“Bizim ulduzumuz sönmədi...”

 

Rauf Arifoğlu: "Çalışırıq ki, baş verənlərdən yazaq, bizdən yazmasınlar"

Hər il olduğu kimi, noyabrın 10-da "Yeni Müsavat" üçün əlamətdar tarix yaşanır. Qəzet və onun kollektivi daha bir ili geridə qoyur, ötən illərə nəzər salır, müqayisələr aparır...

Bu məsələdə ən böyük yük isə yenə də "Yeni Müsavat"ın baş redaktoru, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun üzərinə düşür. Çünki kollektivdə bu illəri ilk gündən etibarən günbəgün bilən yeganə şəxs odur. Rauf bəylə budəfəki söhbətdə yenə ötən illəri yada saldıq, təhlil etdik, gələcəyə dair planlarını dinlədik...

- Rauf bəy, ötən il 27 yaşımızı qutlayarkən verdiyiniz müsahibəni belə yekunlaşdırmışdız ki, ən böyük arzularınızdan biri növbəti ildə yenə də eyni məkanda - "Yeni Müsavat"da yeni yaşımızı qutlamaq, bununla bağlı müsahibə verməkdir. Beləcə, aradan bir il keçdi və sizin arzunuz da gerçəkləşdi: biz yenə "Yeni Müsavat"ın daha bir yaşını birgə qutlayırıq. Öncə istəyərdim ki, 27-dən 28-ə keçən dönəmi qısaca bir təhlil edək... Necə keçdi, nələrlə yadda qaldı bu dönəm və ümumən 28 il?

- Öncə icazə versəydiniz, mən qəzetimizin yaranma tarixi barədə məlumat verərdim. "Yeni Müsavat" 1989-cu ilin 10 noyabrında Bakıda işıq üzü görüb. Amma yaranma prosesi ondan əvvəlki dönəmə, bir neçə ay öncəyə təsadüf edir. AMPD-Yeni Müsavat adlı bir partiya qururduq ki, onun media orqanı da "Yeni Müsavat" qəzeti oldu. Onun qurulması, yaradılma prosesi də mənə həvalə olunmuşdu. Partiyanın qurucu heyəti olaraq cəmi 5 nəfər idik. Amma sayımız, bazamız Milli Azadlıq Hərəkatının ən aktiv dönəmi olduğu üçün çox idi. Qəzetçi isə yox idi. Mən qəzeti təkbaşına qurdum. Bir qədər Mənsur Əlisoy, Bəxtiyar Tuncay kömək etdi. Makinada da özüm yazdım. Sonra Akademiyanın Emin adlı işçisi 13 min nüsxəni gizli şəkildə akademiyada dərc etdirdi. Növbəti gün, mitinq günü o qəzetləri meydanda satdıq. Fantastik dərəcədə yüksək sürətlə və yüksək qiymətə o qəzetləri meydanda satdıq. Bir saat ərzində qəzetlər bitdi. Ondan sonrakı mərhələ barədə dəfələrlə danışmışam.

- Söhbət qəzetin gizli olaraq yayıldığı dönəmdən gedir, yanılmıramsa. Gizli redaksiyalar, məxfi şəkildə yayılma...

- Qəzet gizli təşkilat olaraq, Sovetlər quruluşuna qarşı yaradılmışdı. 1991-ci ilə qədər, Azərbaycan müstəqilliyini rəsmiləşdirənə qədər bu cür davam etdi. Gəncədə, Tovuzda və Bakıda gizli şəkildə redaksiyalar qururduq. Harda uyğun olurdusa, orada səyyar redaksiya qururduq və qəzetimizin nömrələrini hazırlayırdıq. Çox maraqlıdır ki, bizim ilk nömrədən başqa, digər nömrələrin hazırlanması prosesi müharibə şəraitinə təsadüf etdi. Bakının 20 yanvar işğalından sonrasında isə redaksiyanın, çevrədəki insanların aktiv şəkildə general Qrumov tərəfindən axtarılması prosesi baş verdi. Ermənilərin də aktivləşərək, Todan, Gəncə, Çaykənd  bölgələrində müharibə aparmaları dövrünə təsadüf etdi. Ona görə də mənim qəzetdə növbəti köməkçilərim qəzetçilər yox, döyüşçülər oldu. Məsələn, onlardan biri ordunun könüllülərindən, sonra da zabitlərindən olan Səfər Turançı (Hümbətov) idi. Məsələn, o, silahını kənara qoyur, qəzetin üz qabığının dizaynı ilə məşğul olurdu. Könüllülərlə birgə qəzet versiyası üzərində çalışırdı...

- Film kimidir əslində...

Rauf Arifoglu adlı şəxsin şəkli.

"İllər keçdikcə bu sektorda daha yaxşı işlədiyimi görürəm. Daha taraz, daha sabit... Çünki insanların yaşayaraq, səhvlər edərək öyrənəcəklərini mən artıq bilirəm"

- Gerçəkdən Gəncə fraqmenti bir film kimidir. Proseslər də orada dönürdü. Azərbaycan hakimiyyətinin, kommunistlərin içində gedən çəkişmə proseslərindən tutmuş, Naxçıvanda gedən demokratikləşmə prosesinə qədər hər şey bizim partiya və qəzetdə özünü əks etdirirdi. Mən bunlarla bağlı kitab üzərində işləyirəm və bu, ortaya çıxacaq. Amma 1991-ci ildən sonra, Azərbaycan istiqlaliyyətini qazanandan sonra "Yeni Müsavat"ı rəsmiləşdirməyə nail olduq. O zaman üçün rəsmi yerimiz yox idi. Gizli mənzillərimiz olsa da, onlar həcm etibarilə o qədər kiçik idi ki, orda ancaq gizlənmək və bir nəfərin işləməsi üçün şərait vardı. İşləmək üçün uyğun deyildi. Elçibəyə müraciət etdim. O zaman - 1991-ci ilin sonlarında Xalq Cəbhəsi hakimiyyətin özündən də güclü idi.

Image result for Yeni Müsavat Rauf Arifoğlu

AXC-nin o zaman qərargahı "Sahil" metrostansiyasının yaxınlığında, o vaxtkı 26-lar rayonunun Partiya Komitəsinin binasında yerləşirdi. Kommunist Partiyası ləğv olunduğu üçün o qərargah Azərbaycan Xalq Cəbhəsinə verilmişdi. İkinci mərtəbə 6 otağı olan informasiya mərkəzi vardı ki, onun 2 otağını Əbülfəz Elçibəy "Yeni Müsavat"a redaksiya kimi verdi. AXC hakimiyyətə gələndə informasiya mərkəzinə mən rəhbərlik edəsi oldum. Təşkilatın informasiya sektoru mənim nəzarətimdə idi. Bir neçə işçi ilə şalışırdıq. Ağır bir sürəc idi. Gənc idik və başqa nümunələr də görməmişdik ki, daha yaxşı olanla müqayisə edək. Düşünürdük ki, qəzet elə bu cür çıxmalıdır. Bəlkə də hətta Lenin "İskra" qəzetini çıxaranda bu qədər əziyyət çəkməyib. 1991-ci ilə qədər ruslar bizə həddən artıq çətinlik törədirdi.  1991-92-ci illərdə ictimai-siyasi proseslərin artan xətlə getdiyi ərəfədə qəzet buraxırdıq. Qəzet satdırmağa, tiraj yığmağa münbit şərait vardı. Nə çap edirdiksə, alınırdı, oxunurdu.

1993-cü ildən mətbuata senzura tətbiq olundu. Bu, həmin ilin iyun ayından başlayaraq daha sərt və amansız formada davam etdi. Biz 1998-ci ilin avqust ayına qədər senzuralı qəzet çıxartmağa məcbur qaldıq. Çox çətin dövr idi. Cahangir İldırımzadənin qayçısı və möhürləri əhatəsində və onun müşayiəti ilə çalışmaq faciəvi idi. 1997-ci ilin sentyabrında qəzetin formatını dəyişdik. A2 formatdan A3 formatına keçid etdik. 1998-ci ilin əvvəlindən Azərbaycanda siyasi proseslər sürətləndi. Ölkə prezident seçkilərinə hazırlaşdığı üçün siyasi mühit canlanmışdı. Əhalidə də fəallıq artan xətt üzrə gedirdi. Biz bu fürsətdən yararlanmağa başladıq. Tezliklə qəzetin dövriliyi və tirajı artdı. 2001-ci ilin aprel ayından isə qəzeti həftədə 7 dəfə çıxarmağa başladıq. Bu, MDB məkanında ilk göstərici idi. Satışdan ciddi gəlir əldə edirdik. Səhifələr az idi, ora çoxlu yazılar yerləşdirirdik. Nə yazırdıqsa, oxucular alıb, oxuyurdu. Biz bu periodda, çap mediasının ulduz olduğu dönəmdə ən yüksək nəticələr göstərdik, ən yaxşı redaksiya qurmağa nail olduq. Və təsadüfi deyil ki, o illərdə ən müstəqil təşkilatların qiymətləndirmə, mükafatlandırma sistemində "Yeni Müsavat" qəzeti və onun yazarları birinci yerdə idi. Aradan çox illər keçdi.

- Və biz gəldik 28 yaşımıza...

- Bəli, bir qəzetçi üçün bu qədər ilə eyni zamanda qiymət vermək çox çətindir. Ən çətini isə son bir ilə qiymət verməkdir. Çünki yaddaş qoca və Dədə Qorqud yaddaşı kimidir. Hər dəfə danışdıqca, xatirələri qəlibə salmaq istəsən də olmur. Sənə elə gəlir ki, bu məlumatları verməsən, tarix üçün ayıb və əskik olar.

- Son illərdəki ən böyük nailiyyətləriniz nələrdir?

- Print medianın dünyada sönməsi prosesi Azərbaycanda da baş verdi. Amma bizim ulduzumuz sönmədi. Çünki "Yeni Müsavat" qəzetini əvəzləyəcək və daha böyük auditoriyanı öz əhatəsinə alan musavat.com saytı var. Onun həm rusdilli, həm Azərbaycan dilli versiyası var. Bu sayt bizim dadımıza elə vaxtda yetişdi ki, klassik qəzetçiliyinin sonunun hara gedəcəyi haqda pessimist düşüncələrə dalırdıq. Gənclərdən ibarət yeni heyət yığdıq. Gənclərdən ruh, enerji alaraq, elə özümü də gənc hesab edərək, yeni media tendensiyanı mənimsədim. Onun Azərbaycandilli versiyasını əski Sovetlər Birliyi qəzetlərinin saytları arasında ilk 15-liyə yerləşdirə bildik. Yerli auditoriya üçün nəzərdə tutulan sayt üçün bu, fantastik bir göstəricidir ki, 50-55 min, bəzənsə 100 min unikal İP deməkdir. Bu da pisin və çöküşün özündən doğan yüksəliş deməkdir. Print media çökərkən, onun üzərində, onun sistemi əsasında elə bir media qurumu yaratdıq ki, hətta mövzuların çox sıxılmasına, çərçivələrin daralmasına baxmayaraq, Azərbaycanda bir çox qəzetçilərə uğur gətirir. Səbəbi nədir? Bunun kökündə klassik qəzetçilik sisteminin, strukturunun oturması, eksklüzivlikdir. Print media nəyi sevir? Xəbər istehsalını, eksklüzivliyi, xüsusiləşdirməyi... Bunu biz gün ərzində sayta qoyanda nəticə nə olur? Arxasında print media olmayan saytlar səhəri bir xəbərlə açırlar. O xəbər də 99 faiz bizim olur. Arxasında print media olan sayt isə səhər-səhər xəbər məkanına 150 min işarə həcmində xəbər qoyur. Bizim startımız çox uğurlu olur. Çünki əksər saytların arxasında print media dayanmır.

Rauf Arifoglu adlı şəxsin şəkli.

Biz "Yeni Müsavat"ı çox sevirik. Bunu hər il deyirik. Ondan ayrılmaq fikrimiz də yoxdur. Baxmayaraq ki, Azərbaycanda çap mediası zərərə işləyir. Bizim ümumi xeyrimizi, qazancımızı, gəlirimizi onsuz da təmin edən "Yeni Müsavat" qəzeti sisteminin strukturudur. Biz də maddi qurbana gedərək qəzeti saxlayırıq ki, bu sistem, çarx davam etsin və nyu-media sektorunda birinciliyimizi saxlayaq.

- Bu bir il ərzində qəzetin uğurlu layihələrini də yada salsaq, pis olmazdı...

- Çoxlu sayda maraqlı layihələrə, müsahibə və araşdırmalara imza atdı əməkdaşlarımız. Ölkə gündəmində səs-küy yaradacaq xəbərlər, manşetlər, müsahibələr oldu. Qəzetə çoxlu sayda yeni nəfəs gəldi. Azərbaycan üçün çox çətin olan dönəmdə ən böyük uğurumuz bilirsizmi nə oldu? Dünya çapında bütün böyük şirkətlər ixtisara getdiyi halda, iqtisadi böhran və 2 devalvasiya olmasına baxmayaraq, çalışdıq ki, bu ixtisarlar baş verməsin. Normal bazar şərtlərinə qalanda bu ixtisarlar olmalı idi. Biz bu qəzeti bazarın fövqündə, kollektivi isə işçi qüvvəsinin fövqündə qəbul edirik. Biz bir ailəyik. Ailə çətinliyə girərsə, onun iki-üç fərdi kənara atılmaz. Əksinə, ailə bir-birinə sarılar, çətinlikdən birgə çıxar. İnşallah ki, bundan sonra bizim işlədiyimiz pul vahidinin, manatın devalvasiyası baş verməz. Və biz adaptasiya olunaraq daha irəliyə getməyə çalışarıq.

"Yaşamağın, mövcud olmağın özü böyük bir qələbədir. Azərbaycanda 26-27 il bir qəzetə rəhbərlik edən ikinci bir redaktor yoxdur"

- Daha irəliyə... planlarda, arzularda nələr var?

- Biz bunu hər il deyirik - internet televiziya qurmağı. İnanın ki, artıraraq bir şey edə bilmirik. Əslində media biznesi üçün bu, kiçik ayırmadır. Amma biz bunu edib, internet televiziya qurmağa nail ola bilmirik. Onun əvəzində isə kollektivi qorumağa, ixtisarlar etməməyə çalışırıq. İnşallah, 29 yaşımızda olmasa da, 30 yaşımızda sizlə bərabər söhbət edəndə internet televiziyadan da danışa biləcəyik.

- İllər öncə meydanda, 13 min nüsxəni bir saatın içində alan, qəzetin hər yazdığını sizin təbirinizcə desək, "gözünə təpən" oxucu... O oxucular indi də var, saytı, qəzeti hər gün izləyir, bizdən araşdırma, xəbər, şərh... tələb edirlər. Oxucularla hər gün işləyən "Yeni Müsavat"ın müşahidəsi necədir: oxucularda bu ötən illərdə nələr dəyişib?

- Tələbkarlıq dəyişməyib. Tələbin mahiyyəti də dəyişməyib və buna təəssüf edirəm. Əvvəl tərəfli və siyasi mənsubiyyəti olan oxucular tələb edirdilər ki, ancaq onlardan yazaq. Bu gün sosial şəbəkə istifadəçilərinə, ictimai-siyasi sektora yeni qatılan insanlara elə gəlir ki, "Yeni Müsavat" və onun baş redaktoru ancaq indi tənqid olunur. Xeyr. İndiki ifadələrin eynisini 1989-cu ildə də deyirdilər. Məsələn, cəbhəçilər iddia edirdi ki, "bu, vətənə xəyanətdir. Sən Xalq Cəbhəsini parçalayırsan. Niyə "Xalq Cəbhəsi" yox, "Yeni Müsavat" adlı qəzet çıxarırsan?" O zaman sosial şəbəkə olsaydı, eyni iradları ora da yazacaqdılar. Az qala bizi ermənilərə işləməkdə suçlayırdılar ki, belə adda qəzet çıxarmaq xəyanətdir. Bu, təbii ki, kiçik bir qrup idi. Amma oxucuların böyük bir qismi bizi zaman-zaman söyə-söyə, amma eyni zamanda sevə-sevə dəstək verirdi. Oxucular artıq çap mediasından xəbər almaqla yanaşı, başqa vərdişlərə də yiyələniblər. Artıq hər bir telefon televizordan da ötədir. Filmlərə, reportajlara və xəbərə ordan baxırlar. Bu da bizim üçün yeni qapılar açır.

8670a876b7de.jpg (45 KB)

Zamanında partiyalı, hərəkatdan gələn oxucular daha çox ona qəzəblənirdi ki, "filan şairin şeirlərini qəzetdə niyə verirsiz? O, mitinqdə çıxış etməyib. Əvəzində isə televiziyada deyib ki...." Müsavat Partiyasının Divanında, Məclisində hər dəfə məni tənqid edirdilər ki, niyə partiyadan kənar adlar qəzetdə yer alıb, onun açıqlaması, şəkli, müsahibəsi gedib. O zamanın oxucusunun düşüncəsi bu idi: "Məndən, mənim dəstəklədiyimdən yaz". İndi oxucu vizyonu genişlənib, amma mahiyyət dəyişməyib. Amma Amerika oxucusu ilə Azərbaycan oxucusunu müqayisə etsək, mahiyyət etibarilə böyük fərq olmaz. Orda da qəzetçiləri, futbolçuları söydükləri kimi söyürlər. Çünki ikimiz də səhnəyik, onlaynıq. Onlar da qaçır, qovurlar, biz də xəbərin arxasınca qaçırıq. Onların ayaqları çalışır, bizim də klaviaturamız danışır.

- Elə bir dönəmə gəlib çatmışıq ki, evində bir kompüteri və interneti olan istənilən adam sayt aça, sayt redaktoru ola bilir. Bu sayt bolluğunda musavat.com-u özəlliklə fərqləndirən nüanslardan danışmağınızı istəyəcəkdim. Bu çoxluqda itməmək üçün nələr edirsiz, fərqiniz, üstünlüyünüz nələrdir?

"Mən son iki ildə hər hansı plan qurmamağa çalışıram"

- Siz hələ facebooku, twitteri əlavə edin... O qədər rəqibimiz var ki. Xəbəri, hadisəni dərhal geniş kütlələrə çatdıran sosial şəbəkənin olduğu bir məkanda sayt çıxarmaq, onu irəliyə aparmaq çətin məsələdir. Amma eyni zamanda asandır. Axı bu illər ərzində mötəbərlik əmsalı, sənə inanan, inanmayaraq oxuyan oxucu kütləsi qazanmısan. Bu, bazadır. Sadəcə, insanların indi müqayisə aparmaq imkanı var. Amma facebookda yayılan xəbərin mötəbərlik əmsalı böyük deyil. Çünki onu yayan hər kəs ola bilər. Amma bir adlı, köklü, əsilzadə bir media orqanının yaydığı xəbər böyük fərq yaradır. Eyni zamanda insanlar o xəbərin ticari halını - başlığı, gözəl təqdimatı, hərf səhvi olmadan verilməyi sevərlər. Ticari görüntü önəmlidir. Sosial şəbəkə bu mənada mediaya uduzur. Saytda isə daha çox oxucu daha çox para, reklam, İP deməkdir.

- Bayaq "Yeni Müsavat"ın senzuraya məruz qaldığı dönəmdən danışdız. Amma mən qəzetə olan hücumları, jurnalistlərinin döyülməsini, qaçırılmasını, buna etiraz olaraq keçirdiyiniz aclıq aksiyalarını, piketləri xatırlayıram. Çoxlarına elə gəlir ki, media üçün bütün çətin günlər arxada qalıb. Bəs 2017-ci il "Yeni Müsavat"ının problemləri nələrdir?

"Amerika oxucusu ilə Azərbaycan oxucusunu müqayisə etsək, mahiyyət etibarilə böyük fərq olmaz"

- Biz bir neçə ildir ki, müxalifət düşərgəsindən ayrılmışıq. Özümüzə xidmət edirik, öz maraqlarımız hər şeydən üstündür. Bunun böyük üstünlükləri ilə yanaşı, çətinlikləri də var. Sən artıq hər iki tərəfin ağır monitorinqi altındasan. Uzun illər müxalifət düşərgəsinə aid olmana görə düşərgənin biri sənə şübhəli yanaşır. Düşərgəni tərk edib, onları xəbər məkanında əsas tribunadan, xəbərin ağası olmaq statusundan məhrum etdiyin üçün o biri düşərgə sənə qəzəblidir. Ona görə də belə situasiya ciddi məsuliyyət yaradır. Yazdıqlarımıza görə heç kim bizə heç nə demir. Məsuliyyət ciddi problemlər yaradır. İndiki halda bir çox saytlar və qəzetlər ağır sanksiya yaşadılar. Artıq bir neçə gün ərzində hansısa saytı məhkəmə yolu ilə dünyada və Azərbaycanda yasaqlaya bilirlər. Bu da ciddi məsuliyyət deməkdir. Biz isə bu günümüzü, gələcəyimizi düşünərək, bu mərhələni çox ehtiyatla, həssaslıqla keçməyin tərəfindəyik. Çünki çox böyük bir tariximiz var. Bir neçə iqtidar yola salmışıq, bir neçə prezident yola salmışıq. Bizi təhdid edən nazirlər həbsxanaya düşəndə, harayına çatmışıq. Bu, böyük bir prosesdir. Çalışırıq ki, baş verənlərdən yazaq, bizdən yazmasınlar.

Rauf arifoglu.jpg (35 KB)

- 30 illik yubileyə, böyük tarixə çox az qalıb. Yaxın iki ildəki ən böyük hədəfləriniz nələrdir?

- Mən son iki ildə hər hansı plan qurmamağa çalışıram. Çünki situasiya mənim planlarımdan asılı olmadan dəyişir. Əvvəl çox rahat idim. İşlədiyimiz və tədavül vasitəsi kimi istifadə etdiyimiz pul vahidi stabil idi və dünyanın ən güclü valyutalarından sayılırdı. Üç ilə yaxındı ki, bu vəziyyət dəyişib. Məhsulumuzu satdığımız pul vahidi bir neçə dəfə ucuzlaşıb. Ona görə də gələcəyə yönəlik planlar qurmağı çox da doğru hesab etmirəm. Strategiyam gələn ilin bu vaxtı sizə müsahibə vermək, kollektivi və qəzeti qorumaq, mümkün qədər bu sərt çərçivələr içərisində simamızı, xəbər siyasətimizi qorumaq, daha da güclənmək, internet televiziya yaratmaqdır. Manat sabit qalarsa, "Yeni Müsavat"ın vəziyyəti yaxşı olacaq. Gələcəyə ümidli və iddialıyıq. Yaşamağın, mövcud olmağın özü böyük bir qələbədir. Azərbaycanda 26-27 il bir qəzetə rəhbərlik edən ikinci bir redaktor yoxdur. Bu, bir ilkdir. Bunun daha çox davam etməsini, bu sektorda daha çox qalmağı istəyirəm. İllər keçdikcə bu sektorda daha yaxşı işlədiyimi görürəm. Daha taraz, daha sabit... Çünki insanların yaşayaraq, səhvlər edərək öyrənəcəklərini mən artıq bilirəm.

Sevinc TELMANQIZI,
Foto: Məhəmməd TÜRKMƏN

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31