"Üç tərəfli görüş regional təhlükəsizlik baxımından çox vacibdir"

“Azərbaycanın həm Rusiya, həm də İranla münasibətləri kifayət qədər yaxşıdır və bu əlaqələr əməkdaşlıq xarakteri daşıyır”. Bunu politoloq Fikrət Sadıqov bu gün Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda baş tutacaq üçtərəfli görüşünə münasibətini bildirərkən deyib.

"Azərbaycanın həm Rusiya, həm də İranla münasibətləri kifayət qədər yaxşıdır və bu əlaqələr əməkdaşlıq xarakteri daşıyır". Bunu politoloq Fikrət Sadıqov bu gün Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda baş tutacaq üçtərəfli görüşünə münasibətini bildirərkən deyib.

Politoloq bildirib ki, bu cür görüşlər üçtərəfli alyansların təşkil olunmasına, birgə layihələrin həyata keçirilməsinə müəyyən təkan verir, şərait yaranır.

Azərbaycan tərəfindən həyata keçirilən Şimal-Cənub layihəsinin artıq gerçəkləşməkdə olduğunu deyən F.Sadıqov söyləyib ki, Tehranda keçiriləcək üçtərəfli sammitdə layihə ilə bağlı müzakirələr aparılacaq: "Görüşdə həmçinin Azərbaycan, İran və Rusiyanı maraqlandıran və narahat edən problemlər, separatçılıq, terrora qarşı mübarizə, birgə səylər müzakirə olunacaq. Mən əminəm ki, sammitdə Yaxın Şərqdə vəziyyət də əsas müzakirə olunacaq məsələlər sırasına daxil olacaq".

F.Sadıqovun sözlərinə görə, üç tərəfli görüşdə əsas müzakirə olunacaq məsələlərdən biri regiondakı stabillikdir: "Çünki, biz Azərbaycan olaraq bu stabilliyin olmasında çox maraqlıyıq. Əsas məqsədimiz Ermənistanın Azərbaycan torpaqlarından azad olunmasıdır ki, bunun üçün əlimizdən gələni edirik. Bundan başqa Azərbaycan regionda stabilliyi qorumaq üçün mühüm layihələr həyata keçirir. Ölkəmiz regionda güclü oyunçuya və söz sahibinə çevrilib. Bunun sayəsində də həm İranın, həm də Rusiyanın ölkəmizə münasibəti dəyişilib. Bu baxımdan düşünürəm ki, üçtərəfli görüşdə regionda sabitliklə bağlı məsələ mütləq şəkildə müzakirə pridmeti olacaq".

Tehranda baş tutacaq görüşün regional təhlükəsizlik baxımından çox vacib, mühüm olacağına əminliyini ifadə edən politoloq söyləyib ki, ümumiyyətlə bu cür görüşlərin keçirilməsi Azərbaycan üçün də çox əhəmiyyətlidir.

Qeyd edək ki, Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Görüş çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31