Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu başlayır
Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.
20 Noyabr 2017 14:32 SiyasətMüdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Belə ki, "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul edilirlər. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə başa vuran namizədlərlə 3 (üç) il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən sənədlərini təqdim etməlidirlər.
Məhkumluğu olan, əvvəllər bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş hərbi vəzifəlilərin "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul üçün müraciət etməmələri xahiş olunur. Müraciət etmə vaxtı dekabrın 11-dən yanvarın 4-dək davam edəcək.