Azərbaycanın yürütdüyü daxili siyasətdən narahat olanlara
Azərbaycan müstəqillik əldə etdikdən bəri xarici qüvvələrin təhdidləri ilə üzləşmək zorunda qalıb. Hazırda da prezident seçkiləri ərəfəsində olan Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artması müşahidə olunur. Diqqətə çatdıraq ki, indiki məqamda Azərbaycana yönələn xarici təhdidlər 1990-cı illərin Azərbaycanını xatırladır.
5 Oktyabr 2017 14:40 Siyasətİlham Əliyev: "Azərbaycanda daxili təhlükə mövcud deyil, bütün təhlükələr xaricdən qaynaqlanır"
Azərbaycan müstəqillik əldə etdikdən bəri xarici qüvvələrin təhdidləri ilə üzləşmək zorunda qalıb. Hazırda da prezident seçkiləri ərəfəsində olan Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artması müşahidə olunur. Diqqətə çatdıraq ki, indiki məqamda Azərbaycana yönələn xarici təhdidlər 1990-cı illərin Azərbaycanını xatırladır. Lakin ötən müddət ərzində Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi islahatlar, həyata keçirilən balanslaşdırılmış xarici siyasət deməyə əsas verir ki, bu dəfə də ölkəmiz əsassız ittiham və qarayaxmalardan alnı açıq üzü ağ çıxacaq. Xatrıladaq ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət, vətəndaşlarının rifah halının yüksəlməsinə hesablanmış mütərəqqi addımlar ölkədə sabitliyən təmin olunması ilə nəticələnib. Qonşu ölkələrilə müqayisədə yüksək sosial təminatla əhatə olunmuş vətəndaşlar bir amal, bir məslək- işğal edilmiş Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi tütövlüyünün təmin edilməsini hədəf seçiblər. Çox təəssüf ki, ölkəmizdə yaradılan əmin-amanlıq, iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq reytinqinin artması bizi istəməyən qüvvələri daim narahat etməkdədir. Elə bu səbədən də yeri gəldi-gəlmədi ölkəmizə qarşı əsassız ittihamlar yağdırmaqda davam edirlər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki çıxışı zamanı deyib ki, Azərbaycanda daxili təhlükə mövcud deyil, bütün təhlükələr xaricdən qaynaqlanır. Beynəlxalq terrorizmə toxunan dövlətimizin başçısı qeyd edib: "Beynəlxalq terrorizmlə bağlı məsələlərə gəldikdə, bir qədər əvvəl qeyd etdiklərim bununla bilavasitə əlaqəlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq terrorizmlə mübarizədə yalnız hərbi vasitələrlə uğur qazanmaq mümkünsüzdür. Çünki əvvəlcə ideoloji təhlükələrdən qorunmaq lazımdır. İnsanları qane edəcək yaşayış standartları və rahatlıq təmin olunmalıdır ki, onlar həyatlarından məmnun olsunlar. Onlar təhsil almalıdırlar. Qeyd etdiyim kimi, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır". İlham Əliyev bildirib ki, Azərbaycanda getdikcə daha çox savadlı gənclər müxtəlif mühüm vəzifələrdə çalışırlar: "Yəni, bu, ekstremizmə qarşı əsas səddir. Terrorizm prosesin son mərhələsidir. Manipulyasiya, savadsızlıq, təbliğat, narazılıq, sosial qeyri-bərabərlik, yoxsulluq, işsizlik və nəhayət, terrorizm. Yəni, bütün bu amillər aradan qaldırılmalıdır. İşsizlik bizdə 5 faiz təşkil edir. Əslində, bundan da az ola bilər, ancaq bəziləri işləməyərək yalnız dövlətdən ianə almaq istəyir. Biz yoxsulluğu demək olar ki, aradan qaldırmışıq. Çünki 2003-cü ildə bu göstərici 49 faizə bərabər idi, indi isə 6 faizdir. Bir məsələni də nəzərə almaq lazımdır ki, Ermənistandan fərqli olaraq əhalimizin sayı artır. Orada əhali azalmaqdadır. Əhalimiz ildə 100 min nəfərdən artıq çoxalır. Bu səbəbdən işsizliyin aşağı səviyyədə saxlanılması olduqca ciddi çağırışdır. Təbii ki, biz terrorizmlə mübarizə sahəsində beynəlxalq səylərə töhfəmizi veririk. Bu mənada, bizim ölkədə daxili təhlükə mövcud deyil. Bütün təhlükələr xaricdən qaynaqlanır".
Onu da qeyd edək ki, indiki mürəkkəb şəraitdə ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planlarının olması sirr deyil. Hətta məkirli niyyətlərini həyata keçirmək məqsədilə xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmə halları da istisna edilmir. Lakin ölkə vətəndaşları əmin olmalıdırlar ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə mütəmadi olaraq sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Siyasi şərhçi Azər Həsrət deyib ki, bu gün Azərbaycan dövləti öz yolunu seçib və konkret olaraq heç bir dövlətdən, siyasi mərkəzdən asılı olmayaraq müstəqil siyasət aparan bir ölkədir. Təbii ki, dünyada da belə ölkələri çox sevmirlər. Onun sözlərinə görə, dünyanı idarə edən mərkəzlər bir qayda olaraq çalışırlar ki, bütün dövlətlər onların nəzarəti altında olsun və onların tapşırıqlarını sorğu-sualsız yerinə yetirsin: "Amma Azərbaycan belə bir yol tuta bilməz. Çünki Prezident İlham Əliyev də dəfələrlə deyib ki, biz heç bir xarici dövlətdən, qüvvədən asılı olmayan siyasət yürüdəcəyik. Yəni Azərbaycanın istər Prezidenti, istərsə də xalqı üçün önəmli olan bizim öz milli dövlət maraqlarımızdır. Bax, bu mənafelərə xidmət etdiyimizə görə, dövlət başçısı başda olmaqla o beynəlxalq mərkəzlər, xarici qüvvələr daim Azərbaycanı təzyiq altında saxlamaq üçün hansısa bəhanələr uydururlar. Bu bəhanələrin də önündə gedən bir qayda olaraq insan haqları məsələləridir. Halbuki, Azərbaycanda insan haqları ilə bağlı dünyanın bir çox ölkələrindən fərqli olaraq elə də ciddi problem yoxdur. Yəni özünü demokratiya elan etmiş hesab edən və dünyanın demək olar ki, bütün ölkələrinə diqtə ilə danışmaq istəyən ABŞ-dakından Azərbaycanda insan haqları qat-qat qorunur. Faktiki olaraq insanların həyatı Azərbaycanda daha güvənlidir. Təbii ki, bütün bunların da əsası səbəbi odur ki, Azərbaycan onlara boyun əymək istəmir".
Zəka