Prezident Gəncəyə səfər edib

Noyabrın 10-da Prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Əvvəlcə dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib

Noyabrın 10-da Prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Əvvəlcə dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub. Prezidentə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib. Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir. Filarmoniyanın açılışından sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "Majestic Palace" otelinin tikintisi ilə də tanış olub. Dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib. Bildirilib ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub. Bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni oteldə 50 nəfər işlə təmin ediləcək. Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib.

Prezident İlham Əliyev "Gəncə Mall" Ticarət Mərkəzində yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub. Dövlət başçısı ticarət mərkəzindəki "Bravo" supermarketində şirniyyatın dadına baxıb.

Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var. Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur.

Prezident İlham Əliyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında da iştirak edib. Dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına məlumat verilib ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir. Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb.

Prezident İlham Əliyev Gəncədə "Grand Qafqaz" Ticarət Kompleksinin açılışında da iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə "Grand Qafqaz" Ticarət Kompleksi barədə məlumat verib. Bildirilib ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik "modul" tipli beş "Yaşıl market" topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək. Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub.

Prezident İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında da iştirak edib. Dövlət başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına muzeydə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, şəhərin "Gülüstan" ərazində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. Diqqətə çatdırılıb ki, muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31