Prezidentdən Qarabağ mesajı

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ölkə miqyasında təntənəli şəkildə qeyd edilir. Noyabrın 14-də isə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə mərasim təşkil olundu. Yubiley tədbirində çıxış edən dövlət başçısı bir sıra vacib məqamlara toxunaraq proqram xarakterli çıxış edib.

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur"

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ölkə miqyasında təntənəli şəkildə qeyd edilir. Noyabrın 14-də isə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə mərasim təşkil olundu. Yubiley tədbirində çıxış edən dövlət başçısı bir sıra vacib məqamlara toxunaraq proqram xarakterli çıxış edib. Prezident hər zaman olduğu kimi bu dəfə də Dağlıq Qarabağ problemi və onun həlli istiqamətində göstərilən cəhdlərə toxunaraq Azərbaycanın dəyişməz və pirnsipial mövqeyini dünyanın diqqətinə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir: "Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir". Dövlət başçısının söylədiyi bu fikirlər təkcə prezidentin şəxsi mövqeyi, yanaşması yox, həm də ölkənin hakim partiyası, ümumilikdə isə onu hakim partiyaya çevirən xalqın, Azərbaycan cəmiyyətinin mövqeyi idi. Bununla dövlət başçısı Ermənistana, ona havadarlıq edən bəzi xarici dairələrə, ümumilikdə dünya ictimaiyyətinə o mesajı vermiş oldu ki, nə qədər ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir, Bakının Qarabağ məsələsində mövqeyi dəyişməyəcək. Bu eyni zamanda Azərbaycanın dəyişməz mövqeyidir. Çünki Azərbaycan cəmiyyəti hər seçkidə Yeni Azərbaycan Partiyasına səs verərək onun hakim partiya olmasını dəstəkləyir. Ona görə də Prezident İlham Əliyevin Azərbaycan cəmiyyəti adından səsləndirmiş olduğu bu fikirlərdən nəticə çıxarmaq vacibdir. Çünki Prezident İlham Əliyevin açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır".

Dövlət başçısı hakim partiyanın yubiley toplantısındakı çıxışında diqqət çəkən digər bir məqam qarşıdakı hədəflərin, vəzifələrin müəyyən edilməsi ilə bağlı idi. Ölkənin iqtisadi yüksəlişi, siyasi sahədə inkişaf, məqsədyönlü islahatlarla yanaşı, yenə də əsas hədəf, qarşıya qoyulan vəzifə məhz Dağlıq Qarabağ probleminin həll edilməsinə nail olmaqdır. Prezident bununla bağlı fikirlərini belə ifadə edib: "Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylər bundan sonra da davam etdiriləcək". Ötən illər ərzində qarşıya qoyulan hədəflərin qısa müddətdə gerçəkləşməsi növbəti illər üçün nəzərdə tutulan vəzifələrin də tezliklə reallaşacağından xəbər verir. Bunu təsdiq edən amil isə dövlət başçısının cəmi 5 il əvvəl elə hakim partiyanın 20 illik yubileyində səsləndirdiyi prioritetlər və həmin prioritetlərin qısa zamanda reallaşmasıdır. Məlumat üçün qeyd edək ki, 5 il əvvəl, Yeni Azərbaycan Partiyasının 20 illik yubileyində Prezident İlham Əliyev qeyd etmişdi ki, yalnız üç ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Hazırda isə dövlət başçısının da dediyi kimi Xocalı soyqırımını tanıyan ölkələrin sayı 10-dan çoxdur: "Ona görə, bu istiqamətdə də ardıcıl siyasət aparılacaqdır".

Prezident İlham Əliyevin çıxışı zamanı diqqət çəkən başqa bir mühüm məqam ölkəmizin hərbi gücünün bundan sonra da artırılacağı ilə bağlı idi. Yəni, dövlət başçısı bununla Azərbaycanın hərbi gücünü artırmasından əsassız yerə əndişə keçirən bəlli dairələrə mesaj vermiş olurdu ki, sizin narahatçılığın heç bir əsası yoxdur və Bakı bu istiqamətdə başladığı işi ərazi bütövlüyümüz bərpa olunana qədər davam etdirəcək: "Biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir".

Dövlət başçısının hərbi sahəyə göstərilən diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrdə ruh yüksəkliyinin artdığını da vurğulayıb və bildirib ki, aprel döyüşləri bunu bir daha sübut etdi: "Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək".

Göründüyü kimi, Prezident İlham Əliyev qəti və net şəkildə Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin dəyişməyəcəyini bir daha işğalçı Ermənistana, onun havadarlarına, beynəlxalq ictimaiyyətə, dünya hirliyinə bəyan etdi. İndi, sırada həmin dairələrin bundan nəticə çıxarması və problemin ədalətli həllinə nail olmaqdır. Əks halda prezident İlham Əliyevin də deidyi kimi Azərbaycan dövləti və xalqı, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31