Lütfi Zadəni azərbaycanlı saymayanlara sərt reaksiyalar
3 Oktyabr 2017 09:35 SiyasətMübariz Əhmədoğlu: "Azərbaycançılığı inkar edən, bu yalançı millətçilərdən hansıları Lütfi Zadə səviyyədə olsaydılar..."
Dünya şöhrətli alim, professor Lütfi Zadə sentyabrın 29-da vəsiyyətinə uyğun olaraq Azərbaycanda - I Fəxri Xiyabanda dəfn olundu. Dəfndən öncə mərhum alimlə Azərbaycan Milli Elmlər Akademiyasında vida mərasimi keçirildi. Mərasimdə ölkə prezidenti, yüksək çinli məmurlar da iştirak etdilər. Mərasimdə çıxış edən alimlə birbaşa təmasda olan şəxslər bildirdilər ki, Lütfi Zadə Azərbaycanı çox sevirdi və onun əldə etdiyi uğurlar həm də Azərbaycanın adının dünyada müsbət mənada çəkilməsidir. Alimin dəfn mərasimi də izdihamlı oldu. Hər kəs azərbaycanlı alim Lütfi Zadənin gördüyü işlərdən danışıb, onun nəzəriyyələrinin dünya elminə verdiyi faydalardan bəhs etdilər.
Lakin sosial şəbəkələrdə bəzi şəxslər Lütfi Zadənin azərbaycanlı olmadığını iddia edib, səslənən fikirlərlə razılaşmadılar. Onlar Lütfi Zadənin uzun illər Amerikada yaşadığını və Azərbaycan üçün heç bir şey etmədiyini söylədilər. Bir qisim isə əsas gətirdi ki, Lütfi Zadənin anası yəhudi, atası isə tehranlı olduğu üçün azərbaycanlı saymaq olmaz.
Elə alimin ölümündən sonra "Şərq" qəzetinə açıqlamasında Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı da oxşar fikirlər səsləndirərək, Lütfi Zadədə millətçilik və dərin azərbaycançılıq hissinin olmadığını söyləmişdi.

Politoloq Mübariz Əhmədoğlu "Yeni Müsavat"a bildirib ki, cəmiyyətimizdə xəstə millətçi, radikal təfəkkürə meylli adamlar var: "O cür adamları Azərbaycan xalqına yaramaz ünsür hesab edirəm. Onlar bu gün əgər Lütfi Zadə haqqında danışırlarsa, sabah da başqa biri barəsində oxşar fikirlər səsləndirəcəklər. Lütfi Zadə dünyanın birinci onluğunda olan intellektdir. Bunu heç kim dana bilməz. Dünya tarixinə Lütfi Zadə kimi fayda verən azərbaycanlı, müsəlman çox az saydadır. İkincisi də həmin adamlar Albert Eynşteynin yaşadığı ölkəyə, məxsus olduğu millətə münasibətini bilirlərmi? Bir qədər dünya görüşlərini, savadlarını artırsınlar. Lüfti Zadəyə ermənilər də hücuma keçirlər. Onlar Azərbaycan dövlətini ələ salırlar ki, guya biz iranlını azərbaycanlı hesab edirik. Azərbaycanlı olmaq üçün nə etmək lazımdır? Bu adam əslən Ərdəbildəndir və orada, bir-iki gəlmə farsdan başqa digər millət yoxdur. Yerli camaatın hamısı azərbaycanlıdır. Biz, ümumiyyətlə, təəssüf ki, Cənubi Azərbaycanın da tarixini bilmirik. Təbriz və Ərdəbil elmin inkişafında, kitab çapı və digər bir çox məsələlərdə tarixən Bakıdan öndə olub. Əgər bu adam iranlı olsaydı, elə gedib farsla da evlənə bilərdi. Lakin o, Azərbaycanda normal qaydada evlənib və sonradan burada inqilabi vəziyyət yarandığı üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Tehranda da atası onu amerikan məktəbinə qoyub. Lütfi Zadənin qeyrətidir ki, sovet dövründə o, Azərbaycana gələ bilib. Nə üçün bunu görmürlər? 1965-ci ildə Bakıya gəlib və məhəlləsinə baş çəkib. Azərbaycançılığı inkar edən, bu yalançı millətçilərdən hansıları Lütfi Zadə səviyyədə olsaydılar, onlar atalarını, analarını da danardılar, nəinki vətənlərini. Bu adamlara qarşı sərt danışmaq lazımdır. Onlar təkcə özlərini rüsvay etmirlər, əllərinə sosial şəbəkə düşüb, milləti də biabır edirlər. Yaxşı olar ki, savadlarını artırsınlar. Lütfi Zadənin son addımı da bu oldu ki, hansı torpaqda doğulmuşdusa, orada da dəfn olundu. Azərbaycançılıqda, İslamda bundan böyük nə göstərici ola bilər? Bu adamın mahiyyəti, daxili azərbaycanlıdır. O qədər saqqal, bığ saxlayıb Allahın əməllərini baltalayanlar var ki. Onlardan Lütfi Zadə İslama, Azərbaycana qat-qat yaxındır".

Tarixçi alim Dilavər Əzimli də "Yeni Müsavat"a açıqlamasında Lütfi Zadə ilə bağlı əks fikir söyləyənlərə sərt cavab verdi:"Görünür ki, bu cür danışanların çox şeylərdən xəbəri yoxdur. Əvvəla, elmin deyil, alimin vətəni olur. Lütfi Zadə Bakıda doğulub və daha sonra Azərbaycanın güneyinə köçüb. Tehran Azərbaycanın ən qədim şəhəri sayılır. Qacar Türk imperiyası zamanı çıxan xəritədə (1907-ci il) Tehran və Qum Azərbaycan şəhəri kimi qeyd olunur. Əslində həmin bədxahlara cavab vermək olar ki, sizin dediyiniz Tehran İran şəhəri deyil. Lütfi Zadə xaricdə yaşadığı dövrdə hər zaman özünü azərbaycanlı sayıb və bununla fəxr edib. Lütfi Zadənin anasının yəhudi, həyat yoldaşının isə rus qadını olmasının əhəmiyyəti yoxdur. Əsas olan insanın özünün nə hiss etməsidir. Alim, elm adamı bəşəriyyətə məxsusdur. Lütfi Zadə də elmi ilə bəşəriyyəti işıqlandırdı. Lütfi Zadə Eynşteyndən güclü bir nəzəriyyə yaratdı. Zaman gələcək ki, ona çox yüksək qiymət veriləcək. Bu bədxahlar belə məsələlərlə fəxr etməlidirlər. Bunlar isə başlayıblar ki, anası yəhudi olub və sairə. Təsəvvür edin ki, Lütfi Zadə ermənilərdə olsaydı, onlar indi necə qışqırırdılar. Erməni elm xadimlərinin əksəriyyətinin xanımı, anası başqa millətdəndir. Gör heç bunu ağızlarına gətirirlərmi? Bu cür söhbətlər ancaq bizimkilərdən çıxır. Ona görə də, hesab edirəm ki, bu adamların səviyyələri çox aşağıdır. Söhbət Azərbaycandan çıxmış bir elm adamının bəşəriyyətə xidmətindən gedir. Lütfi Zadə əgər Azərbaycanı bu qədər sevməsəydi, vəsiyyəti başqa cür olardı. İstəsəydilər, onu Amerikada, Londonda, İsraildə dəfn edərdilər. Həmin dövlətlər də böyük şərəflə onun dəfnini təşkil edərdilər. Ancaq o, Azərbaycanı, vətənini seçdi. Bu mənada o adamların etdiyi cəfəngiyyatdan başqa bir şey deyil".
Tarixçi bildirib ki, elm adamının siyasətə qarışması qəbuledilməzdir:
"Siyasəti siyasətçilər aparırlar. Lütfi Zadənin Qarabağ haqqında nə isə söyləməyinin mənası varmı? Qarabağla bağlı siyasətçilər çox söz deyirlər. Əzbərləyiblər ki, Lütfi Zadə niyə Qarabağ haqqında söz deməyib. Qarabağ haqqında söz deməzlər, Qarabağı alarlar... Söz artıq bitib. Lütfi Zadə dedi-demədi, bunun faydası yoxdur. Deyilən sözləri artıq boş vermək lazımdır. Biz istiqamətlənməliyik ki, Qarabağ torpaqlarını silahla alacağıq. Hər hansı elm adamını gətirib bu səviyyəyə salmaq cahillikdən başqa bir şey deyil".