Qarabağ problemi həll edilsə, Sarkisyan hakimiyyəti məhv olar
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü siyasi icmalçıların müzakirə predmetinə çevrilib. Görüşün təfərrüatlarının hələlik açıqlanmaması barədə razılıq əldə olunsa da Ermənistan prezidenti xarakterinə uyğun olaraq bəzi detalları ictimaiyyətə sızdırmaq cəhdində bulunub.
18 Oktyabr 2017 15:59 SiyasətElşən Musayev: "O, Azərbaycanın hərbi gücünü görməyincə ağıllanmayacaq"
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü siyasi icmalçıların müzakirə predmetinə çevrilib. Görüşün təfərrüatlarının hələlik açıqlanmaması barədə razılıq əldə olunsa da Ermənistan prezidenti xarakterinə uyğun olaraq bəzi detalları ictimaiyyətə sızdırmaq cəhdində bulunub. Əslində Sery Sarkisyanın bu addımı başa düşüləndir, çünki hakimiyyətini "Qarabağ kartı" üzərində quran Ermənistan rəhbərliyi özünü sığortalamaq zorundadır. Bununla yanaşı, işğalçı dövlətin başçısının qeyri-etik, heş bir siyasi və diplomatik çərçivəyə sığmayan əməli deməyə əsas verir ki, Ermənistan prezidenti hələ də hansısa konstruktiv razılığıa gəlməyə hazır deyil. Millət vəkili Elşən Musayev deyib ki, əslində Ermənistan prezidenti Serj Sarkisyan Cenevrədə keçirilən bu görüşə sıradan bir protokol, estafet səbəbi ilə gəldiyini düşünürdü və əmin idi ki, ümumi söhbətlər zəminində görüş yekunlaşacaq. Deputatın sözlərinə görə, ancaq Azərbaycan Prezidentinin hər zaman olduğu kimi bu dəfə də ortaya qoyduğu qətiyyət, prinsipial mövqe Sarkisyanı pərt vəziyyətə saldı: "Diqqət edin, Sarkisyan görüşün sonunda elə bil siyasi naqdaun yaşayıb ki, danışıqlar mərhələsinin uzadılması ilə bağlı həvəssiz olduğunu dilə gətirib, üstəlik XİN başçıları səviyyəsində işçi qrupun bu prosesi davam etdirməsinə xüsusi münasibət bildirməyib. Bilirsinizmi səbəb nədir? Səbəb odur ki, hər danışıqdan sonra Sarkisyan bəlli suallar qarşısında aciz qalır, uğursuz fəaliyyətindən dolayı erməni lobbisinin tənəsi ilə üzləşir və ən nəhayət ATƏT-in, BMT-nin və ümumilikdə Beynəlxalq Hüququn tələb etdiyi öhdəliklərə saxta don geyindirməyə məcbur olur. Çünki qatil, işğalçı olduğunun fərqindədir. Belə olan halda isə ən "uğurlu" variant gizlənmək, zaman ötürməkdir. Bilmirəm, siz bu görüşlərdə Sarkisyanın simasına diqqət eləmisiz ya yox, amma adam hər dəfəsində ya başını aşağı dikir ya siqaret çəkir, ya təbiəti seyr edir, ya fotoqraflara mənasız pozlar verir. Əlqərəz, panik vəziyyəti həmişə göz önündə olur". E.Musayev əlavə edib ki, İlham Əliyev dəfələrlə Sarkisyanın, Ermənistanın, beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, sülh yalnız o halda baş verəcək ki, Azərbaycanın ərazi bütövlüyünə xələl gəlməyəcək: "Yəni, torpaqların qeyd-şərtsiz qaytarılmasından savayı variant yoxdur. Hətta Cənab Prezident o eyhamı da vurub ki, belə davam edəcəyi təqdirdə müharibə qaçılmazdır. Bu dəfə də eyni sözlərin, mesajların Ermənistan prezidentinin diqqətinə ən sərt formada çatdırdırıldığına əminəm". Millət vəkili Tahir Rzayev deyib ki, Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu, əvvəllər də olub. Çünki öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır. Onun sözlərinə görə, düşmən ölkə prezidenti dövlət rəhbəri kimi tanınmır: "Bu gün hər birimiz biliriki ki, Ermənistanın himayəçisi kimdir və Dağlıq Qarabağ münaqişəsinin həllinə kim mane olur. Məhz bunun nəticəsidir ki, Ermənistan prezidenti görüş zamanı başqa, görüşdən sonra isə tamamilə fərqli fikirlər irəli sürür. Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daima idarə olunur. Ona görə də buna təbii baxmaq lazımdır". Deputat əlavə edib ki, Ermənistan prezidenti Serj Sarkisyan müstəqil siyasət yeritməyi, danışıqlarda öz sözünü deməyi bacarmayan bir şəxsdir. Serj Sarkisyan daima himayədarlarının fikirləri ilə hərəkət edib və sona qədər də belə olacaq". Millət vəkili Elman Məmmədov deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan və onun komandası ilə aparılan danışıqlar heç bir nəticə verməyəcək. Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Sarkisyan və onun komandasının məhv edilməsi deməkdir: "Çünki Sarkisyan kimi hərbi cani Dağlıq Qarabağ dalğası üzərindən hakimiyyətə gəlib. Danışıqların konstruktiv aparılması Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxarmalıdır. Bu problem həll edilsə, Sarkisyan hakimiyyəti məhv olar. Ona görə də, Sarkisyan nə qədər danışıqlara getsə də, danışıqlardan sonra sərsəmləyir. Onlar danışıqlarda ədalətli mövqe tutmaq istəmir. Sarkisyan hərbi canidir. Həbsxanada olmalı olan bir hərbi cani dövlət başçısıdırsa, ondan başqa nə gözləmək olar. O, beynəlxalq hüquq normalarına uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır. Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi kimi iştirak edən Sarkisyan bu gün Ermənistan prezidentidir. O, müəyyən qüvvələrin hesabına həmin vəzifədə oturdulub. Azərbaycan Sarkisyana hərbi gücünü göstərməyincə o, ağıllanmayacaq".
Zəka