Prezidentlərin görüşündən gözləntilər nədir?
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti dəfə səfəri baş tutdu. Ötən həftə regionda olan vasitəçilər Azərbaycan və Ermənistan prezidentləri ilə bir araya gələrək Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövcud vəziyyəti müzakirə ediblər. Həmsədrlərin Yerevanda və Bakıda keçirdikləri görüşlərin nəticəsi olaraq yaydıqları bəyanatlardan isə aydın olur ki, vasitəçilər bu dəfə daha çox prezidentlərin növbəti görüşünün keçirilməsi ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparıb və tərəflərdən belə bir görüş barədə razılıq əldə olunmasına çalışıblar.
9 Oktyabr 2017 13:37 SiyasətErmənistan görüşdə hər hansı bir ciddi kompromisə getməyəcək
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti dəfə səfəri baş tutdu. Ötən həftə regionda olan vasitəçilər Azərbaycan və Ermənistan prezidentləri ilə bir araya gələrək Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövcud vəziyyəti müzakirə ediblər. Həmsədrlərin Yerevanda və Bakıda keçirdikləri görüşlərin nəticəsi olaraq yaydıqları bəyanatlardan isə aydın olur ki, vasitəçilər bu dəfə daha çox prezidentlərin növbəti görüşünün keçirilməsi ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparıb və tərəflərdən belə bir görüş barədə razılıq əldə olunmasına çalışıblar. Artıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da prezidentlərin görüşünün mümkünlüyü barədə açıqlama verərək həftə ərzində həmin görüşün yeri və vaxtı barədə əlavə bilgi veriləcəyini söyləyib. Bəs görəsən, ekspertlər vasitəçilərin regiona bu dəfəki səfəri və dövlət başçılarının gözlənilən mümkün görüşü barədə nə düşünürlər? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, həmsədrlərin bu dəfəki səfərin proqramı hələ ötən ay BMT-nin Baş Assambleyası çərçivəsində vasitəçilərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə keçirdiyi görüşdə əldə edilmişdi. Politoloqun sözlərinə görə, ilk səfərlərini Yerevandan başlayan həmsədrlər, Ermənistan prezidenti Serj Sərkisyanla görüşərək, münaqişənin həlli ilə bağlı təkliflərini birgə müzakirə ediblər: "Serj Sərkisyanla görüşdə, prezidentlərin keçirilməsi nəzərdə tutulan görüşün detalları müzakirə olunsa da, ictimaiyyətə bu barədə informasiya verilmədi. Vurğulamaq lazımdır ki, Ermənistanın danışıqlara başlaması, bir müddət əvvəl işğalçı ölkəyə cəbhədə edilən təzyiqlərin nəticəsidir. Xatırlamaq lazımdır ki, avqust ayında Rusiya prezidenti Vladimir Putin və işğalçı ölkə rəhbəri Serj Sərkisyanın görüşü ərəfəsində Birləşmiş Ştatların "Hoqland prinsiplərini" elan etməsi, Moskva və İrəvana birbaşa mesajı idi. Məhz bundan sonra, Rusiyanın ictimai və ekspert dairələrində fəallaşma nəzərə çarpmağa başladı. Kremlin danışan dilləri hərəkətə keçərək, beş rayon vurğusunu irəli sürdülər. Baxmayaraq ki, rəsmi Kreml bu barədə rəsmi və qeyri-rəsmi açıqlama vermir". Məhəmməd Əsədullazadə hesab edir ki,
hazırda yüksək səviyyədə danışıqlar bərpa edilib: "İrəlləyiş üçün ilk növbədə Ermənistan ətraf rayonları qeyd-şərtsiz boşaltmalıdır. Əgər, buna getməyəcəksə, danışıqlar yenidən sıfırlanacaq. Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri prezidentlərin görüşünü təşkil etmək idi. Artıq, görüşün baş tutması üçün iki tərəflə razılıq əldə olunub. Yerevandan Bakıya gələn həmsədrlərin prezident Ilham Əliyevlə görüşündə təbii ki, danışıqların hansı formatda keçiriləcəyi və masada olan detallar barədə fikir mübadiləsi aparılıb. Qeyd edim ki, prezidentlərin nəzərdə tutulan görüşündə masada olan hansı həll planı üzrə danışıqların aparılması barədə məlumat verilmir. Görünür, həll variantının detalları bu və ya, o biri tərəfin maraqlarına bir o qədər cavab vermədiyinə görə gizli saxlanılır. Danışıqlarda müzakirə olunacaq mərhələli planı özündə ehtiva edən "Hoqland prinsipləri" yoxsa, Rusiyanın son günlər səsləndirdiyi "Lavrov planı" kimi təqdim edilən beş rayonunun qaytarılmasını özündə əks etdirən " paket həll" variantıdır? Azərbaycan ictimaiyyətinə bu barədə məlumat verilmir. Bu barədə görünür, prezidentlərin görüşündən sonra açıqlama verilsin. Amma, masada olan plan Rusiyanın irəli sürdüyü təklifləri özündə əks etdirən beş rayon və Azərbaycan üçün məqbul olmayan şərtlər qeyd edilibsə, buna Azərbaycan qəti surətdə etiraz etməlidir". Politoloq bildirib ki, Ermənistan tərəfi gözlənilən görüşdə, hər hansı bir ciddi kompromisə getməyəcək: "Çünki, bu görüş Sərkisyana daxili auditoriyası üçün lazımdır. Gələn il "barışmaz"mövqeyi kimi yenidən hakimiyyəti əlində saxlasın. Hazırda Rusiya konfliktin real həllində maraqlı deyil. Ortada Azərbaycanın maraqlarına uyğun həll variantını Rusiya qəbul etməyəcək. Yalnız, beş rayon əvəzinə öz "sülhməramlı qüvvələrini" Qarabağa yerləşdirməklə münaqişənin həllində maraqlıdır. Başlanan danışıqlar sürəcində optimist fikirlər səslənsə də, prezidentlərin görüşündə müsbət nəticə əldə olunmayacaq. Qeyd edim ki, həmsədrlər çalışır ki, ortaq kompromis ortaya çıxarsınlar. Bu kompromisdə hansı bəndlərin olacağı isə, qeyd edilmir. Azərbaycan öz kompromisini daima qeyd edərək, ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət statusu verəcəyini bildirib. Bundan artıq ərazi bütövlüyünü təhdid edən kompromislə bağlı danışıqlara qatılmaq vaxt itkisidir. Azərbaycan "Hoqland planı" çərçivəsində yalnız danışıqlara hazır olduğunu bildirməlidir. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Rusiyanın təzyiqi olmadan heç bir güzəştə danışıqlar yolu ilə gəlməyəcək. Rusiya da hələ ki, Ermənistana təzyiq etmək fikrində deyil. Ötən gün Rusiyanın Avrasiya İttifaqı məsələləri üzrə rəsmi nümayəndəsi qeyd etdi ki, Qarabağ münaqişəsinin həlli Avrasiya İttifaqına Azərbaycanın inteqrasiyasından aslıdır. Artıq, prezidentlərin görüşü ərəfəsində Rusiyanın bu mövqeyi, anlaşılmaz və danışıqlar prosesini sabotaj etməkdir".
Füzuli