Milli atributlarımıza qarşı hər kəs ən ciddi şəkildə bütün etiketləri gözləməlidir

Ötən gün Azərbaycan öz milli atributlarından biri olan Bayraq Gününü qeyd etdi. Paytaxtdan tutmuş bölgələrə, hətta ucqar dağ kəndlərinə qədər hər bir yerdə, məkanda qürur mənbəyimiz sayılan Bayraq Günü qeyd olundu.

Ötən gün Azərbaycan öz milli atributlarından biri olan Bayraq Gününü qeyd etdi. Paytaxtdan tutmuş bölgələrə, hətta ucqar dağ kəndlərinə qədər hər bir yerdə, məkanda qürur mənbəyimiz sayılan Bayraq Günü qeyd olundu. Keçirilən silsilə tədbirlər, təşkil olunan mərasimlər, aksiya və yürüşlərlə bağlı mətbuatda, sosial şəbəkələrdə çoxlu sayda məlumatlar yayıldı, fotolar paylaşıldı. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Bayraq Günü ərəfəsində paylaşılan milli atributumuza istər-istəməz hörmətsizlik də özünü büruzə verdi. Xüsusilə, bu məsələdə ən aktual problem olan bayrağımızın rənglərinin qarışdırılması kimi mənfi tendensiya ilə üzləşdik. Hərbi ekspert Üzeyir Cəfərov milli atributumuza olan bu münasibəti təndiq edərək bildirib ki, bayraq məsələsində hər bir vətəndaş, cəmiyyət üzvü diqqətli olmalıdır: "Onu da başa düşürəm ki, bəzi məqamlar dostlarda, yoldaşlarda qıcıq yarada, kimlərdəsə emosiyalara qapılmaq üçün mənə acı sözlər, tənqidlərlə yanaşı təhqirlər də yazmağa səbəb ola bilər.Anlayışla qəbul edirəm. Amma belə olmamalıdır. Bayram günü gün böyü sosial şəbəkələrdə və onlayn mediyada Bayraqla bağlı saysız-hesabsız foto və video görüntülər paylaşılıb. Hər kəsə belə Vətənpərvərliyə, Bayrağa sevgisinə görə minnətdarlıq düşür. Amma bir şeyi unutmayaq ki, haqqında yüksək fikirlər yazdığımız, söylədiyimiz Bayraqla bağlı əndazəni aşan, bəzən absurdluq dərəcəsinə çatan görüntülər də dərc olunub ki, onlara baxanda adam sadəcə xəcalət hissi keçirir. Bayrağa, Gerbə və Himnə qarşı hər kəs ən ciddi şəkildə bütün etiketlər gözlənilməklə davranmalıdır. 
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olduğunu, qırmızı rəng - müasirlik, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bu günlərdə isə bizim gördüyümüz bir çox mənzərə sadəcə insanlarda çaşqınlıq, narazılıq və narahatçılıq yaradan hallardan ibarət idi. Mavi rəng əvəzinə göy rəng, rənglərin ardıcıllığı mavi, qırmızı və yaşıl olmalı halda başayaq formada, hətta bəzi rəsmi dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə belə Bayrağımıza diqqətsizlik göstərildiyinin şahidi olduq. Bu təkcə bir gün belə olmur. İl ərzində biz dəfələrlə şahidi olmuşuq ki, bəzi tədbirlərdə bayrağımız heç də həmişə tələb olunan qaydada yerində qoyulmayıb, yaxud asılmayıb". Üzeyir Cəfərov deyib ki, onu daha çox iki məqam narahat edir: "Bəzi şəxslər guya Bayrağımıza öz "sevgilərini" nümayiş etdirmək, hamıdan seçilmək üçün hətta az qala alt paltarlarını belə Dövlət Bayrağının atributlarından istifadə etməklə özbaşına tikdirib, bunu da utanmadan nümayiş etdirməkdən belə çəkinmirlər. Vallah o Bayrağın dili olsaydı, insanlarımızı onunla belə əcaib formada davrandıqlarına görə möhkəm danlayar və məzəmmət edərdi. Daha bir incə məqam. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz olub, var və bundan sonra da biz istəsək də, istəməsək də bu həyatdır və nə qədər ki, yan-yörəmizdə bizi istəməyən xain, nankor qüvvələr mövcuddurlar, Şəhidlərimiz yenə olacaq. Şəhidlərimizin son mənzilə yola salınmasından sonra Dövlət Bayrağımızın bir çox hallarda Şəhidlərin məzarı üstünə sərilməsini və onun üzərinə daş, yaxud torpaq tökülməsinin şahidi oluruq. Və bunu biz çəkib bütün dünyaya nümayiş etdiririk. Bu isə, mənim subyektiv fikirim də olsa, əsla düzgün deyil. Bayraq heç vaxt ayaqlar altında olmamalıdır və ola da bilməz. Təəssüflər olsun ki, bizdə hələ də belə xoşagəlməz hallara rast gəlinir. Ən sonda onu xüsusi olaraq vurğulamaq istərdim ki, yuxarıda qeyd etdiklərimi əsla Bayram ovqatına mənfi təsir etmək üçün deyil, sadəcə gələcəkdə belə sadaladığım və bəzi dilə gətirmədiyim xoşagəlməz hallara yol verməmək üçün diqqətinizə çatdırmaq istəyim kimi qəbul etmənizi rica edirəm".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31