Prezidentdən Avropaya Qarabağ mesajı

İndi həm Azərbaycanda, həm də Qərbdə, Avropada əsas müzakirə mövzularından biri bu günlərdə dövlət başçısı İlham Əliyevin sözün əsl mənasında sözügedən güc mərkəzlərinə keçdiyi dərsdir. Məlumat üçün qeyd edək ki, oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Avropa Azərbaycanın işğalına seyrçi qaldıqca və Ermənistan hakimiyyətinə təsit etmədikcə müharibə ehtimalı azalmayacaq

İndi həm Azərbaycanda, həm də Qərbdə, Avropada əsas müzakirə mövzularından biri bu günlərdə dövlət başçısı İlham Əliyevin sözün əsl mənasında sözügedən güc mərkəzlərinə keçdiyi dərsdir. Məlumat üçün qeyd edək ki, oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib. Azərbaycana səfərləri çərçivəsində dövlət başçısının qəbulunda olan avropalı diplomatlarla Azərbaycan Prezidenti arasında bir çox məsələləri əhatə edən söhbət aparılıb, fikir mübadiləsi edilib. Sözügedən görüşdə ən diqqət çəkən məqam isə Azərbaycan Prezidentinin avropalı diplomatların timsalında qoca qitəyə, Qərbə etdiyi tövsiyələr oldu. Bir növ Azərbaycan Prezidenti növbəti dəfə demokratiya, insan hüquq və azadlıqlarından dəm vuran Qərbə, Avropaya dərs keçmiş oldu. Ən əsası ölkəmizin Avropanın qərəzli yanaşmaları, münasibətindən artıq bezdiyini, usandığını açıq şəkildə avropalı diplomatların diqqətinə çatdıran dövlət başçısı açıq şəkildə və haqlı olaraq Avropaya meydan oxuyaraq lazım gəldiyi halda hətta Avropa Şurasından çıxa biləcəyimiz də qətiyyətlə vurğuladı. Çünki prezidentin də qeyd etdiyi kimi Avropa Şurası Azərbaycana qarşı heç də ədalətli davranmır, qərəz nümayiş etdirir. Ona görə də öz üzvünə hörmətlə yanaşmayan, qeyri-səmimi olna bir qurumla əməkdaşlığa da gərək yoxdur. Və Azərbaycan Avropa Şurasından çıxmaqla heç nə itirməyəcək. Əksinə bundan itirən Avropa olacaq. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayan ölkələrdən biridir. Əgər Krım böhranına qədər müəyyən mənada Rusiya Avropanın enerji təhlükəsizliyində rol oynayırdısa, sözügedən problemdən sonra Qərbin, Avropanın Kremlə olan münasibəti dəyişib, Moskvaya qarşı hələ də Qərbin sanksiyaları qalmaqdadır. Bunun qarşılığında isə Rusiya Avropaya enerji daşıyıcıları ötürmək planına yenidən baxmalı olub ki, nəticə etibarilə hazırkı durumda qoca qitənin enerji təhlükəsizliyi sual altındadır. Onun enerji təhlükəsizliyini indiki halda yalnız Azərbaycan qarşılaya bilər. Ona görə də Avropa Azərbaycana qarşı qərəzli, ədalətsiz davranışlar sərgiləməklə daha çox özünə ziyan vurmuş olacaq.

Prezident İlham Əliyevin avropalı diplomatlarla keçirdiyi görüşdə əsas müzakirə mövzusu olan və fikir mübadiləsi aparılan məsələ də Dağlıq Qarabağ problemi oldu. Çünki bu problemin həll olunmaması birbaşa Avropanın da təhlükəsizlik maraqlarına toxunur. Görüşdə dövlət başçısının sözlərindən aydın oldu ki, Ermənistan danışıqlardan yayınır. İrəvan ötən ilin aprel savaşından sonra da eyni taktikaya üstünlük verib. Ermənistan o zaman iddia etdi ki, atəşkəsi guya Azərbaycan pozub və belə vəziyyətdə Ermənistan hakimiyyəti danışıqlarda iştirak etməyəcək. Ancaq üstündən bir neçə gün sonra yenidən danışıqlara qatıdılar. Çünki Moskvadan əmr aldılar və bu əmrə tabe olmaqan başqa alternativləri yox idi. Elə indi də, əgər Moskvadan yenə əmr alsalar başlarını aşağı salıb danışıqlara qatılacaqlar. Prezidentin avropalı diplomatlarla keçirdiyi görüş barədə fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, danışıqlara qatılmamaq status-kvonun uzanması bu isə yenidən bölgədə toqquşma ehtimalını artıracaq: " Prezidentin Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal altında saxlaması faktını xatırlaması isə o demək idi ki, erməni separatçıları bu rayonlardan şantaj predmeti kimi istifadə etdikcə vəziyyət normallaşmayacaq. İlham Əliyevin Avropaya mesajı bu şəkildə idi: Avropa Azərbaycanın işğalına seyrçi qaldıqca və Ermənistan hakimiyyətinə təsit etmədikcə müharibə ehtimalı azalmayacaq". Politoloq deyib ki, İlham Əliyev Qarabağdan danışarkən avropalı qonaqlara Şimali İraq və Kataloniyadakı referendumları da xatırladıb və bununla demək istəyib ki, xalqların özmüqədərratının təyini hüququ ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır: "Helsinki Yekun aktı da məhz bu yanaşmanı diqtə edir. Şimali İraq və Kataloniyadakı referendumlar fərqli iki bölgədə gərginliyə səbəb olub. Şimali İraqdakı referendum bölgədə hər an toqquşma ehtimalını artırıb. Türkiyə, İran və İraq Kürdüstan dövlətinin yaradılmasının əleyhinədirlər, bunun bölgə üçün dağıdıcı olacağını vurğulayırlar. Eləcə də Kataloniyadakı referendum İspaniyanın ərazi bütövlüyünü şübhə altına alınmasına yönəlib. Aydındır ki, Bağdad kimi Madrid də ərazisinin itirilməsiylə razılaşmayacaq, separatçılara müqavimət göstərəcək. Avropa bu iki referenduma qiymət verməkdə çətinlik çəkir. Doğrudur, Avropa İttifaqı həm İraqın, həm də üzvü olduğu İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq separatizmə qiymət verməkdə də çətinlik çəkir. Belə davam etdikcə Avropanın özündə bölünmə prosesi sürətlənəcək. İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, Brüssel bu məsələlərdə çaşbaş qalınca vəziyyəti Avropa İttifaqının zərərinə inkişaf edəcək. Separatçılıq hər yerdə pislənilməlidir".Elxan Şahinoğlu onu da diqqət çatdırıb ki, Azərbaycan tərəfinin haqlı iradlarından sonra Avropa Bakıya qarşı qərəzli yanaşmasını bir qədər azalda bilər. Çünki Azərbaycan kimi, Avropanın da müəyyən mənada Azərbaycana ehtiyacı var: " Birincisi, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə ədalətli qətnamələr qəbul edib, birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayıblar. Bu qətnamələr kağız üzərində qalsa da, Azərbaycan üçün qiymətləndirmə də vacib olmalıdır. Ona görə də Azərbaycan AŞPA-nı tərk etməməlidir. Əks halda Ermənistan Azərbaycanın bu təşkilatda yoxluğundan istifadə edərək Azərbaycan əleyhinə qətnamələr qəbul etmək imkanı qazanacaq. İkincisi, Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşıdırlar. İlham Əliyev də görüşdə vurğuladı ki, Azərbaycannın enerji məhsulları əsas Avropa bazarına yönəlib. Tikilməkdə olan TAP və TANAP boru xətlərinin məqsədi də elə budur. Digər tərəfdən Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişi imzalanmalıdır. Bu istiqamətdə çalışmalar davam edir. Bu mənada Azərbaycan prezidentinin ötən dəfəkindən fərqli olaraq bu dəfə Avropa İttifaqının Şərq Tətəfdaşlıq Proqramının zirvə toplantısına qatılmaq qərarı doğrudur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31