Spiker: Azərbaycanla Aİ arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr yenidən fəallaşıb

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Volter Stevensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, sədr bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişafında maraqlıdır.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Volter Stevensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, sədr bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişafında maraqlıdır.

Qeyd edilib ki, son dövrlərdə tərəflər arasında müsbət dinamika müşahidə olunmaqdadır. Aİ ilə Azərbaycan arasında vaxtilə imzalanmış Saziş bugünün reallıqlarla uyğunlaşmır. Buna görə də tərəflər arasında yeni sənədin imzalanması üzrə danışıqlar aparılır. Spiker ümidvar olduğunu bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da dərinləşməsinə maneçilik törədən hallar tezliklə öz məntiqi həllini tapacaq. Bildirilib ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da, Avronest PA-da, Avropa Parlamentinin (AP) tədbirlərində fəal iştirak edir. Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərdə birillik durğunluqdan sonra əməkdaşlığımız güclənməkdədir: "Bu hal Parlament Əməkdaşlıq Komitəsi və Avronest PA çərçivəsində də müşahidə olunmaqdadır. Biz bu dinamikanı qoruyub saxlamaq niyyətindəyik. Çox təəssüf ki, son bir neçə ayda münasibətlərimizə xələl gətirmək istəyən qüvvələr yenidən fəallaşaraq, Azərbaycanı Avropa İttifaqından kənarda tutmaq üçün səylər göstərirlər. Biz hər zaman bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa tərəfdar olmuşuq. Ancaq bir sıra Avropa qurumları tərəfindən ölkəmizə yanaşmada ciddi gərginliyə səbəb ola biləcək addımlar atılmaqdadır. Bizə təzyiq etmək istəyən qüvvələrə dəfələrlə sübut etmişik ki, Azərbaycanla siyasi təzyiq dilində danışmaq olmaz. AŞPA və AP tərəfindən Azərbaycanla bağlı sənəd qəbul etmək artıq bir ənənə halı almışdır. İnsan hüquqları ilə əlaqədar müxtəlif mətbu orqanlarda dərc olunmuş yazılar əsasında ölkəmizlə bağlı belə addımların atılması qəbuledilməzdir. Belə məsələlərdə rəsmi qurumların da fikrini öyrənmək daha obyektiv olardı. Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının qorunması, demokratiyanın daha da möhkəmlənməsi üçün gərəkli olan addımları atır. Müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya və demokratiyanın daha da dərinləşməsi xalqımızın düşünülmüş, şüurlu seçimi olmuşdur və biz bu siyasətə bu gün də sadiqik".
Sədr qeyd edib ki, demokratiya, insan haqları, qanunun aliliyi kimi prinsipləri regional, siyasi reallıqlardan və təhlükəsizlik anlayışından kənarda dəyərləndirmək olmaz. Bu, gələcəkdə çox ciddi fəsadlar törədə bilər: "Təbiidir ki, hər bir ölkədə bəzi sahələrdə çatışmazlıqlar da vardır. Bizi tənqid edən Avropa ölkələrinin özlərində də müxtəlif sahələrdə problemlər mövcuddur. Lakin onların məhz Azərbaycanda olan bir sıra nöqsanları qəsdən şişirtməsi və beynəlxalq təşkilatları da buna alət edərək ölkəmizə təzyiq göstərməsi anlaşılan deyil. İkili standartlara son qoymağın vaxtı çoxdan çatmışdır". Spiker fikrinin təsdiqi kimi Avropa Şurası Baş katibinin və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu mövqedən çıxış edərək, atdıqları addımlara diqqət çəkib: "Bildirib ki, ölkəmiz beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Milli Məclisdə Avropa Şurasının onlarla konvensiyası ratifikasiya olunmuşdur. Çox təəssüf ki, insan hüquqları haqqında ağzıdolusu danışan bəzi siyasətçilər Azərbaycanın 20 faiz torpağının işğal olunmasına, 1 milyon insanın öz yurdlarından didərgin düşməsinə, Xocalı soyqırımına göz yumurlar. BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, AP-ın və digər beynəlxalq qurumların Dağlıq Qarabağ ilə əlaqədar qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməməsinə biganə yanaşırlar. Bu kimi hallar haqlı olaraq ölkə ictimaiyyətində suallar doğurur. Azərbaycanın yerləşdiyi regionu tanımayan, mövcud geosiyasi reallıqlardan xəbərsiz insanların bölgədə baş verən hadisələrə qiymət verməsi ən azından qeyri-ciddi bir hərəkətdir. Az-çox məlumatı olan hər kəs Dağlıq Qarabağ münaqişəsinin bölgə ölkələri üçün, xüsusilə də Azərbaycan üçün siyasi yükünü yaxşı başa düşür. Məhz buna görə də ayrı-ayrı təşkilatların və siyasətçilərin Azərbaycana davamlı təzyiqləri fonunda Ermənistana münasibətdə loyallıq göstərmələri çox qəribədir. Ümid edirik ki, gələcəkdə belə hallarla rastlaşmayacağıq. Biz bütün beynəlxalq qurumlarla bərabərhüquqlu əməkdaşlığa hazırıq".
 Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Volter Stevens Aİ ilə Milli Məclis arasındakı əlaqələrin inkişafını yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycan Avropada öz tolerantlığı ilə seçilən, müxtəlif sivilizasiyaların qovuşduğu bir məkan kimi tanınır: "Müstəqil Azərbaycanın təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə verdiyi dəstək Avropa ictimaiyyətinə yaxşı məlumdur. Biz bütün bunları yüksək qiymətləndiririk. Xüsusi qeyd edildi ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərini daha da dərinləşdirmək, inkişaf etdirmək niyyətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31