Brüssel forumu başa çatdı
Belçika Krallığının Brüssel şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumun ikinci panel iclası “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” mövzusuna həsr olunub.
21 Noyabr 2017 15:21 SiyasətBelçika Krallığının Brüssel şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumun ikinci panel iclası "Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr" mövzusuna həsr olunub. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, İsrailin fövqəladə və səlahiyyətli səfiri, "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti, siyasi şərhçi İosif Şaqalın moderatorluğu ilə keçirilən ikinci panel iclasda Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov çıxış edib. Səfir Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanmasının həlledici mərhələyə qədəm qoyduğunu bildirib. O deyib ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətinin yaxın vaxtlarda dəyişəcəyinin şahidi olacağıq. Əgər bir neçə il əvvəl Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə müəyyən qədər səhlənkar və soyuq münasibət göstərilirdisə, indi artıq çox şey dəyişib. Avropa İttifaqı indi birmənalı şəkildə başa düşür ki, separatizm onun özünə zərbə vura bilər və Kataloniya bunun bariz nümunəsidir.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer qeyd edib ki, demək olar bütün separatçı ocaqlar qeyri-legitim zor tətbiqinə və mərkəzdənqaçma qüvvələrinin birtərəfli olmasına söykənir. Məruzəçi həmçinin qeyd edib ki, Azərbaycan Avropa üçün əhəmiyyətlidir.
Bolqarıstan parlamentinin deputatı, Bolqarıstan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Stanislav Anastasov son illər ölkəsində bolqar müsəlmanların təqib edilməsi barədə söz açaraq etiraf edib ki, Bolqarıstan da vətəndaş müharibəsi ərəfəsində olub, amma buna yol verilməyib. O bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə icazəsiz getmiş bolqarıstanlı siyasətçi Semyonov da millətçi partiyanın üzvüdür və bu da təəccüblü deyil.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması, ATƏT-in Minsk qrupunun passiv mövqedə durması ilə bağlı təəssüfləndiyini bildirib.
Sonra çıxış edənlər separatizm problemlərinin ölkələr və xalqlar arasında münaqişəni necə gücləndirdiyi barədə fikirlərini söyləyib, problemlərdən çıxış yolları haqqında tezislərini səsləndiriblər.
Forum çərçivəsində erməni separatizmindən bəhs edən videofilm təqdim olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında Ermənistanın nümayiş etdirdiyi destruktiv mövqedən danışıb. "Mən düşünürəm ki, bu, çox gözəl platformadır. Həm ekspertlərin burada separatizmlə bağlı çıxışları olacaq, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, bu problemlə əlaqədar danışıqlar prosesi müzakirə olunacaq. Onu da deyim ki, bu tədbir həm Azərbaycan, həm də dünya üçün çox önəmlidir".-deyə Arye Qut çıxışında bildirib.
İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh isə çıxışında Ermənistanın əleyhinə sərt danışıb. O, separatizmin dünyada kök salmasında beynəlxalq gücləri təqsirləndirib. İkili standartlardan danışan S.Efraim Dağlıq Qarabağ münaqişəsi barədə bildirib: "Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?" Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. "Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar."-deyə Efraim Sneh çıxışında bildirib. O həmçinin bildirib: "Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın. Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır".
Növbəti fasilədən sonra Akkan SUVERİN moderatorluğu ilə "Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə Avropadakı separatizm hərəkatının müqayisəli təhlili" mövzusunda üçüncü panel iclası keçirilib.
Bu paneldə Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, gənclər və idman komitəsinin üzvü Rövşən Rzyev Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı problemi onun üçün həm də şəxsi faciədir, çünki o, özü bu regiondandır və Dağlıq Qarabağ regionunda Azərbaycan icmasını təmsil edir. O bildirib ki, vaxtilə beynəlxalq birlik Dağlıq Qarabağın işğalına barmaqarası baxmasaydı, bu gün ola bilsin ki, nə Ukraynanın şərqində müharibə olardı və nə də Kataloniya separatizmi. Deputat, həmçinin Kataloniya və Qarabağ münaqişələrinin eyniləşdirilməsi ilə razılaşmadığını bildirərək qeyd edib: "Kataloniyada üçüncü tərəfin həyata keçirdiyi etnik təmizləmə, soyqırımı, güc və silah tətbiqi olmayıb. Azərbaycanın beynəlxalq birliyə inamı sarsılıb. Bu inam yalnız o zaman bərpa olacaq ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcək, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrin yerinə yetirilməsini təmin edəcəklər. Deputat bu yaxınlarda Tbilisidə başlanmış "Sülh platforması"nın işindən də məlumat verib.
Moldovanın sabiq ombudsmanı və parlament vəkili Aureliya Qriqoriu Dağlıq Qarabağa münasibətdə "münaqişə" terminini təkzib edib. O deyib: "Bu işğal, təcavüz nəticəsində etnik təmizləmədir. Ermənistanın indiki rəhbərləri Xocalıda azərbaycanlılara qarşı soyqırımında iştirak ediblər. Avropa İttifaqı isə münaqişənin həllini ATƏT-in fəaliyyətsiz Minsk qrupunun öhdəsinə buraxaraq dəvəquşu mövqeyi nümayiş etdirir". Tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram MARXULİYA separatizmi ermənilərin xisləti adlandırıb. O vurğulayıb ki, ermənilər harada peyda olublarsa orada dövlət yaratmağa çalışıblar.
Digər almaniyalı professor, Qarabağ haqqında bir çox kitabların müəllifi Yohannes Rau qeyd edib ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyinetmə hüququnu reallaşdırıblar. Bu gün ABŞ-da ermənilər Dağlıq Qarabağdakından çoxdur. Məntiqlə, onlar orada da dövlət yaratmalıdırlar. Gücün cavab gücü doğurduğunu və bunun çox təhlükəli olduğunu vurğulayan alim bildirib: "Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən və digər bölgələrindən çıxmalıdır, ümumi amnistiya verilməli, əsirlər dəyişdirilməlidir, onda Azərbaycan Qarabağa muxtariyyət verə bilər. İstənilən halda beynəlxalq hüquq Azərbaycan tərəfindədir".
Çıxışlar dinlənildikdən sonra erməni separatizmindən bəhs edən İsrailin "İland TV" telekanalının redaktoru David Kohnun müəllifi olduğu "Qarabağ tələsi" kitabı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qutun 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən "Ağrı" kitabı və tarixçi-medievist, qafqazşünas Oleq Kuznetsovun "XX əsrdə transmilli ermәni terrorunun tarixi" kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib.
Süleyman