Litva Azərbaycanı özünə strateji tərəfdaş hesab edir
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Sədr müavini xanım İrena Şiaulienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, Spiker tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu xüsusi qeyd edərək, bunun həyatın digər sahələrində də özünü göstərdiyini deyib.
20 Oktyabr 2017 12:16 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Sədr müavini xanım İrena Şiaulienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, Spiker tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu xüsusi qeyd edərək, bunun həyatın digər sahələrində də özünü göstərdiyini deyib. Bildirib ki, ölkələrimizin qanunvericilik orqanları arasında yaxşı əlaqələr qurulmuşdur. Hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Sədr qeyd etdi ki, münasibətlərimizin inkişafında bu qruplar xüsusi rol oynayır. Məhz qrup üzvlərinin mütəmadi təmasları bütövlükdə parlamentlər səviyyəsində əlaqələrin intensivləşməsinə müsbət təsir göstərir. Spiker vaxtilə Seymdə ermənipərəst qüvvələr tərəfindən Dağlıq Qarabağla bağlı belə bir qrupun yaradılmasını təəssüf hissi ilə xatırlayaraq, bunun keçmişdə qaldığını söyləyib. Son seçkilərdən sonra yeni yaradılmış Seymdə belə hala yol verilmədiyi üçün Seymin rəhbərliyinə öz minnətdarlığını bildirib. Qeyd edildi ki, cari ilin aprel ayında Litva-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının ildönümü ilə bağlı müraciətin qəbul olunması Azərbaycan ictimaiyyəti tərəfindən dost addımı kimi qiymətləndirilib: "Ümidvarıq ki, Litva Seymi də gələcəkdə bu məsələ ilə bağlı müvafiq sənəd qəbul edəcəkdir". Sədr qonağın diqqətinə çatdırdı ki, artıq 14 dövlət, bir beynəlxalq təşkilat və ABŞ-ın 20-dən artıq ştatı Xocalı soyqırımını tanımış, ərazilərimizin Ermənistan tərəfindən işğalını pisləyən sənədlər qəbul edib. Sədr Azərbaycanın Avropanın enerji təhlükəsizlik arxitekturasına mühüm töhfələr verdiyini, qarşıdakı yaxın illərdə TANAP və TAP kimi qaz layihələrinin reallaşacağını söyləyib. Bildirib ki, bu layihələr yükdaşımaları baxımından Litva üçün də əhəmiyyətlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən nümayəndə heyətinin başçısı xanım İrena Şiauliene bildirib ki, Litva Azərbaycanı özünə strateji tərəfdaş hesab edir və Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Söhbət zamanı siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi, parlamentlər səviyyəsində münasibətlərin gələcək inkişaf perspektivləri barədə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.