Avropa Şurası da xora qoşulub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında əvvəlcə Nazirlər Komitəsinin yay sessiyasından ötən müddət ərzində gördüyü işlər barədə hesabat məruzəsi dinlənilib. Sonra Assambleya üzvlərinin müxtəlif sualları cavablandırılıb. Parlament Assambleyasında Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsi barədə danışan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralekə belə bir sualla müraciət edib: “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti uzun illərdir ki, tam səmərəsizdir.

Rafael Hüseynov: "Qurumda Azərbaycana qarşı işləyən bir komanda var"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında əvvəlcə Nazirlər Komitəsinin yay sessiyasından ötən müddət ərzində gördüyü işlər barədə hesabat məruzəsi dinlənilib. Sonra Assambleya üzvlərinin müxtəlif sualları cavablandırılıb. Parlament Assambleyasında Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsi barədə danışan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralekə belə bir sualla müraciət edib: "Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti uzun illərdir ki, tam səmərəsizdir. Bu məsələnin diplomatik vasitələrlə həlli hər 2 üzv ölkənin Avropa Şurası qarşısında əsas öhdəliklərindən olduğundan təşkilatımızın yaxasını kənara çəkməyə ixtiyarı yoxdur, xüsusən, indiki çox narahat mərhələdə. Bir sıra xarici güclərə arxalanan Ermənistan son dövrlərdə intensiv olaraq atəşkəs rejimini pozur, açıq şəkildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Mingəçevir Su Elektrik Stansiyasını və Azərbaycanın digər mühüm strateji obyektlərini partladacağı ilə hədələyir. Cənubi Qafqazda, kənar qüvvələrin də müxtəlif məqsədlərlə regiona müdaxiləsini mümkünləşdirəcək real genişmiqyaslı müharibə təhlükəsi yaranmışdır. Nazirlər Komitəsi ümumi sözlərlə deyil, konkret təşəbbüslərlə işğalçı Ermənistanın əslində bütün Avropa üçün ciddi təhlükələr vəd edən bu aqressiv hərəkətlərinin qarşısının alınması üçün nə kimi təcili tədbirlər görə bilər?"
Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, bu sessiyada artıq Nazirlər Komitəsinə rəhbərlik müddətləri başa çatan Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek bu sualın cavabında bildirib ki, problemin həlli istiqamətində vasitəçilik missiyasının həyata keçirilməsində əsas qurum ATƏT-in Minsk qrupudur və həmsədrlər danışıqların real nəticələrə aparması istiqamətində səylərini davam etdirirlər: "Avropa Şurası, öz növbəsində, sülh danışıqlarının daha intensiv və müsbət nəticəli olması üçün daha demokratik mühitin formalaşmasına səlahiyyətləri çərçivəsində kömək göstərməyə hazırdır. Əsas niyyət məhz diplomatik vasitələrlə sülhün əldə edilməsi olduğundan bu gedişatda hər hansı tərəfin arzuolunmaz addımları prosesə yalnız mənfi təsir göstərə bilər. Biz Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşlərində problemin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olunacağına ümid bəsləyirik".
Deputat R.Hüseynov əlavə edib ki, arxada qalan müddət ərzində Avropa Şurası həm də bizim müstəqilliyimizi qoruyan ən vacib zirehlərdən biri vəzifəsini yerinə yetirib. Lakin son dövrdə, axırıncı aylar ərzində Azərbaycanı öz siyasi nüfuz dairəsinə salmaq istəyən qüvvələrin təşkilatçılığı və yönəltməsi ilə Azərbaycana qarşı geniş hücum kampaniyası başlanıb: "Bu həmlələrin də məğzini daha çox şər, böhtan, qarayaxma təşkil edir. Təəssüflər olsun ki, həmin qüvvələrin təsiri Avropa Şurasına da gəlib çatıb və Avropa Şurası da həmin xora qoşulub". Deputat bildirib ki, bu qurumda da Azərbaycana qarşı işləyən bir komanda var: "Bu fonda son aylar boyunca Azərbaycanın hədəfə götürülməsi məsələsi ilə bağlı bəzi mülahizələrimi bölüşmək istərdim. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və biz bu ailəyə onu sadəcə nüfuzlu beynəlxalq təşkilat hesab edərək gəlməmişik. Azərbaycan əvvəldən Avropa Şurasına bir yol, məktəb kimi yanaşıb və həm də həmişə bu təşkilata arxalanıb, güvənib. Mən 2001-ci ilin ilk sessiyalarından birindən sonra o zaman Azərbaycan Prezidenti olan Heydər Əliyevlə görüşümüzü xatırlayıram. Bu, mətbuatın iştirakı olmadan keçirilən görüş idi və böyük siyasətçi və dövlət xadimi bizə tövsiyələrini verirdi. Belə bir əhvalatı da söylədi ki, dövlətlərdən birinin başçısı Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı ona deyib ki, nahaq o təşkilata can atırsınız. Elə bizim kimi hey tənqidə məruz qalacaqsınız. Prezident də dərhal belə cavab verib ki, biz tənqiddən qorxmuruq. Qüsurlarımız olsa qoy tənqid etsinlər. Demokratiya yolunu tutmuşuqsa, bu yoldakı hər sınağa dözəcəyik. Bu görüşdən və bizim Avropa Şurasında həqiqi üzv olduğumuz ilk günlərdən 16 il keçir. Bu illər ərzində Azərbaycanın nail olduğu inkişafda Avropa Şurasının danılmaz payı var. Eyni zamanda, bu qurumda mütəmadi olaraq ən kəskin tənqidlər də eşitmişik. Təəssüflər olsun ki, bəzi qüvvələrin təsiri ilə indi Azərbaycana xeyirxah, dost münasibətlər bəsləyənlər belə Azərbaycan haqqında müsbət həqiqətləri dilə gətirməyə ehtiyat edirlər ki, kimlərsə onları bizə işləməkdə qınaya bilər". R. Hüseynov Avropa Şurasının ayrı-ayrı ölkələrə qarşı apardığı qərəzli xəttin çox ziyanlı olduğunu və təşkilatın özünün ciddi böhrana uğramasına əsas yaratdığını da diqqətə çatdırıb: "Hər bir iş, hər bir hərəkət və o cümlədən tənqid yalnız ölçüsündə olanda, ifrata varmayanda, qərəzlə qarışmayanda faydalı ola bilər. Düşünürəm ki, Avropa Şurasının Bürosu, bütövlükdə rəhbərliyi ayrı-ayrı ölkələrə qarşı münasibətdə ikili standartlarla yanaşmalar, xüsusi təzyiq mexanizmləri tətbiq edərək onları bu təşkilatdan bezdirmək kimi arzuolunmaz yoldan çəkinməlidir. Çünki belə təşəbbüslər təşkilatın özünü qısa zamanda çox sürətlə ciddi böhrana və süquta apara bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31