Minsk Qrupunun“sülhməramlı” fəaliyyəti iflasa uğrayıb

Nəhayət ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri uzun fasilə və müzakirələrdən sonra Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə nail oldular. Beləliklə, vasitəçilərin səyi nəticəsində İlham Əliyevlə Serj Sarkisyan Cenevrədə bir araya gəldilər. Əvvəldən də dövlət başçılarının görüşündə Dağlıq Qarabağ probleminin həllı istiqamətində ciddi bir irəliləyişə nail olunmayacağı ehtimal edilirdi.

Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün cəsarətli addımların atılmasının zamanı çatıb

Nəhayət ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri uzun fasilə və müzakirələrdən sonra Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə nail oldular. Beləliklə, vasitəçilərin səyi nəticəsində İlham Əliyevlə Serj Sarkisyan Cenevrədə bir araya gəldilər. Əvvəldən də dövlət başçılarının görüşündə Dağlıq Qarabağ probleminin həllı istiqamətində ciddi bir irəliləyişə nail olunmayacağı ehtimal edilirdi. Çünki ən azından vasitəçilər prezidentlərə hansısa həll variantı təqdim etməmişdilər. Eyni zamanda Ermənistan tərəfinin mövqeyində hansısa konstruktivlik müşahidə edilmirdi. Əksinə Cenevrə görüşü ərəfəsində Rusiyanın Ermənistana 200 milyon dollarlıq hərbi yardım paketinin ilk mərhələsinin verilməsinə dair atılan addımlar İrəvanın daha aqressiv olacağından xəbər verirdi. Elə gözləntilər də özünü doğrultdu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən dərhal sonra işğalçı ölkənin dövlət başçısı Serj Sərkisyan Dağlıq Qarabağdan vaz keçməyəcəklərini açıq şəkildə ifadə etdi. Və bununla da bir daha sübut etdi ki, Dağlıq Qarabağ problemini Ermənistanla sülh yolu ilə həll etmək qeyri-mümkündür. Bu ölkə yalnız güc dilində başa düşür və keçən ilin aprel hadisələri də bunu bir daha sübuta yetirdi.

Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməməsiinin başlıca günahını isə ekspertlər ATƏT-in Minsk Qrupunun həmsədrlərində görürlər. Haqlı olaraq bildirilir ki, vasitəçilər və onların təmsil olunduqları dövlətlərin maraqlarında olsa, Qarabağ problemi qısa zamanda öz həllini tapar. Təbii ki, bunun yeganə yolu işğalçı ölkəyə təzyiq göstərməkdən keçir. Elə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu da belə düşünür. Partiya sədri də prezidentlərin Cenevrə görüşünü nəticəsiz hesab edərək burada əsas günahkar kimi həmsədrləri görüb: "İki illik fasilədən sonra oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Cenevrədə görüş keçirilib. Görüşün nəticələri barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda görüşün konstruktiv mühitdə keçdiyi bildirilir və qeyd edilir ki, Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Danışıqların davam etdirilməsi üçün həmsədrlərin yaxın gələcəkdə xarici işlər nazirləri ilə işçi görüş keçirəcəkləri vurğulanır.  Ancaq Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə prezidentlərin görüşündən dərhal sonra Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə görüşdə deyib ki, problemin həlli variantları ilə bağlı hər hansı konkret razılaşma yoxdur: "İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik". 25 illik sülh danışıqlarının nəticəsi budurmu? "Təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımların atılması" Ermənistanın işğal edilmiş ərazilərində özünü daha arxayın hiss etməsinə, mövcud status-kvonun dəyişilməz saxlanılmasına, daha pis, onun möhkəmləndirilməsinə- gətirib çıxarmayacaq ki?". Partiya sədri bildirib ki, belə vəziyyət işğal edilmiş ərazilərin daha intensiv, qorxusuz məskunlaşdırılmasına, yeni-yeni kilsələrin tikilməsinə, qəsəbələrin salınmasına, təbii sərvətlərimizin vəhşicəsinə istismarının davam etdirilməsinə, tarixi abidələrimizin erməniləşdirilməsi, məhv edilməsi prosesinin sürətləndirilməsinə şərait yaradacaq:  

"Əcəba, hər şey aydın deyilmi? ATƏT-in Minsk Qrupunun"sülhməramlı" fəaliyyətinin iflasa uğradığı aydın deyil? Sülh danışıqlarının heç bir perspektivinin olmadığna tam əmin olmaq üçün Ermənistan prezidenti daha hansı açıqlamalar etməlidir, nə deməlidir?  Yaranmış qeosiyasi vəziyyəti nəzərə alaraq Azərbaycanın Qarabağ problemini sülh yolu ilə həll etmək istəyi başa düşüləndir. Ancaq Serj Sərkisyanın son açıqlaması bu istəyin vaxt limitinin bitdiyini göstərir. Qarabağ probleminin beynəlxalq hüquq normalarına Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun həll edilməsi üçün qəti, cəsarətli addımların atılmasının zamanı çatıb. Əks təqdirdə belə nəticəsiz və status-kvonun saxlanmasına hesablanmış danışıqlar davam edəcək".

Füzuli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31