BTQ regiona uzunmüddətli sabitlik və təhlükəsizlik gətirir

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həmçinin qlobal əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Ekspertlərin qənaətinə görə, BTQ dəmir yolunun Azərbaycan üçün siyasi, iqtisadi əhəmiyyəti danılmazdır.

Azərbaycan Qərblə Şərqi birləşdirən körpü rolunu oynayacaq
 

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həmçinin qlobal əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Ekspertlərin qənaətinə görə, BTQ dəmir yolunun Azərbaycan üçün siyasi, iqtisadi əhəmiyyəti danılmazdır. Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, ümumilikdə regionun həyatında son dərəcə böyük əhəmiyyətə malikdir. Əlbəttə, ölkəmizin bu layihədən əldə etdiyi dividendlər çoxdur. Maliyyə dividendləri kifayət qədər böyükdür və bu, hər birimizi sevindirir. Ancaq ən çox sevindirici məqam ölkəmizin, şəxsən Prezident İlham Əliyevin maneələrə baxmayaraq bu nəhəng ideyanı gerçəkləşdirmək əzmidir. Milli Məclisin deputatı bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın və bütövlükdə regionun həyatında necə böyük hadisədirsə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı da eyni dərəcədə əhəmiyyətli hadisədir: "Ümummilli lider Heydər Əliyev 22 il öncə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ideyasını reallığa çevirməklə çar Rusiyasının, sonra isə Sovet İttifaqının mövcudluğu ilə formalaşmış siyasi-iqtisadi stereotipləri sıradan çıxarmış, Azərbaycanın timsalında bölgənin dünyaya açılan pəncərə statusunu formalaşdırmışdı. Bu status regionun beynəlxalq aləmdəki rolunu vurğulayan tarixi ənənələrin bərpası idi". Deputat bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də tarixi böyük İpək Yolunun mühüm tərkib hissəsidir. "Buna görə qətiyyətlə demək olar ki, Azərbaycan yenə tarixi ənənələrin bərpasına öz töhfəsini verməkdədir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini gerçəkləşdirməklə mürəkkəb geosiyasi oyunların getdiyi hazırkı dövrdə dünya düzəninə yeni siyasi-iqtisadi şərtləri təqdim edir. Bu təqdimat Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz da daxil olmaqla Xəzər və Orta Asiya coğrafiyasının sülh və sabitlik təminatıdır".
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, layihənin işə düşməsi Azərbaycanın yüksək siyasi nüfuzundan xəbər verir. Millət vəkili qeyd edib ki, Azərbaycanın layihəyə hərtərəfli dəstək verməsi onun işə düşməsinə səbəb oldu: "Bu, Azərbaycanın tam iqtisadi və siyasi müstəqilliyə nail olmuş ölkə olduğunu göstərir. Hər ölkənin buna nail olmadığını deyən millət vəkili qeyd edib ki, Azərbaycan dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Qərblə Şərqi birləşdirən körpü rolunu oynamağa başladı: "Çox sayda ölkənin nümayəndələrinin dəmiryolu xəttinin açılış mərasimində iştirakı göstərdi ki, Azərbaycan arzuolunan müttəfiq ölkədir. Bu hadisə dünyanın diqqətinin Azərbaycana yönəlməsinə səbəb oldu. Layihənin işə düşməsi onun iştirakçısı olan ölkələr arasında siyasi inteqrasiyanın güclənməsi və dünya məsələləri ilə bağlı vahid mövqedən çıxış edən ölkələr qrupunun yaranmasına səbəb olacaq. Dəmiryolu xəttinin açılması eyni zamanda, regiona uzunmüddətli sabitlik və təhlükəsizlik gətirir. Regional münaqişələrin həllinin yollarından biri də belə layihələrin işə düşməsidir". A.Mirzəzadənin sözlərinə görə, layihənin işə düşməsi Azərbaycan tərəfindən Ermənistana verilən ciddi bir mesajdır: "Azərbaycan torpaqlarını işğalda saxlaması Ermənistan üçün çox ağır, o cümlədən iqtisadi problemlərin yaranmasına səbəb olub. Ermənistan işğalçı siyasətinə son qoysaydı, dəmiryolu xətti oradan keçə və ölkə büdcəsinə hər il yüz milyonlarla dollar gətirə bilərdi. Ermənistan işğalçı siyasətini davam etdirdiyi müddətdə Azərbaycanın təşəbbüskarı olduğu layihələrdən kənarda qalacaq və iqtisadi vəziyyəti daha da ağırlaşacaq". Azərbaycanın təşəbbüskarı olduğu layihələrə müxtəlif güc mərkəzləri və ölkələr tərəfindən maneələr törədildiyini deyən millət vəkili qeyd edib ki, bu layihələrə Ermənistanı qoşmaq və işğal faktını unutdurmaq cəhdləri edilir: "Amma bütün hallarda son nəticə Azərbaycanın xeyrinə olub və heç bir halda Azərbaycanın başladığı iş yarımçıq qalmır. Eyni zamanda, dünən bu layihəyə qarşı çıxan ölkələr bu gün layihənin onların da iqtisadi və siyasi maraqlarına cavab verdiyi qənaətinə gəlirlər".
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, BTQ dəmir yolununn açılışı ilə Azərbaycan müasir müstəqillik tarixinin yeni bir möhtəşəm səhifəsini yazdı. Azərbaycan bir daha öz iqtisadi qüdrətini, güclü dövlət nümunəsini ortaya qoydu. Bütün dünyanın kameraları bir daha ölkəmizə tuşlandı: "Hamımızın məlumu olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir başa təşəbbüsü və rəhbərliyi ilə başladılan Xəzər hövzəsi regionunun və Mərkəzi Aşıya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropaya çıxışına xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı baş tutdu. Bundan 11 il öncə, Dünya Azərbaycanlılarının 2-ci Qurultayında söylədiyi nitqində cənab Prezident demişdi: Türkiyəni Azərbaycana dəmiryolu ilə birləşdirmək - Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridir və biz buna nail olacağıq. Dünənki açılış birinci növbədə ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyinin, sarsılmaz iradəsinin, onun həm ölkə daxilində, həm də region və eyni zamanda bütün dünya ölkələri baxımından həyata keçirtdiyi uğurlu siyasətin nəticəsində baş tutmuşdur. Bu layihə sadəcə regional, iqtisadi əsaslı bir layihə kimi qiymətləndirilməməlidir. Bakı - Tbilisi - Qars dəmir yolu iki qitəni polad əsaslarla birləşdirən güclü bir körpü, möhkəm bir təməl kimi qiymətlidir, unikal bir Avrasiya layihəsidir. Bu yol sabitliyə xidmət edir. Bu yol etibarlı yoldur. Və bundan sonra da 100 illiklər boyu ölkəmizin və regionun inkişafına, tərəqqisinə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Bu yol ulu öndər Heydər Əliyev yoludur. Onun ölməz ideyalarının, ideallarının gerçəkləşdirildiyi yoldur. Bu yol onun adıyla bağlı olan, altına imzasını atdığı yüzlərlə əvəzsiz layihənin, o cümlədən Əsrin Kontraktı, Böyük İpək Yolu layihələrinin davamıdır. Və hər qarışında o böyük insanın gələcəyi bir Peyğəmbər dəqiqliyi ilə görə bilmək bacarığı, xalqı və ölkəsi üçün yaxşı nə varsa, onu etmək istəyi dayanır. Deyirlər ki, bir ölkəni dünyaya tanıdan onun təbii sərvətləri, görkəmli şəxsiyyətləri, mədəniyyəti və yollarıdır. Tanrı ölkəmizə bu dəyərlərin hamısını bəxş edib və biz bununla qürur duyuruq. Bu gün bu qüruru bizə yaşatdığı üçün cənab Prezident İlham Əliyevə minnətdarıq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31