"Kataloniyada baş verənlər Qərbin ikili siyasətini ifşa edəcək”
“Qərb demokratik dəyərlərdən insan haqlarından danışarkən bunu özündə deyil, çox zaman başqa ölkələrdə, xüsusilə də sosialist məkanında yenicə müstəqillik yoluna qədəm qoymuş ölkələrdə axtarır. Kataloniya hadisələri göstərdi ki, Qərb bəzi ölkələrin müstəqillik hərəkatına da dözümsüz yanaşır”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
3 Oktyabr 2017 12:55 Siyasət"Qərb demokratik dəyərlərdən insan haqlarından danışarkən bunu özündə deyil, çox zaman başqa ölkələrdə, xüsusilə də sosialist məkanında yenicə müstəqillik yoluna qədəm qoymuş ölkələrdə axtarır. Kataloniya hadisələri göstərdi ki, Qərb bəzi ölkələrin müstəqillik hərəkatına da dözümsüz yanaşır". Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, Qərb Avropa qitəsində olan separatizm əməllərinə başqa, digər ölkələrdə, o cümlədən Azərbaycanda baş verən aqressiv, sırf radikal millətçiliklə aşılanmış separatizmə isə tamamilə fərqli standartdan baxır:

"Azərbaycanda 25 ildir ki, aqressiv separatizm sonradan müharibəyə çevrilərək xalqımıza misilsiz ziyanlar vurur. Torpaqlarımızın 20 faizi işğal altındadır, ölkəmizə 350 milyard dollardan çox ziyan dəyib. 30 mindən çox insanımız həlak olub, 6 minə yaxın insanımız isə erməni əsirliyində qalır. Bütün bu faktlar Avropa Şurasının diqqətinə çatdıranda nədənsə onlar bu məsələyə hədsiz dərəcədə soyuqqanlıqla yanaşır, sanki heç nə olmayıb kimi üstündən keçirlər".
Q.Hüseynli qeyd edib ki, Qərbin müxtəlif dəyərlərə münasibətində fərqli yanaşmalar var: "Kataloniyada referendum normal, sivil formada keçirilirdi. Amma bütün bunlara baxmayaraq, Avropa Şurası və Avropa Birliyi öz məkanlarında separatizmə yol verməyəcəklərini deyərək bu məsələdə İspaniyanın mövqeyini müqayisə etdilər. Təbii ki, heç kim separatizmi dəstəkləmir. Lakin Kataloniya separatistləri İspaniyanın daxilində normal yaşayır və normal da muxtariyyət fəaliyyətlərinə malikdirlər. Amma ermənilər Dağlıq Qarabağda muxtariyyətə malik olmasına baxmayaraq, onlar əvvəlcə Qərbi Azərbaycan torpaqlarında yaratdıqları erməni, eləcə onlara qəyyumluq edən digər dövlətin köməyindən istifadə etməklə nəinki həmin ərazilərdə milli təmizləmə siyasəti həyata keçirdilər, torpaqlarımızın 20 faizini işğal etməklə yanaşı, 1 milyondan çox insanı oradan didərgin saldılar. Ortada belə faktlar olduğu halda, vəhşi müharibə formasına təzahür edən aqressiv separatizmə qiymət verməyə tənbəllik edən Qərb Kataloniyada baş verənlərə qarşı böyük vəhşilik, aşırı dozada gücdən istifadə edir. Belə görünür ki, Qərbin müxtəlif dəyərlərə münasibətində fərqli yanaşmalar var. Özlərinə gələndə bu dəyərləri öz maraqlarına uyğunlaşdırıb ört- basdır etməyə çalışır, amma başqa ölkələrə gələndə isə bundan yan keçərək məsələyə qiymət verməkdə özlərinə əziyyət vermək istəmirlər".
Politoloqun fikrincə, Kataloniyada baş verənlər davamlı ola bilər: "Hadisələr Şimali İrlandiya, Şotlandiya və digər ölkələrə təzahür edərək Qərbin başını çox ağrıdacaq. Baş verənlər eyni zamanda bir sıra məsələlərdə Qərbin riyakar siyasətini ifşa edəcək".
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Sia.az