Kiyev-Bakı əməkdaşlığı yeni mərhələdə

Son illər Azərbaycanın ikitərəfli əlaqələrində Ukrayna ilə münasibətlər xüsusi yer tutur. Qarşılıqlı səfərlər, müxtəlif sahələrdə artan əməkdaşlıq imkanları Kiyev ilə Bakı arasında yeni perspektivlər açır. Bu günlərdə isə Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda səfərdə oldu.

İki ölkə arasında fikir ayrılığına səbəb olacaq heç bir məsələ yoxdur

Son illər Azərbaycanın ikitərəfli əlaqələrində Ukrayna ilə münasibətlər xüsusi yer tutur. Qarşılıqlı səfərlər, müxtəlif sahələrdə artan əməkdaşlıq imkanları Kiyev ilə Bakı arasında yeni perspektivlər açır. Bu günlərdə isə Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda səfərdə oldu. Səfər çərçivəsində Ukrayna xarici siyasət idarəsinin rəhbəri prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın Azərbaycandakı diaspor nümayəndələri ilə görüşdü. Pavlo Klimkin Elmar Məmmədyarovla birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab verdi. Bundan başqa Pavlo Klimkin axşam saatlarında məhdud çərçivədə jurnalistlərlə görüşdü. Məlumat üçün qeyd edək ki, Pavlo Klimkinlə görüşənlər arasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da var idi. Elxan Şahinoğlu Pavlo Klimkinlə təşkil olunan görüşdə bir sıra məsələlərə aydınlıq gətirməyi xahiş edib. Ukrayna xarici işlər nazirinin səfərinin yekunları ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Kiyev Azərbaycanla əməkdaşlığın səviyyəsindən razıdır. Onun sözlərinə görə, bunu P.Klimkin də təsdiq etdi: "İki ölkə arasında ticarət dövriyyəsi artır. 2017-ci ilin 9 ayında 2016-cı ildən daha yüksək nəticə əldə edilib. İqtisadi əməkdaşlıqda artım 66 faizdir. Bu kifayət qədər yüksək rəqəmdir. Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsinin Azərbaycandan keçir və bu nəqliyyat dəhlizinin yükü getdikcə artır. Tranzit daşımalarında 5 dəfədən çox artım var. Bu ərəfədə Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv oktyabrın 19-da Bakıya səfər edərək iqtisadi münasibətlərin inkişafı mövzularını müzakirə edəcək".Elxan Şahinoğlu deyir ki, Ukrayna və Azərbay bir-birlərinin ərazi bütövlüklərinə dəstək verir və separatizmi pisləyirlər: "Məsələn Pavlo dedi ki, "biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır". İki ölkə beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər. Bundan başqa Pavlo Klimkinin sözlərinə görə Ukrayna İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi statusu almaq istəyir və bu məsələsinin həllində Azərbaycanın dəstəyinə ümid edir. Ukraynanın bu təşəbbüsü məntiqidir. Ukraynada kifayət qədər müsəlman yaşayır və bu ölkə islam aləmindəki təşəbbüslərdən də xəbərdar olmaq istəyir. Digər tərəfdən Ukraynanın müsəlman ölkələrinin bir çoxu ilə isti münasibətləri var". Politoloq onu da əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinə hazırlıq gedir: "Bakı və Kiyev bu səfərin uğurlu alınması imzalanacaq sənədlər üzərində çalışırlar.Səfər zamanı Kiyevdə Azərbaycan Ticarət Evinin açılması planlaşdırır. Ukrayna prezidenti Petro Poroşenko bu ilin iyul ayında Azərbaycana rəsmi səfər etmişdi. İndi səfər növbəsi Azərbaycan prezidentinindir. Bakı və Kiyev GUAM-ın fəaliyyətindən də razıdırlar. Klimkin bununla əlaqədar olaraq maraqlı fakta toxundu: "BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirlərinin görüşünə Yaponiyanın xarici işlər naziri də qatılmışdı. Bu təşkilatımıza olan maraqdan irəli gəlir". Qeyd edək ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Pavlo Klimkinə GUAM-a üzv dövlətləri arasında Moldova prezidentinin Rusiyaya meylli olduğunu xatırladaraq bunun təşkilatın fəaliyyətinə mənfi təsir edib-etməyəcəyini soruşub. Klimkin Kiyevin Moldova prezidentinin xarici siyasətindən narazı qaldığına işarə etsə də, bu ölkədə daxili və xarici siyasəti parlamentin və hökumətin formalaşdığını deyib. Başqa sözlə prezidentdən fərqli olaraq Moldova parlamenti və hökuməti GUAM-dan imtina etməyəcək. Pavlo Klimkin "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sualına cavab olaraq deyib ki, Kiyev Türkiyə-Ukrayna-Azərbaycan formatının təsis olunmasının tərəfdarıdır, böyük ehtimalla bu mövzu haqqında Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Kiyevə səfəri zamanı danışılacaq. Azərbaycan müxtəlif üçlü formatlarda (Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran) iştirak edir. Bu formatlar daha çox iqtisadi, enerji və nəqliyyat sahələrini əhatə edir. Yəni dövlətlər bu formatlar çərçivəsində iqtisadi əməkdaşlıq mövzularını və ortaq layihələri müzakirə edirlər. Ukrayna Azərbaycan və Türkiyə ilə iqtisadi layihələri genişlədirir. Bu mənada Azərbaycan-Ukrayna-Türkiyə formatı da fəaliyyətə başlaya bilər. Beləliklə, Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin Bakıya səfəru uğurlu sayıla bilər. Bakıda iki ölkə arasındakı əməkdaşlığın bir çox istiqamətləri müzakirə olundu. Başlıcası odur ki, Azərbaycanla Ukrayna arasında elə bir mövzu yoxdur ki, həmin mövzu Bakı ilə Kiyev arasında fikir ayrılığına səbəb olsun".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31