Baş katib konkret sualdan niyə yayındı?

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində Assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləməyə və inkişaf etdirməyə dair məsələnin müzakirəsinə qoşulub. S.Seyidov mövzu ilə bağlı dinlənilən məruzənin vacibliyini vurğulayaraq bildirib ki, Assambleyada çox mürəkkəb vəziyyət yaranıb. AŞPA-nın yeni seçilən prezidenti Assambleyada birliyin, vahid mövqeyin təmin edilməsinə nail olacağına və yaranmış böhranı aradan qaldıra biləcəyinə ümid edir.

Səməd Seyidov: "AŞPA-da ayrı-seçkiliyə son qoyulmalıdır"

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində Assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləməyə və inkişaf etdirməyə dair məsələnin müzakirəsinə qoşulub. S.Seyidov mövzu ilə bağlı dinlənilən məruzənin vacibliyini vurğulayaraq bildirib ki, Assambleyada çox mürəkkəb vəziyyət yaranıb. AŞPA-nın yeni seçilən prezidenti Assambleyada birliyin, vahid mövqeyin təmin edilməsinə nail olacağına və yaranmış böhranı aradan qaldıra biləcəyinə ümid edir. Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, Assambleyada çıxış edən şəxs təqdir olunmayan ölkəni təmsil etdikdə, o da təqdir edilmir və onun çıxışına şübhə ilə yanaşılır. Bunun yaxşı presedent olmadığını diqqətə çatdıran S.Seyidov irqi, dini ayrı-seçkiliyin, insanlara inamsız yanaşmağın mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. "Belə yanaşmaların, fərqliliklərə dözümsüzlüyün nəticəsini görmüşük. Keçən əsrin ortalarında yəhudilərə qarşı genosid məhz belə yanaşmanın nəticəsi olub", - deyən S.Seyidov belə məruzələrin ayrı-seçkiliyin aradan qaldırılmasına töhfə verəcəyinə inandığını bildirib. O, məruzənin təqdirəlayiq olduğunu və onun lehinə səs verəcəyini qeyd edib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə bütün Avropa Şurasına ünvanlanın sualını səsləndirib. Suala keçməzdən əvvəl o, müasir dünyanın üzləşdiyi ən müdhiş bəlalardan olan terrorizmə qarşı mübarizədə bütün ölkələrin həmrəylik ifadə etdiyi bir vaxtda erməni terrorizminin əleyhinə kəskin reaksiya verilməməsinin anlaşılmaz bir yanaşma olduğunu bildirib. Milli Məclisin deputatı Ermənistanın beynəlxalq aləmdə mənfur əməlləri ilə məşhur olan "Asala" kimi terror təşkilatının üzvü olaraq saysız terror əməlləri törətmiş cinayətkarlara nəvaziş göstərməsini, onlara Yerevanda heykəl qoyulmasını, xatirələrinin əbədiləşdirilməsini, canilərin milyonlar qazanmasından ötrü onlara geniş biznes imkanları yaradılmasını assambleya üzvlərinə konkret faktlarla bəyan edərək Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda belə bir sual ünvanlayıb: "Terrorizm bu gün bütün dünyanı narahat edən bəladır. Bütün beynəlxalq təşkilatlar və ölkələr terrorizmə qarşı mübarizədə həmrəyliklərini bəyan edirlər. Amma təəccüblüdür ki, Avropada, dünyanın müxtəlif ölkələrində, Cənubi Qafqazda böyük insan itkiləri ilə nəticələnən qanlı terror aktları törətmiş Varujan Qarabedyan, Monte Melkonyan, Vazgen Sislyan kimi terrorçulara Ermənistan dövlətinin xüsusi qayğı göstərməsinə Avropa Şurası göz yumur. Ermənistan dünyada məşhur olan belə terrorçuların ölənlərini rəsmən milli qəhrəman edir, adlarına küçə verir, dirilərinə Ermənistanda geniş biznes imkanları yaradır, terrorizmə dövlət səviyyəsində dəstək göstərir. Avropa Şurasından bütün belə hərəkətlərə etirazı ifadə edən hansısa sərt bəyanatı nə zaman eşidəcəyik?" Rafael Hüseynovun birbaşa cavab tələb edən bu sualının qarşısında T.Yaqland əsas mətləbdən yayınıb, bu problemin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olduğunu, iki üzv ölkə arasındakı qarşıdurmanın təfərrüatları ilə məşğul olmağın ATƏT-in Minsk qrupuna həvalə edildiyini bildirib. Amma Avropa Şurasının da bu münaqişənin diplomatik vasitələrlə həllinə daim töhfə verməyə hazır olduğunu vurğulayıb. "İstənilən halda, harada olmasından asılı olmayaraq bütün terrorizm aktlarını pisləyirik", - deyə T. Yaqland vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva isə AŞPA-da İordaniya ilə bağlı müzakirələrdə azərbaycanlı köçkünlərdən danışıb və çoxlu sayda köçkünü olan ölkələrə dəstəyi artırmağa çağırıb. Millət vəkili Q.Paşayeva AŞPA-da "Evaluation of the partnership for democracy in respect of the Parliament of Jordan"adlı qətnamə layihəsinin müzakirəsi zamanı "Azad Demokratlar Qrupu" adında çıxış edib və Assambleyanı dəstəyə çağırıb: "Mən bir müddət əvvəl İordaniyadaydım. İordaniyalı rəsmilər, qeyri-hökumət təşkilatları və KİV-i ilə görüşmək və söhbət etmək imkanım oldu. Bu müddətdə həm İordaniyanın demokratiya və inkişaf yolunda qət etdiyi yolu, həm də bu yolda qarşılaşdığı məsələləri yaxından gördüm. Mən İordaniyalı dostlarımızı demokratiya və inkişaf yolunda əldə etdikləri uğurlardan dolayı təbrik edir, bu yolda daha çox uğurlar əldə etmələrini arzulayıram. İordaniyanın həm AŞPA ilə yaxın əməkdaşlığı çərçivəsində, həm də qısa zamanda demokratiya və insan haqları məsələsində qət etdiyi yol hər cür dəstəyə layiqdir. İordaniyadakı bu müddətlər çox önəmlidir və bütün bölgəyə müsbət şəkildə təsir göstərə biləcək hadisələrdir. Bu səbəbdən burdan İordaniyaya dəstəyimizin qərarlı şəkildə davamlı mesajının verilməsi son dərəcə önəmlidir. Son illərdə İordaniyanın da daxil olduğu Orta Şərq coğrafiyasında II Dünya Müharibəsindən bu yana insanlıq tarixinin ən böyük dramı yaşanmaqdadır. Suriyada davam edən daxili müharibə, bölgə insanlarının yaşadığı faciə və müharibə ilə birlikdə meydana gələn "köç dalğası" təbii ki müharibənin yaşandığı bölgəyə ən yaxın ölkə olan İordaniyaya da öz dərin təsirini göstərmişdi. Bu gün sayı on minlərlə olan "Suriyalı qaçqın" İordaniyada yaşayır. Türkiyədən sonra ən çox suriyalı qaçqını qəbul etmiş ölkə İordaniyadır. Bu səbəbdən həm Türkiyə, həm də İordaniya hökumətlərinə və iki ölkənın xalqlarına qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməliyik. Mən burdan bu iki ölkənin bütün rəsmilərinə və hər iki ölkənin xalqlarına təşəkkür edirəm. Torpaqlarının 20 fazinin işğal olunması səbəbindən 1 milyon insanı qaçqın və məcburi köçkün düşmüş bir ölkənin təmsilçisi olaraq qaçqın axınınına məruz qalan ölkələrin yaşadığı problemləri də çox yaxşı bilirəm. Sayı yüz minlərlə, milyonlarla olan qaçqınların həyatı əsas məsələ olduqda, qaçqın axınına məruz qalan dövlətin və hökumətin bütün proqramlarının həyata keçirilməsinə öz təsirini göstərir, prioritetləri dəyişir, qaçqınlar və onların problemləri gündəmdəki ilk sıranı tutur. İordaniyada olduğum müddət ərzində Suriyadan gələn qaçqınlarla da görüşdüm. Vətənini, evini, yurdunu tərk etmək bir insan üçün dözülməz bir acıdır. Bu insanların dərdlərinə çarə, acılarına əlac olmaq isə böyük fədakarlıqlar tələb edir. Bu səbəbdən Avropa ölkələri və qeyri-hökumət təşkilatlarının İordaniyaya dəstəklərini artırmaları lazımdır. İordaniya dini və etnik tərkibi etibarilə bu gün Avropa, dünya və insanlıq üçün çox önəmli olan "mədəniyyətlərarası dialoqda" fəal rol oynayan ölkələrdən biridir. Bu üzdən İordaniya Məclisinin üzvlərinin indi bizimlə birlikdə olmaları həm Avropa, həm də AŞPA üçün son dərəcə önəmlidir. Müstəqil Demokratlar Qrupu olaraq biz AŞPA ilə İordaniya arasında əməkdaşlığın qurulması və inkişafı üçün hər cür dəstəyi verəcəyimizi, İordaniyalı məsləkdaşlarımız və bütün İordaniya xalqı ilə əməkdaşlıq etdiyimizi bəyan edir, İordaniya hakimiyyətinin AŞPA ilə əməkdaşlığı çərçivəsində həyata keçirəcəyi layihələrin, islahatların uğurlu olmasını diləyirik".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31