Rusiyanın MDB-ni gücləndirmək planı işə yaramır
Qərbin, Hərbi Alyansın sərhədlərinə doğru yaxınlaşması sürətli xarakter aldıqca. Rusiya da öz növbəsində yerləşdiyi coğrafiyada, xüsusilə də keçmiş postsovet məkanında mövqelərini möhkəmləndirmək, Qərbə dirəniş göstərmək planları üzərində işləyir. Bu mənada bir ay ərzində MDB-nin, eləcə də Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının toplantılarının keçirilməsi xüsusi qeyd edilməlidir.
16 Oktyabr 2017 13:56 SiyasətƏvəzində GUAM-ın perspektivi daha da artır
Qərbin, Hərbi Alyansın sərhədlərinə doğru yaxınlaşması sürətli xarakter aldıqca. Rusiya da öz növbəsində yerləşdiyi coğrafiyada, xüsusilə də keçmiş postsovet məkanında mövqelərini möhkəmləndirmək, Qərbə dirəniş göstərmək planları üzərində işləyir. Bu mənada bir ay ərzində MDB-nin, eləcə də Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının toplantılarının keçirilməsi xüsusi qeyd edilməlidir. Məlum olduğu kimi oktyabrın 11-də Soçidə Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının və xarici işlər nazirlərinin görüşü keçirildi. Prezidentlərdən əvvəl Soçidə MDB xarici işlər nazirləri görüşdülər. Rusiya pezidenti Vladimir Putinin görüşdə əsas fikri bundan ibarət oldu ki, MDB-ni gücləndirmək lazımdır. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyini artırılması barədə müzakirə apardılar. Bundan başqa toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edildi. MDB-nin qeyri-formal sammiti və Moskvanın gələcək planları barədə fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra MDB-dən çıxdığı, Ukraynanın iştirakı simvolik mahiyyət daşıdığı üçün Müstəqil Dövlətlər Birliyi bir qədər zəifləyib. Politoloq deyib ki, Rusiya Krımı işğal etdikdən sonra Ukrayna prezidenti və xarici işlər naziri MDB-nin toplantılaırnda iştirak etmirlər: "Buna baxmayaraq, MDB-də fəaliyyətini gücləndirən ölkələr də var. Bu Özbəkistan və Türkmənistandır. Bu iki dövlət keçmiş illərdə MDB-nin toplantılarına maraq göstərmirdilər. Bu iki dövlətdə hakimiyyətə yeni prezidentlər gəldikdən sonra Daşkəndin və Aqabadın MDB-yə marağı artdı. Halbuki, keçmiş illərdə həm Özbəkistan, həm də Türkmənistan xarici siyasətdə "bloklara qoşulmamaq" siyasətindən çıxış edir və bir çox hallarda MDB toplantılarında qatılmırdılar. MDB ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, illərdir MDB-nin İcraiyyə Komitəsinin sədri vəzifəsini Rusiya təmsilçiləri daşıyırlar. Hazırda İcraiyyə Komitəsinin sədri Sergey Lebedevdir. O 2007-ci ildən bu vəzifədədir. Bundan əvvəl də sədrlər Rusiyanı təmsil edirdilər: Boris Berezovski, Yuri Yarov, Vladimir Ruşaylo. Görünür, Moskva MDB üzərindən nəzarəti əlində saxlamaq üçün başqa ölkənin təmsilçisinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasını istəmir. Halbuki, Moskvanın müttəfiqi Astana belə sədrlikdə rotasiya prinspinin həyata keçirilməsinə tərəfdardır". Elxan Şahinoğlu hesab edir ki, Moskvanın səylərinə baxmayaraq, Müstəqil Dövlətlər Birliyini işlək təşkilata çevirmək mümkün deyil: "Çünki üzv dövlətlərinin fərqli maraqları var. Bu təşkilatı hətta Rusiyanın iki yaxın müttəfiqi - Qazaxıstan və Belarus da tənqid edir. Məsələn, MDB-nin Soçi görüşündə Qazaxıstan nümayəndə heyəti təşkilatın ciddi islahatlara ehtiyacı olduğunu bildirdi. Həmçinin, Astaba bir-birini təkrarlayan strukturların çox olduğu vurğuladı. Belarus prezidenti Aleksandr Lukaşenko isə MDB Parlamentlərarası Assambleyanın işinin faydasız və lazımsız olduğunu bildirdi. O fikrini belə əsaslandırdı ki, bu strukturun işi nəticə vermir, ona görə də Assambleyaya pul ayrılmasının doğru olmadığını dedi.Onun bu fikrinə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dəstək verdi. Beləliklə, MDB-nin Soçi toplantısı da nəticə vermədi. Azərbaycanla Ermənistanın MDB-də əməkdaşlıq edəcəyini gözlələmək olmaz. Və ya Rusiyanın bölgədə həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti MDB ölkələrinin də gizli narahatlığına səbəb olur. Bu arada, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, Rusiyaya qarşı ümumi strategiya hazırlanmalıdır. Gürcüstan prezidenti bu təşəbbüsünü belə əsaslandırıb ki, Rusiyanın siyasəti qonşu dövlətlərə təhlükə yaradır. Ona görə də bu təhlükədən qorunmağın yolu beynəlxalq aləmin Rusiyaya qarşı ortaq siyasəti formalaşdırmasıdır. Rusiyaya qonşu olan ölkələr Gürcüstan prezidentinin təşəbbüsünə qoşulmayacaqlar. Bir sıra ölkə Rusiyanın siyasətindən ehtiyatlansa da, onunla münasibətləri korlamaq istəmir. Ancaq Giorgi Marqvelaşvilinin sözlərində həqiqət var. Rusiya keçmiş SSRİ-yə bənzəyir. Moskva onun siyasətini qəbul etməyən qonşularına qarşı təzyiq siyasəti həyata keçirir, separatçılara dəstək verir və lokal müharibələrdə iştirak edir. Yaxın illərdə Rusiyanın bu siyasəti dəyişməyəcək. MDB Rusiya üçün vacib formatlardan biridir. Elə digər dövlətlər də MDB formatından öz məqsədləri üçün istifadə edir, bir sıra mövzuları müzakirə etmək məqsədilə təşkilatın imkanlarından yararlanırlar". Politoloq həmçinin bir neçə gün əvvəl Tbilisidə baş tutan GUAM toplantısına da toxunub və bildirib ki, təşkilatın üzvü olan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) yaranmasının 20 illiyi qeyd ediblər. Bu münasibətlə toplantıya GUAM ölkələrinin xarici işlər nazirləri qatıldılar: "Tiflisdəki toplantıda iki təklif diqqəti çəkdi.
Birinci təklifi Gürcüstanın xarici işlər naziri səsləndirdi. Mixeil Canelidze dedi ki, GUAM çərçivəsində azad iqtisadi zonalar yaradılacaq. Gürcü nazir ilin sonuna qədər bu sahədə irəliləyişin əldə olunacağını vurğuladı. İkinci təklifi Azərbaycanın xarici işlər naziri səsləndirdi. Elmar Məmmədyarov dedi ki, GUAM-a üzv ölkələrinin idman yarışları keçirilə bilər. Hər iki təklif GUAM ölkələri arasındakı əməkdaşlığın inkişafına xidmət etməlidir. Son illər GUAM çərçivəsində sadəcə Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqdan danışmaq mümkün idi. Bu iki ölkə arasında enerji və nəqliyyat layihələri reallaşdırılır. Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimi keçiriləcək. Azərbaycanın Gürcüstana investisiyaları da artır. Son bir ildə Ukrayna da tədricən Azərbaycan-Gürcüstan birliyinin imkanlarından istifadə etməyə başlayıb. Birincisi, Ukrayna mallarını Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə və Çinə çatdırır. Bunun hesabına Ukrayna ilə Azərbaycan arasında ticarət mübadiləsi bir neçə dəfə artıb. İkincisi, Ukrayna Qara dəniz sahilindəki bir neçə limanını özəlləşdirməyi planlaşdırır. Azərbaycanın dövlət şirkətləri bu özəlləşdirmədə iştirak etmək istəyirlər. Bu baş tutarsa, Ukrayna ilə Azərbaycan arasında iqtisadi bağlılıq daha da artacaq".Politoloq Elxan Şahinoğlu deyib ki, GUAM-da yeganə zəif ölkə kimi Moldovanı göstərmək olar: "Bu ölkə ilə Azərbaycan və Gürcüstan arasında ortaq layihələr azdır. Moldova prezidenti İqor Dodon Rusiya ilə yaxınlığa çalışır. Buna baxmayaraq, Moldova hökuməti və baş naziri Qərblə yaxınlığa üstünlük verirlər. Bu mənada Moldova hökuməti GUAM-a da maraq göstərməlidir. Ancaq hələ ki, Moldovanın regional layihələrə necə qoşulacağı aydın deyil. Beləliklə, 2008-ci ildə Rusiya-Gürcüstan, 2014-cü ildə Ukraynada baş verən inqilabi hadisələrdən sonra passivləşən GUAM bu ildən başlayaraq fəaliyyətini gücləndirməyə qərar verib. GUAM-a müxtəlif dövlətlərin - ABŞ, Türkiyə, Yaponiya, Polşa, Çexiyanın marağı artıb. Bu mənada yazının başlığına çıxarılan suala belə cavab vermək olar: "GUAM-ın perspektivi var".
Məhəmməd