləri təqdim edir". Azərbaycan Prezidenti NATO-nun baş katibi Yens Stoltenberqlə regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb. İlham Əliyev əlavə edib ki, regional təhlükəsizliyə ən böyük təhdid Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişədir: "Bizim ərazilərimiz işğal altında qalır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və təəssüf ki, vəziyyət dəyişmir". Prezident qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişdirilməli olduğu barədə bəyanatlarına baxmayaraq, Ermənistan status-kvonu uzun müddət saxlamaq istəyir. İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini də xatırladıb: "Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirmir". Dövlət başçısı bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır: "Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır". Prezident İlham Əliyev NATO-nun baş katibi ilə nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdiyini deyib: "Mən baş katibi məlumatlandırdım ki, Azərbaycan öz qonşuları ilə birgə Asiya ilə Avropa arasında ən qısa marşrut olacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini uğurla başa çatdırıb. Bundan başqa, bu marşrutla Əfqanıstana tədarüklər də daha sadə və effektiv olacaq". Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir. İlham Əliyev əlavə edib ki, bu onun NATO-nun mənzil-qərargahına altıncı səfəridir və bu da Azərbaycanla NATO arasında möhkəm əməkdaşlığı nümayiş etdirir: "Biz regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması məqsədilə tərəfdaşlığımızı davam etdirəcəyik"

Qeyd edək ki, Brüsselə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31