Ankaranın Qərbin təzyiqlərinə ikiqat cavab manevrləri
Qərbin, Birləşmiş Ştatların, eləcə də Avropanın qeyri-səmimi, qərəzli və ədalətsiz münasibəti nəhayət ki, Türkiyəni də radikal addımlar atmaq məcburiyyətində qoydu. Hazırda Türkiyə “Mərdi qova-qova namərd edərlər” tandemini yaşayır. Rəsmi Ankaraya qarşı yerli-yersiz təzyiqlər, onu bu və ya digər məsələdə qərəzli olaraq günahlandırmaq, Türkiyənin Yaxın Şərqdəki yeri və rolunu azaltmağa, onu regiondan sıxışdırıb çıxarmağa çalışan Qərb, Avropa indi Rəcəb Tayyib Ərdoğanın atdığı addımları narahatçılıqla izləməkdədir. Səbəb Türkiyənin uzun illər yaxından müttəfiqlik etdiyi Avropa, Qərblə münasibətlərdə ara saxlaması və Qərbin əsas rəqibi sayılan Rusiya ilə əlaqələrə üstünlük verməsidir. Təbii ki, bu məqam hazırda Qərbin, Avropanın istəmədiyi, arzu etmədiyi haldır.
10 Oktyabr 2017 14:40 SiyasətTürkiyənin Rusiya ilə yaxınlaşması Qərbin Yaxın Şərqdəki planlarını alt-üst edir
Qərbin, Birləşmiş Ştatların, eləcə də Avropanın qeyri-səmimi, qərəzli və ədalətsiz münasibəti nəhayət ki, Türkiyəni də radikal addımlar atmaq məcburiyyətində qoydu. Hazırda Türkiyə "Mərdi qova-qova namərd edərlər" tandemini yaşayır. Rəsmi Ankaraya qarşı yerli-yersiz təzyiqlər, onu bu və ya digər məsələdə qərəzli olaraq günahlandırmaq, Türkiyənin Yaxın Şərqdəki yeri və rolunu azaltmağa, onu regiondan sıxışdırıb çıxarmağa çalışan Qərb, Avropa indi Rəcəb Tayyib Ərdoğanın atdığı addımları narahatçılıqla izləməkdədir. Səbəb Türkiyənin uzun illər yaxından müttəfiqlik etdiyi Avropa, Qərblə münasibətlərdə ara saxlaması və Qərbin əsas rəqibi sayılan Rusiya ilə əlaqələrə üstünlük verməsidir. Təbii ki, bu məqam hazırda Qərbin, Avropanın istəmədiyi, arzu etmədiyi haldır. Nədən ki, Ankaranın Moskva ilə yaxınlaşması Rusiyanı Qərbin təzyuqlərindən, xüsusilə iqtisadi sanksiyalarından sığortalaya bilər. Artıq Məskva üçün bu müsbət tendensiya özünü göstərməkdədir. Belə ki, bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qısamüddətli Türkiyə səfəri ilə məlum təyyarə krizisindən sonra iki ölkə arasında meydana çıxan əksər problemlərin həllini tapdığı bildirilir.
Qərbi, Avropanı Türkiyə-Rusiya əməkdaşlığında ən ciddi narahat edən məqamlardan biri də hər iki ölkənin Yaxın Şərqdə birgə hərəkət etməsidir. Ankara və Moskvanın Yaxın Şərqdə birgə fəaliyyəti istər-istəməz Qərbin regionla bağlı planlarını alt-üst etmiş olur. Hələ üstəlik bu əməkdaşlığa İranı da əlavə etsək, o halda açıq şəkildə deyə bilərik ki, Qərbi Yaxın Şərqdə üçlü formatda ciddi bir maneə gözləyir və Tehran-Moskva-Ankara əməkdaşlığı Qərbin Yaxın Şərqlə bağlı gələcək planlarını əngəlləyir. Ona görə də bu gün Türkiyə Qərbdən, Avropadan ciddi şəkildə təzyiqlərlə üzləşməkdədir. Məlumat üçün qeyd edək ki, Putinin Ankara səfərindən sonra Rəcəb Tayyib Ərdoğanın Tehrana getməsi və iranlı həmkarı ilə görüşməsi təsadüfi sayıla bilməzdi və bu görüş əslində üçlü formada baş tutacaq Ankara-Moskva-Tehran əməkdaşlığının konturlarının müəyyən edilməsi anlamını verirdi.
Bu arada Ankaranın Qərbə, Avropaya vurduğu digər təsirli zərbələrdən biri Ukrayna ilə bağlıdır. Məlumdur ki, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdə olub. Səfər çərçivəsində ukraynalı həmkarı ilə görüşən Türkiyə prezidentinin ikitərəfli əlaqələrlə yanaşı mühüm bir məsələyə də diqqət çəkdiyi bildirilir. Bu da Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyi ilə bağlıdır. Belə ki, Türkiyənin yaxın vaxtlarda Kiyevlə Moskvanı barışdıracağı bildirilir ki, bu məqam da indiki halda Qərbi ciddi şəkildə narahat edir. Çünki Qərb, Avropa Rusiyanın Ukrayna ilə münasibətlərinin gərgin vəziyyətdə qalması üçün hazırda da böyük çaba sərf edir. Ancaq hazırkı vəziyyət nə Kiyev, nə də Moskvaya qətiyyən sərf etmir. Daha doğrusu həm Rusiya, həm də Ukrayna gec də olsa anlaya bilib ki, əslində Krım böhranı Qərbin Kiyev-Moskva düşmənçilyi yaratmaq üçün ortaya atdığı bir plan idi. İndiki halda Ankaranın bu iki ölkəni barışdırması isə Türkiyənin təyyarə krizisindən sonra Qərbə vurmuş olduğu növbəti sarsıdıcı zərbə olar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukaynaya səfərinə toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə daha çox diqqəti iki ölkə arasındakı siyasi və iqtisadi sahədəki əməkdaşlığa yönəldib. Bildirib ki, Ukrayna prezidenti Petro Poroşenko Türkiyə ilə mümkün olan bütün sahələrdə əməkdaşlıq etmək istəyir və bu mənada Türkiyə-Rusiya əməkdaşlığından geri qalmaq istəmir. Onun sözlərinə görə, buna nail olmaq isə bir qədər çətindir: "Çünki Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin qatı tənqidçilərindən olsam da, bu dövlətin Türkiyə ilə əməkdaşlığındakı potensialının Ukraynanın potensialını dəfələrlə üstələdiyini vurğulamaq məcburiyyətindəyəm. Məsələn, Rusiya Türkiyədə dəyəri on milyardlarla dollar həcmində atom elektrik stansiyası tikəcək. Ukraynanın oxşar investsiya imkanları yoxdur. Buna baxmayaraq, Türkiyə bütün yumurtaları eyni səbətə yığmamalı, Rusiya ilə böyük ortaq layihələrin olmasına rəğmən, Ukrayna ilə əməkdaşlığın bütün sahələrində irəriləyiş əldə etməyin hesablarını diqqətə almalıdır. Ukrayna böyük bazardır, Türkiyə şirkətləri üçün bu bazarda böyük imkanlar var. Prezidentlər Kiyevdəki görüşdə qarşılarında böyük hədəf qoydular: İki ölkə arasında ticarət mübadiləsi 10 milyard dollara çatdırılmalıdır. Ərdoğanın Ukraynaya səfərinin nəticəsi olaraq Kiyedə Yunus Əmrə Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Ümumiyyətlə prezidentlər Kiyevdə 9 saziş imzaladılar". Politoloq onu da diqqətə çatdırıb ki, Krım Ukrayna qədər Türkiyə üçün də qırmızı çizgidir: "Ankara yarımadanın Rusiyaya "məxsusluğunu" heç zaman qəbul etməyəcək, bunu Türkiyə Cumhurbaşqanı Kiyevdə bir daha təkrarladı, ayrıca ortada hər iki dövləti dərin tellərlə bağlayan Krım türkləri amili var. Bu arada, Ukrayna xarici işlər naziri Pavlo Klimkinlə Bakıda fikir mübadiləm zamanı Ukrayna-Türkiyə-Azərbaycan üçlü formatının yaradılmasıyla bağlı fikilərin də qısa zamanda reallaşmasını gözləyirəm".
S.İsmayılbəyli