Avropa Şurasının ikili standartı və qərəzli mövqeyi

Sirr deyil ki, Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəinki real addımlar atmayıb, heç bu təşəbbüsdə bulunmayıb da. Müxtəlif siyasi təsir rıçaqlarına malik AŞ quruma üzv olan təcüvüzkar dövlətə təzyiq etmək əvəzinə, onun himayədarına çevrilib.

Prezident: Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı

Sirr deyil ki, Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəinki real addımlar atmayıb, heç bu təşəbbüsdə bulunmayıb da. Müxtəlif siyasi təsir rıçaqlarına malik AŞ quruma üzv olan təcüvüzkar dövlətə təzyiq etmək əvəzinə, onun himayədarına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa Şurasının bəzi rəhbərlərinin, eləcə də qurumda təmsil olunan bəzi dairələrinin Azərbaycana qarşı qeyri-obyektiv mövqeyini tam əsaslandırılmış şəkildə onların diqqətinə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, əslində, Azərbaycan adıçəkilən quruma üzv olarkən, xalqımız bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli prinsiplər və ərazilərimizin bütövlüyü çərçivəsində həll olunmasına ümid edirdi. Ancaq bunun yerinə ikili standartlar və qərəzlər daha önə çıxdı, Avropa Şurasının Azərbaycana yönəlik fəaliyyəti uğursuz nəticələrlə müşahidə olundu: "Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı". Məhz bu kimi qətiyyətli arqumentləri önə çəkən dövlət başçısı qeyd edilənlərlə yanaşı, bu qurum tərəfindən ölkəmizə qarşı daha qərəzli və demokratik dəyərlərə sığmayan hücumların edildiyini xatırladıb.
Millət vəkili Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı, təşkilat Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi: "Təcavüzkar Ermənistan bu gün də Azərbaycan ərazilərini işğal altında saxlayır, Azərbaycana qarşı soyqırımı həyata keçirib, ancaq təəssüflər olsun ki, Avropa Şurası tərəfindən buna heç bir reaksiya verilmir, heç bir diqqət yetirilmir". B.Əliyev qeyd edib ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına, siyasətçilərin güllələnməsinə baxmayaraq, Avropa Şurası bütün bunlara göz yumur. Millət vəkili vurğulayıb ki, dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil: "Azərbaycan Avropa Şurasının möhkəmlənməsinə öz töhfəsini verdi, amma onlar Azərbaycanla bağlı heç bir müsbət iş görmədilər, əksinə, Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, iftiralar atılır və təəssüflər olsun ki, bu, Avropa Şurasının rəhbərliyi səviyyəsində dəstəklənir və hətta Avropa Şurası rəhbərləri bu çirkin kampaniyaya başçılıq da edir. Bu, Avropa Şurasının heç bir prinsipinə, məqsədinə uyğun deyil. Ona görə də əgər Azərbaycan Avropa Şurasını tərk etsə, Azərbaycan bundan heç nə itirmir, amma Avropa Şurası bundan çox şey itirə bilər. Ona görə də düşünürəm ki, bu məsələyə ciddi reaksiya verilməlidir və Azərbaycanın haqq mövqeyi dəstəklənməlidir, Azərbaycana obyektiv münasibət olmalıdır". Deputat Elman Nəsirov bildirib ki, biz dəfələrlə müəyyən beynəlxalq siyasi dairələr, beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası tərəfindən Azərbaycana qarşı təzyiqlərin şahidi olmuşuq. Son zamanlar antiazərbaycan kampaniyasının Avropa Şurasının rəhbərliyi səviyyəsində daha da intensiv xarakter aldığını görürük. E.Nəsirov əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi beynəlxalq təşkilatlarda yanaşma obyektiv və vahid olmalı, Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır: "Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də bu məsələyə xüsusi diqqət ayırdı. Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına üzv olub. Ancaq saxta seçkilərin keçirildiyi, parlamentdə siyasətçilərin güllələndiyi, işğalçı, terrorizmi dövlət siyasətinə qaldırmış Ermənistana Avropa Şurasının loyal, dayanıqlı inkişaf yolu seçmiş Azərbaycana isə qərəzli münasibətinin şahidi olduq". Deputat qeyd edib ki, təzyiqlər Azərbaycanın müstəqil siyasət aparması, müsəlman ölkəsi olaraq inkişaf etməsi ilə bağlıdır: "Antiazərbaycan qüvvələr hər zaman çalışırlar ki, müəyyən beynəlxalq siyasi dairələrdən ölkəmiz əleyhinə təzyiq vasitəsi kimi istifadə etsinlər. Onlar Azərbaycandakı ictimai-siyasi sabitliyi həzm edə bilmirlər".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31