Azərbaycan can bayrağım!

Üstündəki qırmızı rəng şəhidlərin al qanıdı, Əsgərlərin döyüş vaxtı and içdiyi Quranıdı. Bayraqların birincisi, bir incisi, sultanıdı, Azərbaycan can bayrağım!

Libas bilib əynimizə səni çox vaxt geyinmişik, Sənin ilə qürrələnib, sənin ilə öyünmüşük. Biz səndəki məğrurluğu, enməzliyi bəyənmişik, Azərbaycan can bayrağım!

Sən Çingizə, Mübarizə ölüm günü kəfən oldun, Ah! Nə qədər ölümlərlə bizlə yasa batan oldun. Sən ayrıca ana, ata, sən ayrıca vətən oldun, Azərbaycan can bayrağım!

Qarabağda zirvələrdən asıldığın gün gələcək, Üstündəki ay-ulduzun parlayacaq, sönməyəcək. Bir kərə yüksələcəkdi, daha bir də enməyəcək, Azərbaycan can bayrağım!

Şah Xətai, Məmmədəmin, Heydər baba yadigarı, Nə yaxşı ki, bizimkisən bəzəyirsən bu diyarı. Sənin ilə qazanmışıq çox zəfəri, şöhrət, varı, Azərbaycan can bayrağım!

Anamızsan, atamızsan, qardaşımız, bacımızsan, Başımızda bər-bəzəkli, lap qızıldan tacımızsan. Canımızda qüvvətimiz, ağrımızsan, acımızsan, Azərbaycan can bayrağım! 

Fuad Biləsuvarlı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31