17 noyabr Milli Dirçəliş Günüdür
1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı.Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.
17 Noyabr 2017 08:00 SiyasətBu tarix Azərbaycan xalqının dirçəlişi yolunda dönüş nöqtəsi olub
1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı.Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Ümumilikdə, XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata - milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".
1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi. Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Beləliklə, 1988-1991-ci illərin xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş vermişdir. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndərin Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunmuşdur. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulmuşdur. Nəhayət 1992-ci ildə 17 noyabr tarixi Milli Dirçəliş günü -elan olunmuşdur.
Zəka