Diqqətlər Cenevrəyə yönəlib

Artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dəqiqləşib. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, İlham Əliyev və Serj Sərkisyan oktyabrın 16-da (dünən) Cenevrədə bir araya gələcəklər. Uzun müddətdən bəri reaallaşmayan görüşün Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynayacağını deyənlər də var, Cenevrə görüşünün əvvəlki görüşlərdən heç nə ilə fərqlənməyəcəyini söyləyənlər də. Bəs görəsən, bu barədə ekspertlər nə düşünür?

Qərb Ermənistanı konstruktiv mövqeyə gətirə biləcəkmi?

Artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dəqiqləşib. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, İlham Əliyev və Serj Sərkisyan oktyabrın 16-da (dünən) Cenevrədə bir araya gələcəklər. Uzun müddətdən bəri reaallaşmayan görüşün Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynayacağını deyənlər də var, Cenevrə görüşünün əvvəlki görüşlərdən heç nə ilə fərqlənməyəcəyini söyləyənlər də. Bəs görəsən, bu barədə ekspertlər nə düşünür? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutan bu görüşdə, tərəflər münaqişənin həlli yolları, xüsusilə konkret detallar barədə müzakirə aparacaq: "Qeyd edim ki, Sankt -Peterburq görüşündən sonra, prezidentlərin görüşü müəyyən əhəmiyyət kəsb etsə də, irəliyə doğru addıımın atılması prosesi Ermənistan tərəfindən həyata keçirilməlidir. Bir ildən artıqdır ki, danışıqlar yüksək səviyyədə aparılmırdı. Görünür, həmsədrlərin müəyyən razılaşdırılmış bəndləri barədə prezidentlərin görüşünə ehtiyac yaranıb. Bir məsələ var ki, rəsmi Kreml Moskvadan kənar bir yerdə Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmasını qəbul etmir. Məhz Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllində istəyi varsa, bunu Moskva və Soçidə keçirərdi. Qərbə mesajı olardı ki, konfliktin həllində irəliləyiş Rusiya ərazisində baş tutdu". Politoloq deyib ki, hazırda Qərblə Rusiya arasında soyuq müharibə gedir: "Belə bir situasiyada Vladimir Putinin iradəsindən kənarda -Qərbdə Ermənistanın razılığa gələcəyi real görünmür. Ona görə də prezidentlər masada olan təkliflərlə bağlı müzakirə aparıb, növbəti görüş üçün razılığa gələcəklər. Cenevrə görüşündə əsasən "Kazan formulu" və ona müəyyən dəyişikliklər edilərək müzakirə ediləcək. Təbii ki, burada "mərhələli həll" öz aktuallığını saxlayır. İlk növbədə münaqişənin həllində irəliləyiş üçün Ermənistan bir neçə rayondan qoşunlarını çıxarmalıdır. Ermənistanın buna hansı şərtlər daxilində gedəcəyi, yaxud yenidən danışıqlar formatını pozacaq kimi məsələləri, növbəti aylarda aydın olacaq. Ümumiyyətlə, Rusiyanın moderatorluğu altında olan münaqişənin real həlli, Qərbin ərazisində həyata keçməyəcək. Qeyd edim ki, ortada ilkin razılıq olsaydı, Soçidə MDB zirvə görüşündə Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edərdi". Siyasi şərhçi Seymur Süleymanov da hesab edir ki,Azərbaycan və Ermənistan prezidentlərinin oktaybrın 16-da baş tutacaq görüşü öncəkilərdən heç nə ilə fərqlənməyəcək: "İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti dəfələrlə danışıqlar xatirinə danışıqlara getmək istəmədiyimizi vurğulayıb. Aparıcı ölkələr işğalçı tərəfə təzyiqlər etmir və çalışırlar ki, hazırkı status-kvonu uzada bildikləri qədər uzatsınlar. Belə olan halda baş tutacaq görüşün danışıqlar naminə keçirilməsi mənasızdır. Həmişə problemin həllinin başlanğıcını erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasında görüblər. ABŞ-ın mövqeyi antirusiya xarakterli olduğundan, məqsəd bölgədə Rusiyanı zəiflətməkdir. Göründüyü kimi, ümümi maraqlar işğal olunmuş Dağlıq Qarabağ üzərinə deyil, birbaşa Rusiyaya qarşı köklənibdir". Seymur Süleymanov deyib ki, Azərbaycan qərarlarını diqqətlə ölçüb-biçməlidir: "İllərdir biz haqlı olaraq Minsk qrupunun fəaliyyətini tənqid edirik. O üzdən də fikrimcə, düyünlənmiş prosesi biz ABŞ, ya da Fransa ilə həll etməməliyik. Biz ancaq məsələnin Rusiya ilə həllinə vara bilərik. Burada bir çox ziddiyyətli məqamlar mövcuddur. Əgər ABŞ 2018-ci il Ermənistana maliyyə yardımını 3 dəfə çox artırıbsa və təkcə 2016-cı ildə 20,4 milyon dollar məbləğində yardım ayırıbsa, o zaman ABŞ-la məsələnin ədalətli həllinə necə nail ola bilərik? Digər tərəfdən Fransa qeyri-müəyyən, tərəddüdlü davranışlar nümayiş etdirsə də, ölkəmizin ərazi bütövlüyü məsələsində bizi dəstəkləyir. Ancaq bu illər ərzində Fransa tərəfindən heç bir uğurlu addım atılmayıb. Səbəbi çox bəsitdir. Çünki aparıcı ölkələrin yeganə məqsədi hər görüşdə bölgədə müəyyən qədər sakitlik yaratmaq, atəşkəsin pozulmasının qarşısın almaqdır. Onlar hər iki ölkədən bu zəmanəti almaq istəyirlər. Beləliklə də, məqsədləri stabilliyə nəzarəti gücləndirərək, prosesi uzatmaqdır. Lakin bu, bizi qane edə bilməz. 20 ildən çoxdur ki, yalnız bunu düşünürlər. Əgər belə olacaqsa, o zaman budəfəki görüşdən müsbət nəticə gözləməyə dəyməz. O zaman biz müsbət nəticə görərik ki, əgər real təkliflər olsa, beynəlxalq arenada Ermənistana təzyiq müşahidə edilsə, əlbəttə ki, hansısa nəticəyə vara bilərik. Əgər yox, bu görüş də öncəkilər kimi danışıqlar naminədirsə və bölgədə sakitlik yaratmaq məqsədi güdürsə, əlbəttə ki bu, bizi qane etməyəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31