ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri – Smit yenə Ermənistanın himayəçisi rolunda

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasında daha bir qərəzli dinləmələr keçiriləcək. Burada Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu müzakirə olunacaq.

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasında daha bir qərəzli dinləmələr keçiriləcək. Burada Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu müzakirə olunacaq. Qurum toplantının formatını "dinləmələr" şəklində qoysa da, məqsəd aydındır: Azərbaycanın nüfuzuna xələl gətirməyə hesablanmış çıxışlar fonunda Ermənistana maliyyə və hərbi yardim göstərməyə şərait yaratmaq.
Helsinki Komissiyası sədrinin Kristofer Smitin olduğunu nəzərə alsaq, bu dinləmələrin hansı ruhda keçiriləcəyi indidən məlumdur. Kristofer Smit haqda kiçik bir xatırlatma burada yerinə düşər. Adıçəkilən şəxs konqresdəki erməni lobbisinin əsas fiqurlarından biridir və çıxışlarında daima Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilib. O, Azərbaycana qarşı qəbul edilən "907-ci düzəliş"in müəlliflərindən biridir. Kristofer Smit, həmçinin qondarma "Dağlıq Qarabağ respublikasının" müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Üstəlik, bu adam Ermənistanın işğalçılıq siyasətinə də bəraət qazandıran mövqeyi və soyqırımı ilə bağlı ermənilərin uydurma iddialarının tanınmasının alovlu tərəfdaşlarından biri olması ilə də seçilir.
Millət vəkili, politoloq Rasim Musabəyov da bu dinləmələrdən obyektiv nəsə gözləməyin əbəs olduğunu düşünür.
Dinləmələri həyata keçirməkdə məqsəd aydındır: Ermənistanı müdafiəyə ehtiyacı olan tərəf kimi təqdim edib işğalçı rejimə maliyyə və hərbi xarakterli yardımı artırmaq. Dinləmələrdəki çağırışların da bu yöndə olacağı istisna edilmir. Çünki məlumat var ki, komissiyada 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası da səsləndiriləcək və yəqin ki, Azərbaycan günahkar tərəf kimi qələmə veriləcək.
O da maraqlıdır ki, Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış Yekun Aktının sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, suveren bərabərlik, insan hüquqlarına hörmət və bu kimi digər əsas prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. Əksinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması onların müzakirə obyektinə çevrilmir. Humanitar diqqət hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir.
ABŞ Helsinki Komissiyasının əvvəlki illərdəki təcrübəsinə baxsaq, bu dinləmələrdə də hansısa vicdanlı müzakirələrin aparılacağını gözləməyə dəyməz. Separatçılara hər vəchlə dəstək verən, işğalçı bir dövlətə yardım etmək məqsədi güdən bir qurumun tutduğu yol aydındır. Görünən odur ki, aprel döyüşlərinin nəticələri və Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək gücündə olması faktı müəyyən dairələri ciddi narahat edir. Xezerxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31