Avropanın “ədalət carçılarına” ədalət dərsi
Artıq bir neçə ildir ki, rəsmi Bakı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin timsalında Qərbin, Avropanın “ədalət carçılarına” sözün həqiqi mənasında ədalət dərsi keçir. Hələ bir neçə il əvvəl dövlət başçısı demək olar ki, Avropanın mərkəzindən, Almaniyadan başlamış oldu Avropaya. Qərbə ədalət dərsi keçməyə. Bu ölkəyə səfəri çərçivəsində alman kansler Angela Merkellə görüşdə Avropanı, Qərbi ikili standartlarda ittiham edərək, qoca qitədən ölkəmizə qarşı müntəzəm olaraq qərəzli münasibətlər sərgiləndiyini açıq şəkildə ifadə edən Azərbaycan Prezidenti daha sonra Brüsselə səfəri çərçivəsində də “ədalət carçılarına” vacib xatırlatmalar etdi.
5 Oktyabr 2017 14:48 SiyasətQoca qitə bu dərsdən nəticə çıxarmalıdır
Artıq bir neçə ildir ki, rəsmi Bakı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin timsalında Qərbin, Avropanın "ədalət carçılarına" sözün həqiqi mənasında ədalət dərsi keçir. Hələ bir neçə il əvvəl dövlət başçısı demək olar ki, Avropanın mərkəzindən, Almaniyadan başlamış oldu Avropaya. Qərbə ədalət dərsi keçməyə. Bu ölkəyə səfəri çərçivəsində alman kansler Angela Merkellə görüşdə Avropanı, Qərbi ikili standartlarda ittiham edərək, qoca qitədən ölkəmizə qarşı müntəzəm olaraq qərəzli münasibətlər sərgiləndiyini açıq şəkildə ifadə edən Azərbaycan Prezidenti daha sonra Brüsselə səfəri çərçivəsində də "ədalət carçılarına" vacib xatırlatmalar etdi. Bunların ardınca isə Azərbaycan dövlət başçısı keçən ay BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı bir daha dünyaya, Qərbə, Avropaya ədalətli olmağı, ikili standartlardan əl çəkməyi tövsiyə etdi. Dövlət başçısının dünyanın ən nüfuzlu təşkilatının kürsüsündən elə dünyanın özünə ədalət dərsi keçməsi təbii ki, Azərbaycana qarşı hər zaman ikili standartlar sərgiləyən, ölkəmizin müstəqil siyasət həyata keçirməsini istəməyən qüvvələrin ürəyincə deyildi və Bakıya qarşı adekvat addımların atılacağı şübhə doğurmurdu. Gözlənilən kimi də oldu və çox keçmədən Azərbaycandan qisas almaq kimi iddialara düşən Avropanın bəzi siyasiləri Bakının Avropa Şurasından uzaqlaşdırılması təşəbbüsündə bilundular. Nədən ki, Azərbaycan dövlət başçısı məhz onların gözünün içinə baxa-baxa yol verdikləri nöqsanları, ikili yanaşmalarını ortaya qoymuş, onları ədalətli davranış nümayiş etdirməyə çağırmışdı.
Nəhayət, Azərbaycan Prezidenti avropalılara növbəti ədalət dərsini ötən gün keçdi. Avropa Birliyinin Brüsseldə akkreditə edilmiş səfirlərinin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləriylə keçirdiyi görüşdə. Azərbaycan Prezidenti rəsmi Bakının Qərblə əməkdaşlığının keçmişinin qiymətləndirilməsi, bu günü və gələcəyi baxımından çox önəmli məsələlərə toxundu. Eyni zamanda Prezident İlham Əliyev heç bir dövlət başçısının demək olar ki, cürət etmədiyi fikirləri avropalı siyasilərin diqqətinə çatdırmaqla Qərbə, qoca qitəyə üçüncü, ən önəmli dərs keçmiş oldu. Xüsusilə, Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı qaldırılan məsələyə toxunan Prezident İlham Əliyev açıq şəkildə ifadə etdi ki, Azərbaycan Avropa Şurasından çıxarılsa belə heç nə itirməyəcək. Hətta Azərbaycan Preizdenti onu da avropalıların diqqətinə çatdırdı ki, qitənin əsas siyasi təsisatlarından sayılan Avropa Şurasına cəmiyyətin mövqeyi o qədər müsbət, birmənalı deyil. Çünki Azərbaycan xalqı da bu qurumun ikili yanaşma, standart ortaya qoyduğunun fərqindədir: "Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və "bizim o təşkilatda nə işimiz var kimi" fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq". Azərbaycan Prezidentinin avropalı qonaqlara xatırlatdığı digər mühüm məqam ondan ibarət idi ki, Bakı hər hansı təzyiqlərə baxmayaraq bundan sonra da öz müstəqil siyasətini yürüdəcək. Azərbaycanın demokratik cəmiyyətin bir üzvü kimi atmış olduğu addımlar, demokratiya və insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatı üçün gördüyü işlər isə ölkəmizin kimdənsə, hansısa siyasi təsisatdan qorxub çəkinməsi anlamı kimi başa düşülməməlidir: "İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik".
Göründüyü kimi, Azərbaycanın öz qəti və prinsipial mövqeyi ortadadır. Bu mövqe isə yalnız və yalnıız xalqın maraqlarına uyğundur. Ona görə də Azərbaycan Prezidenti qətiyyətlə Avropadan, Qərbdən gələn təzyiqlərə, təhdidlərə layiqli cavab verir, onları ədalətli olmağa çağırır. Çünki reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanın Avropaya deyil, əksinə Avropanın Azərbaycana daha çox ehtiyacı var. Bu ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsinə aiddir. Əgər Avropa öz enerji təhlükəsizliyini təmin etmək istəyirsə, deməli Azərbaycan Prezidentinin iradlarından, dərsindən nəticə çıxarmalıdır.
S.İsmayılbəyli