DQ-a qanunsuz səfərlə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac varmı?
“Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısı yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra alına bilər. Hazırda torpaqlarımızın 20 faizi düşmən işğalında olduğu üçün Azərbaycan bu ərazilərə qanunsuz səfər edənləri cəzalandırmaqdan başqa heç nə edə bilmir”. Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
27 Oktyabr 2017 13:08 Siyasət"Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısı yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra alına bilər. Hazırda torpaqlarımızın 20 faizi düşmən işğalında olduğu üçün Azərbaycan bu ərazilərə qanunsuz səfər edənləri cəzalandırmaqdan başqa heç nə edə bilmir". Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat söyləyib ki, Azərbaycan ərazilərinə qanunsuz gələn şəxslər ölkəmizin qanununu pozurlar: "Azərbaycanın "Dövlət sərhədi haqqında" qanunu var və bu qanununa görə, ərazilərimizə qanunsuz səfər edənlər cəzalandırılmalıdır. Hazırda əsas problem həmin şəxslərin Azərbaycana təhvil verilməsidir. Bildiyiniz kimi, bir müddət bundan öncə Türkiyə vətəndaşları Dağlıq Qarabağa qanunsuz səfər etməklə yanaşı, hələ üstəlik gedib ölkələrində erməniləri də təriflədilər. Təbii ki, belə məqamlarda Azərbaycan Baş Prokurorluğu həmin ölkələrə müvafiq sənədlər hazırlayıb göndərir ki, həmin şəxsləri bizə təhvil versinlər. Yalnız bundan sonra Azərbaycan tərəfi həmin şəxsləri cəzalandıra bilir".
Milli Məclisdə bir müddət öncə Dağlıq Qarabağa qanunsuz səfərlə bağlı qanun layihəsinin hazırlanması təklifinə münasibətini bildirən E. Məmmədov söyləyib ki, hazırkı vəziyyətdə belə bir qanunun hazırlanması, problemi həll edə bilməz: "Çünki, torpaqlarımızda Azərbaycan əsgəri dayanmayıb, həmin ərazilərimizə düşmən nəzarət edir. Belə olan halda, indiki şəraitdə heç bir qanun problemi kökündən həll edə bilməz".
Məlumat üçün nəzərinizə çatdıraq ki, bir neçə gün bundan öncə CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün Şuşa şəhərinə səfər edib. Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə, onun adı Xarici İşlər Nazirliyinin "qara siyahı"sına daxil edilib.