ABŞ-Türkiyə gərginliyi
Birləşmiş Ştatlarla Türkiyə arasında ciddi siyasi böhran yaşanır. Hər şey Amerikanın Türkiyədəki diplomatik nümayəndəliyində çalışan bir əməkdaşının FETÖ terror qruplaşması ilə əlaqədə suçlu bilinərək həbs edilməsindən başladı. Əslində isə bu olaya qədər də Vaşinqton-Ankara münasibətləri bir o qədər normal deyildi.
11 Oktyabr 2017 13:02 SiyasətVə bu gərginliyin Vaşinqton və Ankara üçün mümkün mənfi təsriləri
Birləşmiş Ştatlarla Türkiyə arasında ciddi siyasi böhran yaşanır. Hər şey Amerikanın Türkiyədəki diplomatik nümayəndəliyində çalışan bir əməkdaşının FETÖ terror qruplaşması ilə əlaqədə suçlu bilinərək həbs edilməsindən başladı. Əslində isə bu olaya qədər də Vaşinqton-Ankara münasibətləri bir o qədər normal deyildi. Səbəb isə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin hələ də okeanın o tayında toxunulmazlıq statusuna malik olması və Ankaranın tələblərinə rəğmən Gülənin Türkiyəyə təhvil verilməməsidir. Onsuz da türklər demişkən bardağın daşmasına cüzi bir səbəb lazım idi və o səbəb də baş verdi. Beləliklə, diplomatik nümayəndəlikdə çalışan birisinin terror təşkilatı ilə əlaqələrinin üzə çıxması və həbs edilməsi, ardınca iki ölkə arasında yeni problemlərə yol açdı və tərəflər qarşılıqlı şəkildə viza verilməsini dayandırdı. Ekspertlər Ankara ilə Vaşinqton arasında yaşanan olayların təkcə siyasi və diplomatik sahə deyil, eləcə də iqtisadi sahəyə ciddi təsir göstərəcəyi qənaətindədirlər. Iqtisadçi ekspert Natiq Cəfərli deyir ki, ABŞ-Türkiyə arasında ticarət dövriyyəsi bu ilin ilk 8 ayında 13,7 milyard dollar təşkil edib. Türkiyənin Birləşmiş Ştatlar ixracı bu dövrdə keçən ilin ilk 8 ayına görə 32 faiz artımla 5,8 milyard dollar olub: "
ABŞ-ın Türkiyəyə ixracı isə keçən ilin eyni dövrünə görə azalaraq, 7,9 milyard dollar təşkil edib.
Türkiyənin ABŞ-a ixracı ümumi ixracatının 6 faizə yaxınıdır, ABŞ-ın Türkiyəyə ixracı ümumi ixracının 0,001 faizə yaxınını təşkil edir. Türkiyədə birbaşa ABŞ kapitalının həcmi 100 milyard dollardan çoxdur. ABŞ ölkəyə ən çox investisiya qoyan ilk 5 ölkədən biridir". Natiq Cəfərli hesab edir ki, Türkiyə sivil dünya ilə münasibətləri gərginləşdirir, ölkə son 6-7 ildə tutarsız xarici siyasət aparır: "Gah "Ey Rusiya" deyib Kremli təhdid edir, gah da Putini ən yaxın dostu sayıb, ondan S-400 kompleksi alır. Əsədə "qarsaşım" deyirdi, sonra ən böyük düşməni elan etdi, indi isə onunla Moskva üzərindən gizli danışıqlar aparır. Yaxud, Barzani ən yaxın dostu idi, Şimali İraqda "Kürdüstanın" qurulmasında, orddusunun, iqtisadiyyatının yaranmasında Türkiyə ən böyük rol oynadı, indi Barzani düşmən oldu. Mərkəzi İraq hökumətini heçə sayırdılar, oradan qaçan yüksək vəzifəli məmurlar Türkiyədə gizlənirdi, rəsmi Bağdad ən böyük dost oldu. İrana həmişə şübhə ilə yanaşırdılar, indi İran ən böyük dost oldu, Üç gün öncə Putinlə görüşdü, tam iş birliyi sözü verdilər, dünən Kiyevdə Krımın işğal olunduğunu, Rusiyanın işğalçı olduğunu bəyan etdilər. Bundan başqa Suriyada məzhəb üzərindən siyasət aparıb bəlli qruplara ciddi dəstək verdilər, sonra həmin qruplarla vuruşmağa başladılar. Kifayət qədər bu kimi faktlar saymaq olar. Bütün bunlardan dolayı Birləşmiş Ştatlarla, Avropa Birliyi və dünya ilə böhran yaşanır. Təbii ki, Birləşmiş Ştatların da, Avropa Birliyinin də öz maraqları var, onlar heç də "süddən çıxmış ağ qaşıq" deyillər. Amma dövlət adlanan İnstitutun öz tutarlı, ardıcıl, məntiqli, iqtisadi və siyasi gücünü doğru hesablaya bilən siyasəti olmalıdır".
Məsələyə diplomatik yöndən baxan politoloq Cəbrayıl Fərzəliyev isə qeyd edib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Ağ Ev rəhbəri Donald Tramp sentyabr ayında Vaşinqtonda bir araya gəldi və Tramp "münasibətlərin heç olmadığı qədər yaxın olduğunu" söyləməsinə baxmayaraq, münasibətlərdə birdən-birə böhranın yaranması maraqlıdır: "Buna bənzər bir böhran son Kipr döyüşü sonrasında baş vermişdi. O dövrdə Amerika Türkiyəyə silah embarqosu qoymuşdu və Türkiyədə yüksələn Amerikan ziddiyyətini əks etdirən sol cərəyanların təsiri ilə münasibətlərdə ciddi böhran var idi (1970-ci illərdə). Ancaq o vaxtdan bu yana bu qədər ciddi bir böhran yaşandığını söyləmək mümkün deyil. Ona görə də bu qarşılıqlı münasibətlərdə son 50 ilin ən böyük böhranıdır". Politoloq hesab edir ki, Ankara-Vaşinqton münasibətlərin gərginləşməsinin bir neçə səbəbi var: "Birincisi, təbii ki, ABŞ Amerika səfirliklərində çalışan türk vətəndaşlarının həbs olunmasına qarşı reaksiya göstərir. Əslində bunu bəlkə də Tramp rəhbərliyindən çox Amerikan Xarici İşlər Nazirliyi bürokratiyasının davranışının üzə çıxması olaraq dəyərləndirmək lazımdır. Çünki Amerika Xarici İşlər Nazirliyi öz müəssisələrində işləyən türk vətəndaşlarının həbs olunmasını qəbul etmir, onları qorumaq istəyir və bu səbəbdən İstanbulda, Adanada və ən son olaraq İstanbulda üçüncü bir həbs cəhdinin olması xəbəri artıq bəlkə də Amerikanın bir növ yön dəyişməsi kimi şərh etmək olar. Bu ciddi bir gərginlikdir, çünki Prezident Ərdoğan imici ilə seçkiləri qazanan bir liderdir və geri addım atmayacaq. Ancaq Amerika da geri addım atmayacaq. Çünki indiyə qədər Türkiyə ilə münasibətlərdə böhrandan qaçan bir ölkədir. Demək ki, bu gərginlikdən iki tərəf də qazanaraq çıxmaq istədiyi üçün əslində böhranın hələ bir müddət alovlu qalacağını ehtimal etmək olar. Türkiyənin Rusiya ilə Suriyada gəldiyi son müqavilə və AKP tərəfdarlarının elitada "ABŞ bizim düşmənimizdir" şəklində formalaşan qavrayışı da nəzərə alanda qarşımızda ikitərəfli münasibətlər baxımından Türkiyə üçün çətin bir dövr olduğunu söyləmək olar. Türkiyədə son 15 ildir ki, Ərdoğan və kadrları ritorikaları ilə ABŞ və Qərblə ziddiyyətlərini formalaşdırdı və hazırda Türkiyədə Amerika əleyhinə bir ab-hava var. ABŞ-ın vizanı məhdudlaşdırması, daxildən və xaricdən təcavüz altında olduğuna inanan Ərdoğan tərəfdarlarının ən azı 50 faizinin onun ətrafında daha güclü şəkildə birləşməsinə gətirib çıxaracaq. Bir sözlə, hər iki siyasi elita tərəfindən kompromislə zəngin ritorikalardan istifadə olunmsa, gərginliyin davam edəcəyini ehtimal etmək olar".
Füzuli