Azərbaycan dövlətçiliyinin qırmızı xətti

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlinə yönəlik təklif və təşəbbüslər problemin həllində heç də əhəmiyyətli rol oynaya bilməyib. Çox təəssüf ki, beynəlxalq birliklər münaqişənin ədalətli həllinə töhvələr vermək, təcavüzkar dövləti adı ilə çağırmaq əvəzinə, ölkəmizə qarşı təzyiq vasitələrindən istifadəyə çəhd edirlər. Lakin Azərbaycan dəflərlə bəyan edib ki, sözügedən münaqişənin yeganə həlli yolu ərazi bütövlüyünün bərpasından keçir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlinə yönəlik təklif və təşəbbüslər problemin həllində heç də əhəmiyyətli rol oynaya bilməyib. Çox təəssüf ki, beynəlxalq birliklər münaqişənin ədalətli həllinə töhvələr vermək, təcavüzkar dövləti adı ilə çağırmaq əvəzinə, ölkəmizə qarşı təzyiq vasitələrindən istifadəyə çəhd edirlər. Lakin Azərbaycan dəflərlə bəyan edib ki, sözügedən münaqişənin yeganə həlli yolu ərazi bütövlüyünün bərpasından keçir. Prezident lham Əliyev dünyanın ən mötəbər tribunalardan dəfələrlə diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün bərpasından başqa ədalətli həlli yolu yoxdur. Hazırda da Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqində bir daha mövqeyini açıqlayıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Bu il bunu təsdiqləyən növbəti hadisə baş vermişdir. Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir."
Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, Azərbaycan sülh yolu ilə erməni işğalı altındakı torpaqlarını azad etmək və ərazi bütövlüyünü, suverenliyini təmin etmək istəyir. Onun sözlərinə görə, Azərbaycanın öz torpaqlarını azad edəcəyinə heç kimin şübhəsi olmasın: "Azərbaycan buna nail olacaq. Sadəcə olaraq dövlətimiz istəyir ki, bunu danışıqlar və sülh yolu ilə etsin. Əgər bu mümkün olmazsa, Azərbaycanın qüdrətli ordusu var. Beynəlxalq təşkilatların və ekspertlərin qiymətləndirmələrinə görə də Azərbaycanın kifayət qədər güclü ordusu və texnikası var". Deputat qeyd edib ki, Azərbaycan öz Konstitusiyasına əsaslanaraq, torpaqlarını işğaldan azad edə bilər: "Buna bizim qətiyyən şübhəmiz yoxdur. Bir məsələni də qeyd etmək lazımdır ki, əgər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həqiqətən də sülhün tərəfdarıdırlarsa, onlar işğalçıya Azərbaycan ərazisindən çıxması və BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi üçün təzyiq göstərməlidir". Deputat Aydın Mirzəzadə qeyd edib ki, dövlət rəhbəri Azərbaycanın ərazi bütövlüyü məsələsini danışıqlarda qətiyyətli bir prinsip kimi müdafiə edir. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman Ermənistan tərəfi ilə müzakirə edilməyib və ölkəmizin bir qarış torpağı da işğalçıya verilə bilməz. Eyni zamanda, məsələnin həllinin ancaq Azərbaycanın ərazi bütövlüyü daxilində və həmin əraziyə yüksək muxtariyyət verilmə həlli dəfələrlə Ermənistan tərəfinin diqqətinə çatdırılıb. Odur ki, rəsmi İrəvan artıq danışıqlara gələndə Azərbaycanın hansı prinsiplərə söykənəcəyini yaxşı bilməlidir: "Məhz bu mövqe Azərbaycan dövlətçiliyinin qırmızı xəttidir. Azərbaycan həmişə öz müstəqilliyini, suverən hüquqlarını qoruyacaq. Eləcə də bütün ərazisi üzərində suverenliyini bərpa etmək üçün daima bütün istiqamətlərdə iş aparacaq". Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirdi: "Ölkə başçısının bu istiqamətdə səsləndirdiyi fikirlər dəfələrlə Avropa siyasətçiləri, parlamentariləri ilə keçirdiyi görüşdə kəskin şəkildə öz əksini tapıb. Prezident İlham Əliyev həmişə birmənalı olaraq bəyan edir ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil. Azərbaycan heç vaxt ərazisinin işğal altında qalmasına dözməyəcək. Biz torpaqlarımızı hökmən işğaldan azad edəcəyik. Ancaq Azərbaycan tərəfi olaraq biz istəyirik ki, bu məsələ danışıqlar yolu ilə olsun. Cənab Prezident dəfələrlə vurğulayıb ki, əgər ermənilər həmişə olduğu kimi yenə danışıqlardan boyun qaçırsalar və yaxud danışıqlar baş tutsa orada imitasiya xatirinə iştirak edib konstruktiv mövqe tutmasalar o zaman biz başqa yollara əl atmalı olacağıq. Təbii ki, bu olmayandan sonra yeganə yol güc yoludur. Biz istəməzdik elə olsun. Amma işğalçı dövlətin və onu müdafiə edənlərin ədalətsiz, qeyri-konstruktiv mövqeyi bizi buna məcbur edəcəkdir. Ölkə başçısı bu fikrini səsləndirməklə təkcə terrorçu, işğalçı düşmən dövlətə yox, eyni zamanda onu himayə edənlərə də bir mesaj verir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə və BMT kimi dünyanın ən böyük bir beynəlxalq təşkilatına da mesaj göndərdi ki, bizi hərbi yola əl atmağa məcbur edən sizin laqeyidliyiniz, problemə ikili standartlarla yanaşmağınızdır". Sirr deyil ki, Ermənistanın işğal siyasətinin mahiyyəti insanlığa və bəşəriyyətə qarşı cinayətlər toplusundan ibarətdir. İşğala məruz qalmış Azərbaycan beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətli yanaşmağa, Ermənistanın təcavüzkar siyasətini durdurmağa çağırsa da, çox təəssüf ki, dünya ictimaiyyəti bu məsələdə seyrçi mövqedə qalmaqda davam edir. Məhz cinayətkarlar cəzasız qaldığı üçün indiyədək Ermənistan işğalçı siyasətini davam etdirir. Buna baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməz qalır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31