Tehran görüşü Qarabağ probleminin həllinə də təsir göstərə bilər
Bu günlər istər regionun, istərsə də regionda marağı olan qlobal güc mərkəzlərinin əsas diqqəti İran İslam Respublikasının paytaxtına yönəlmişdi. Səbəb isə İslam Respublikasında Cənubi Qafqazın həyatında mühüm rol oynaya biləcək zirvə görüşünün keçirilməsi idi.
3 Noyabr 2017 14:57 SiyasətBu günlər istər regionun, istərsə də regionda marağı olan qlobal güc mərkəzlərinin əsas diqqəti İran İslam Respublikasının paytaxtına yönəlmişdi. Səbəb isə İslam Respublikasında Cənubi Qafqazın həyatında mühüm rol oynaya biləcək zirvə görüşünün keçirilməsi idi. Azərbaycan, Rusiya və İran prezidentiləri-İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında keçirilən zirvə görüşü özündə bir neçə mühüm məsələləri ehtiva edirdi ki, bunlar sırasında həm iştirakçı dövlətlər, həm də regionda marağı olan ölkələr üçün mühüm əhəmiyyət daşıyanı Şimal-Cənub nəqliyyat dəhlizi ətrafında aparılan müzakirələr idi. Üç ölkə prezidentinin Tehran görüşünün nə dərəcədə əhəmiyyətli olduğu ona verilən reaksiyalardan da aydın görünürdü. Təkcə Azərbaycan mediası deyil, eləcə də Rusiya, İran və Qərb mediası İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Tehran görüşü, orada müzakirə edilən məsələlər ətrafında müxtəlif fikirlər dərc edir, onu analiz edirlər. Birmənalı olaraq isə yanaşma ondan ibarətdir ki, üç ölkə rəhbərinin Tehran görüşü regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Elə millət vəkili Eldəniz Səlimov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana işgüzar səfəri, İran və Rusiya prezidentləri ilə görüşləri və 3 dövlət başçısının zirvə görüşü çox böyük və tarixi əhəmiyyət daşıyan hadisədir. Onun sözlərinə görə, Tehranda keçirilən görüşdə bir sıra geosiyasi və iqtisadi məsələlər müzakirə olunub, bir çox razılıqlar əldə edilib: "Bunlar da nəticə etibarı ilə həm bu 3 ölkənin, həm də bütövlükdə dünyanın xeyrinə olan, inkişafa, qarşılıqlı anlaşmaya, sülhə və təhlükəsizliyə xidmət edən məqamlardır. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, üçtərəfli sammit - Zirvə görüşü yüksək səviyyəli əməkdaşlığın perspektivlərinə müsbət təsir edəcək". Millət vəkili qeyd edib ki, Tehran sammiti Azərbaycanla yanaşı, Rusiya və İran üçün də əhəmiyyətlidir: "Qeyd etdiyim kimi, bu görüşlərdə önəmli məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın gələcəkdə hər iki ölkə ilə logistik nəqliyyat dəhlizlərinin olması, dəniz vasitəsilə əlaqələrinin mövcudluğu iqtisadi baxımdan əhəmiyyətlidir. Görüşlərdə bu kimi mühüm məsələlər ətrafında danışıqlar aparılıb. Digər tərəfdən, Azərbaycan dünya bazarına karbohidrogen ehtiyatlarını çıxaran ölkələrdəndir. Bu baxımdan da, əməkdaşlığın müsbət nəticələri özünü göstərəcək". Zirvə görüşündə "Şimal-Cənub" nəqliyyat dəhlizi ətrafında da müzakirələr aparıldığını deyən Eldəniz Səlimov bildirib ki, görüşdə bu layihənin gələcəkdə hər üç ölkənin iqtisadiyyatında mühüm rol oynayacağı vurğulanıb, bu dəhliz vasitəsilə yükdaşımaların həyata keçirilməsinin əhəmiyyətinə toxunulub: "Bu da onu göstərir ki, hər üç ölkə prezidentinin görüşü bu yöndə həm böyük təminat olacaq, həm də iqtisadi baxımdan çox sərfəli olacaq. Azərbaycan hər iki ölkə arasında quru sərhədinə malik olan bölgədə yerləşir. Burada ölkəmizin üstünlüyünün olması çox əhəmiyyətlidir. Çünki Azərbaycan gələcəkdə bir çox layihələrdə bu baxımdan önəmli rol oynayacaq". İstər İran prezidentilə görüşdə, istərsə Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulduğunu bildirən millət vəkili bunu da çox önəmli məqam kimi dəyərləndirib:"Azərbaycan Prezidenti Cənab İlham Əliyev həm İran prezidenti cənab Həsən Ruhani ilə , həm də üçtərəfli Zirvə görüşündə Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardı. "Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir.Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir"-deyə, bəyan edən Cənab Prezident bugünkü status-kvonun qəbuledilməz olduğunu və dəyişdirilməsinin vacibliyini vurğuladı. O, eyni zamanda "bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir"-deyə, bəyan etdi. Bunlar çox mühüm məqamlardır. Məhz bunların nəticəsi olaraq da Qarabağ problemi görüşün yekun bəyannaməsində öz əksini tapdı. Hesab edirəm ki, bütün bunlar Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsi prosesinə də öz müsbət töhfəsini verə bilər və verəcək".
Məhəmməd