"Qırğızıstanda seçkilər legitim hesab olunacaqmı?"
15 Oktyabr 2017 21:24 Siyasət.
Ölkədə uzun müddətdən bəri ilk dəfə keçirilən real demokratik seçki prosesi gözləntilərin əksinə olaraq, hakimiyyətin əlində alətə çevrilməklə yanaşı, seçicilərə təzyiqlərlə yaddaqalan oldu. Yerli analitiklər bazar günü Qırğızıstanda keçirilən prezident seçkilərini məhz belə xarakterizə edirlər. Onların fikrincə , səlahiyyət müddəti başa çatmış prezident Almazbek Atambayev bütün vasitələrdən istifadə edərək , öz siyasi rəqiblərini yox etməkdə israrlıdır. Bunun səbəbi isə çox sadədir. Çünki Almazbek Atambayev qorxur ki, onu bu postda əvəzləyəcək yeni prezident ondan ölkəni belə müflis bir həddə gətirib çıxarmasının hesabını soracaq!
Yerli siyasi ekspetlərin sözlərinə görə, Qırğızıstanda prezident seçkiləri zamanı ölkənin seçki qanunvericiliyi kobud şəkildə pozulub. Seçki marafonu müddətində , xüsusən də seçkilərə son bir həftə qalmış qanun pozuntusu halları daha da artıb və seçkidə iştirak edən müstəqil namizədlərə qarşı təzyiqlər çoxalıb. İş o hətta o həddə çatıb ki, səlahiyyət müddəti başa çatmış A.Atambayev , qonşu dövlətləri belə ölkəsinin "daxili işləri"nə qarışmaqda suçlayıb-onların prezidentliyə namizədlərlə görüşmələrinə kəskin etarızı bildirib. Halbuki, həmin qonşu dövlətlərin rəhbərləri A.Atambayevin özünə varis elan etdiyi namizədi- sabiq baş nazir Sooronbay Jeenbekovu qəbul edərkən hər haansı bir reaksiya gəlmədiyi halda , amma, digər namizəd -Omurbek Babanovla görüş onu belə hiddətləndirib.
Analitiklər belə hesab edirlər ki, A.Atambayevin prezidentliyi dövründə Qırğızıstanın yürütdüyü xarici siyasət kursu qeyri-müəyyən olub. Belə ki, onun ölkəni idarə etmə üsulu siyasətçilər üçün belə anlaşılmaz olub. Daxildəki uğursuzluqlarının səbəbini gah ölkə xaricində axtarıb, gah da elə təəssürat yaradıb ki, hamı onu lider kimi qəbul etməyə borcludur. Hətta onunlu dostluq etmək üçün belə haqq ödəməlidirlər. Ekspertlərin sözlərinə görə, Qırğızıstan Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik edən zaman bu, daha çox aydın nəzərə çarpırdı. Belə ki, yaranmış vəziyyətdən istifadə edən A.Atambayev ölkənin infrstrukturunun inkişafına 500 milyon ABŞ dolları cəlb edə bildi. Amma sonradan bəlli oldu ki, həmin vəsaitlərin tam yarısı hakim klanın cibinə axıb. Analitiklər belə hesab edirlər ki, A.Atambayevin istənilən addımının arxasında konkret niyyət dayanır. Əgər belə olmasaydı, o, birdən-birə Çinlə olan münasibətlərini belə kəskin surətdə dəyişməzdi, yeni dəmir yolu xəttinin tikintisinə razılıq verməzdi. Bundan əlavə, ölkə ərazisinin müəyyən hissəsini, eləcə də həmin ərazilərdəki faydalı qazıntılardan müddətsiz istifadə etmək hüququnu Pekinin ixtiyarına verməzdi. Analitiklərin sözlərinə görə, sözügedən anlaşmadan A.Atambayev milyardlar qazansa da, xalqa bu sövdələşmədək qara qəpik belə çatmayıb. Onlar hələ də prezidentin səxavətinə , eləcə də ölkədə nə vaxtsa demokratiyanın bərqərar olmasına inanmaqda davam edirlər. Lakin , sadə xalqdan fərqli olaraq, ölkənin ziyalı təbəqəsi heç də A.Atambayevə qarşı loyal deyillər. Məsələn internet səhifələrini azacıq vərəqləmək kifayətdir ki, xalqın prezident haqda nə düşündüyündən agah olasan. "Atambayev 7 Aprel şəhidlərinin qəbri üstündə gözlərindən yaş axıdaraq xalqa verdiyi vədləri , eləcə də andını unudub. Axı həmin vaxt meydanda şəhid olanlar ölkələrinin nə vaxtsa yaxşılığa doğru dəyişəcəyinə inanırdılar və bu amal uğrunda öz canlarından keçmişdilər. Amma onlar haradan biləydilər ki, bir qaniçənin gülləsinə tuş gələrək, digərinin hakimiyyəti ələ keçirməsinə rəvac verirlər!",-deyə sadə bir xalqın nümayəndəsi olan internet istifadəçisi yazır.
Siyasi şərhçilərin belə hesab edirlər ki, səlahiyyət müddəti artıq sona çatmış A.Atambayev prezident seçkilərində "Respublika- Atayurt" fraksiyasının qalib gəlməsi ehtimalından yaman qorxur. Bunun da səbəbi var. Belə ki, fraksiyadan olan prezidentliyə namizəd O.Babanov seçicilərlə görüşlərində onlara vəd edib ki, prezident seçiləcəyi təqdirdə A.Atambayevin bütün fəaliyyətinin ciddi şəkildə təftiş etdirəcəkdir. Bu isə A.Atambayev üçün heç də arzuolunmaz nəticəyə gətirib çıxara bilər. İqtisadçı ekspertlərin sözlrinə görə, belə bir araşdırma isə çox qısa bir müddətdə kifayət qədər var-dövlətə sahib olmuş, şəxsi biznes imperiyasını yaratmağa müvəffəq olmuş A.Atambayev üçün yaxşı heç nə vəd etmir. Ən maraqlısı isə odur ki, son zamanlar A.Atambayev qonşu dövlətlərin başçılarını kəskin tənqid edərək, onları "ölkəsinin daxili işlərinə qarışmaq"da suçlamışdı. Bu isə o deməkdir ki, sözügedən araşdırma halları başlayan zaman qonşu dövlətlərin liderləri belə A.Atambayevə həyan ola bilməyəcəklər.
Yerli analitiklərin sözlərinə görə, məhz bu səbəbdəndir ki, A.Atambayev bütün inzibati rıçaqlardan istifadə edərək, Qırğızıstanda prezident seçkilərinin ədalətli və şəffaf keçirilməsinə mane olmağa çalışır. Elə hakimiyyətin təsirində olan KİV-lərdə son günlər prezidentliyə namizəd O,Babanov haqda tənqidi fikirlərin yer almasının da əsas səbəbi budur. "Babanov hər kəsi pula ala bilməyəcək!", "Omurbek Babanov-əsl yalançıdır!", "Babanov öz xeyrini dövlət mənafeyindən üstün tutur! " kimi başlıqlar son günlər iqtidaryönlü mətbuatın səhifələrini bəzəməkdədir. Maraqlısı isə odur ki, həmin KİV-lər hakimiyyətin namizədi olan S.Jeenbekovu az qala xalqın xilaskarı, dünyanın ən demokratik düşüncəli insanı kimi təqdim etməkdən belə çəkinmirlər.
Ekspertlərin sözlərinə görə, prezident seçkilərində qanun pozuntusu o həddə çatıb ki, hətta hakimiyət nümayəndələri ayrı-ayrı regionlarda açıq şəkildə təbliğat apararaq, xalqı Babanov-Torobayev fraksiyasının seçkiqabağı mitinqlərində iştirak etməməyə səsləyiblər. Hətta, bəzi ucqar regionlarda xalqa hədə -qorxu gələrək, onları seçkilərdə aktiv iştirakdan çəkindirməyə belə çalışıblar. Hələ bu azmış kimi, hərbi hissə komandanlığı Bişkekdən ciddi təlimat alıb: bütün şəxsi heyət hakimiyyətin namizədi olan S.Jeenbekova səs versin! Bundan əlavə, təlimatda bildirilir ki, komandirlər əsgərlərin hansı namizədə səs verməsini şəxsən yoxlasınlar.Siyasi şərhçilər belə hesab edirlər ki, bu , yalnız o halda mümkündür ki, komandirlər seçki qutularının başında dayanmış olsunlar. Bu isə açıq-aşkar seçkilərin saxtalaşdırılacağından xəbər verir.
Digər tərəfdən bir sıra büdcə təşkilatlarının rəhbərləri mərkəzdən eyni tapşırığı alıblar-həkimlər və müəllimlər hakimiyyətin nümayəndəsinə səs verməlidirlər. Ən maraqlısı isə odur ki, müəllimlərə xüsusi tapşırıq da verilib ki, günün sonunda səsvermə bülletenlərinin foto şəkillərinə məktəb direktorlarına təqdim etsinlər!
Analitiklərin sözlərinə görə, bütün bu kimi faktlar ona dəlalət edir ki, A.Atambayev nəyin bahasına olursa-olsun seçkilərdə öz namizədini -S.Jeenbekovu "qalib" çıxarmaq niyyətindədir. Odur ki, əgər qırqızlar öz səslərini Omurbek Babanova verəcəkləri təqdirdə, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərinin nəticələrinin dəyişdiriləcəyi gözləniləndir. Belə ehtimal olunur ki, ən yaxşı halda, prezident seçkilərinin ikinci turunun elan ediləcəyi istisna edilmir. Bu zaman isə hakimiyyətin nümayəndəsinin-S.Jeenbekovun qələbəsini təmin etmək bir o qədər də çətin olmayacaq. Yerli siyasi ekspertlər belə hesab edirlər ki, bu. daha çox A.Atambayevin işinə yarayacaq və o, özünün toxunulmazlığını təmin edəcək. Digər tərəfdən isə heç də istisna edilmir ki, A.Atambayev , hətta hökumətin başçısı kürsüsünə də sahib olsun.Analitiklər bu son versiyaya üzərində daha çox dayanırlar. Belə ki, Qırğızıstan konstitusiyasına edilən son dəyişikliklərə əsasən , baş nazir faktiki olaraq hakimiyyətin başçısı hesab olunur. Bu isə deməkdir ki, A.Atambayev daha bir neçə il müddətində "şəxsi biznes"ini genişləndirməkdə davam edəcək . Məhz bu səbəbdən də Almazbek Atambayev bütün dövlət strukturlarını səfərbəy edib ki, seçki prosesini tam nəzarət altına götürsün, ictimai rəyi tərəfdaşı S.Jeenbekovun xeyrinə dəyişsin. Ekspertlər belə hesab edir ki, hakimiyyətin yürütdüyü siyasət artıq ona dəlalət edir ki, prezident seçkilərinin nəticəyəri böyük ehtimalla saxtalaşdırılacaq. Bundan əlavə, bazar günü, səsvermənin davam etməsinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası artıq bəzi "məxfi məlumatlar"ını yaymağa başlayıb. Həmin məlumatlarda hansı seçki məntəqələrində hansı namizədin "qalib gəlməsi" artıq bəllidir. Yerli ekspertlər belə iddi edirlər ki, MSK həmin məlumatları iki variantda hazırlayıb. Birinci variantda, hakimiyyətin namizədi - sabiq baş nazir olan S.Jeenbekovun böyük səs çoxluğu ilə qalib gəldiyi elan olunur. İkinci variantda isə, əgər seçkilərin nəticəsi O.Babanovun xeyrinə olarsa, o zaman hər iki namizədin eyni miqdarda səs topladığı elan olunacaq və onlar ikinci turda mübarizə aparmalı olacaqlar.
Siyasi analitiklər əmindirlər ki, A.Atambayev belə asanlıqla hakimiyəti əldən verməyəcək. Bu isə o deməkdir ki, ölkə tarixində ilk dəfə keçiriləcək demokratik seçkilər fiaskoya məhkumdur və bu şoudan başqa bir şey olmayacaq. Və əgər seçkidən Sooronbay Jeenbekovu qalib çıxaracaqlarsa, o zaman prezident seçkilərinin legitimliyindən söhbət belə gedə bilməz....
Nurlan