Deputat: “Prezidentlərin görüşü münasibətləri daha da dərinləşdirəcək”
“Qonşu dövlətlərin dostluğu regionda inkişafın, stabilliyin, təhlükəsizliyin yaranmasının əsas zəmanətidir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
1 Noyabr 2017 10:54 Siyasət"Qonşu dövlətlərin dostluğu regionda inkişafın, stabilliyin, təhlükəsizliyin yaranmasının əsas zəmanətidir". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu gün Rusiya, Azərbaycan və İran bu harmoniyanı, yaxınlığı bütün dünyaya sübut edirlər: "Müxtəlif məsələlərə bəzən fərqli mövqelər olsa da ümumilikdə götürdükdə dünyada gedən problemlərə bir çox hallarda ümumi yanaşma var və bir-birinin maraqlarına hörmətlə yanaşma da ortadadır. Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə əsas məsələ şimal-cənub nəqliyyat dəhlizinin yaradılmasının gedişatının müzakirə etməkdir. Həmçinin Xəzərin hüquqi statusu məsələsinin bir daha müzakirə edib mövqeləri yaxınlaşdırmaqdan ibarətdir. Eləcə də, dünyada gedən proseslərlə bağlı fikir mübadiləsi apararaq birgə münasibət yaratmağa cəhd etməkdir".
A.Mirzəzadə əlavə edib ki, bu görüş qonşu dövlətlər arasında münasibətləri necə tənzimləmək, məsələləri birgə həll etmək, eyni zamanda münasibətlərdə hər bir tərəfin maksimum siyasi, iqtisadi qazanc əldə etməsinə də çox gözəl bir nümunədir: "Bugünkü görüş şübhəsiz ki, münasibətləri daha da dərinləşdirəcək və hər üç ölkənin problemlərinin həllinə xeyli dərəcədə yardımçı olacaq".
Qeyd edək ki, bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Görüş çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Energetika sahəsində əməkdaşlıq Rusiya-Azərbaycan və Rusiya-İran, eləcə də üçtərəfli formatda keçiriləcək görüşlərdə müzakirə mövzularından biri olacaq.
Xatırladaq ki, ötən il də avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilmişdi. Sia.az