“Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməlidir”

Oktyabın 2-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. İclas Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. MM sədri Oqtay Əsədov bildirib ki, parlamentin yaz sessiyası uğurlu olub. Milli Məclis Konstitusiya ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.

Milli Məclisin payız sessiyası öz işinə başladı

Oktyabın 2-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. İclas Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. MM sədri Oqtay Əsədov bildirib ki, parlamentin yaz sessiyası uğurlu olub. Milli Məclis Konstitusiya ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Spiker əlavə edib ki, parlament yaz sessiyasında keçirdiyi 14 iclasda 168 qanun və qərar qəbul edib. 10 beynəlxalq parlament assambleyasının üzvü olan Azərbaycan parlamentinin 94 üzvü dünyanın 33 ölkəsində keçirilən tədbirlərə qatılıb. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq tədbir keşirilib. Onun sözlərinə görə, payız sessiyasında bir sıra qanun layihələri ilə yanaşə, "Dövlət büdcəsi haqqında", eləcə də "Büdcə sistemi haqqında" qanun layihələri müzakirə olunacaq. Sonra MM-in payız sessiyasının qanunvericilik işlər planı təsdiq edilib. Müzakirələr zamanı millət vəkilləri bir sıra təkliflər səsləndiriblər. Deputat Siyavuş Novruzov bildirib ki, "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməlidir. Dəyişikliyə əsasən hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir: "Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər". Maliyyə mənbələrinin şəffaf olmasını əsas gətirən millət vəkili qeyd edib ki, qeyri-hökumət təşkilatları da şəffaf maliyyə hesabatları təqdim etməlidir. S.Novruzov Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərə də toxunub: "Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir, öhdəlikləri yerinə yetirmir. Bu ölkələrlə bağlı tədbir görülmür. Yalnız Azərbaycan və Türkiyə ilə bağlı məsələni qabardırlar. Bu da onu göstərir ki, Azərbaycan müstəqil dövlətdir, heç bir "böyük qardaş"la hesablaşmır. Azərbaycana qarşı qarayaxma kampaniyasını aparanlar erməni lobbiləri tərəfindən maliyyələşirlər. Azərbaycanın öz dəyərləri var, məsələyə bu prizmadan yanaşmaq lazımdır". Deputat bildirib ki, Azərbaycanın müstəqil siyasət aparması, bütün beynəlxalq təşkilatlarda çox yüksək şəkildə təmsil olunması, iqtidar-xalq birliyi bir sıra qüvvələri narahat edir: "Bir sıra mənbələrdən Azərbaycan əleyhinə yazılar dərc edilir, bəyanatlar səsləndirilir. Hesab edirəm ki, bu qərəzlilik aradan qaldırılmalıdır. Bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli qərarlar qəbul etmək istəyirlər. Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkiların üzvüdür və üzərilərinə düşən öhdəlikləri yerinə yerirmir. Amma bunlar haqqında heç bir iş görülmür, qərar qəbul edilmir. Türkiyə və Azərbaycan haqqında isə qərəzli fikirlər səsləndirilir. Bizim siyasət balanslaşdırılmış siyasətdir. Azərbaycan bir çox beynəlxalq, nüfuzlu yarışlara ev sahibliyi edir. Bu da xaricdə yaşayan erməni lobbisini və Azərbaycanda onlara dəstək verənləri narahat etməyə başlayıb". Bankların vətəndaşlara olan borclarının həcminin artdığını qeyd edən deputat Vahid Əhmədov bildirib ki, artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb. Keçən il isə bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra mən hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm". Beynəlxalq təşkilatların təmsilçilərinin Qarabağa qanunsuz səfərinə toxunan millət vəkili Qənirə Paşayeva bildirib ki, Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı "Qara siyahı"sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır. Deputat bildirib ki, Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfər edənlər arasında Rusiya, Fransa, ABŞ, Almaniya və İtaliya vətəndaşları çoxluq təşkil edir: "Çox təəssüf ki, Minsk qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, əksinə sərhədlərimizi pozurlar. Məhz onların vətəndaşları Azərbaycanın icazəsi olmadan işğal altında torplaqlarımıza icazəsiz səfər edirlər. Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkillərinin olduğunu görürük". Q.Paşayeva Türkiyə vətəndaşlarının da qanunsuz Xankəndinə səfər etməsi məsələsinə toxunub. "Türkiyə vətəndaşlarının son addımı daha xoşagəlməzdir. Hesab edirəm ki, bu istiqamətdə də ciddi addımlar atılacaq". Millət vəkillərinin qaldırdıqları məsləyə münasibət bildirən MM sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycana qarşı ikili standartlar bizi yorub. Spiker bildirib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Bakıda oldu, sonra Ermənistana səfər etdi: "Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. Ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır". Laçın rayon İcra Hakimiyyətinin şöbə müdirinin İraqın şimalında keçirilən referendumu və Kürd Muxtariyyətinin müstəqilliyini dəstəkləməsi məsələsinə toxunan deputat Fazil Mustafa bildirib ki, azərbaycanlı məmurun dövlətin və xalqın maraqlarına zidd olaraq, səsverməyə açıq dəstək ifadə etməsi müsbət hal deyil. Deputat qeyd edib ki, bununla bağlı hüquq-mühafizə orqanları ciddi tədbir görməlidirlər: "Bu adam məmur olduğu halda açıq deyir ki, hansısa "Kürdüstan"a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Dəhşətlisi odur ki, hələ də Azərbaycan dövlətində tutduğu vəzifəsini icra edir və ona "qaşın üstdə gözün var" - deyən yoxdur. Düzdür, biz kərküklü qardaşlarımıza dəstək veririk, amma bu məmurun bu addımı narahatlıq doğurur. Bununla bağlı vaxtında tədbir görməsək, sonra bu məsələ elə vüsət alacaq ki, gec olacaq". Deputat Vahid Əhmədov Baş Prokurorluğa çağırış edərək, bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib: "Son vaxtlar dünya, xüsusilə Azərbaycan 25 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir. İndi bizim məmur durub separatçı "referundumu" dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur. Baş prokuror Zakir Qaralova müraciət edirəm ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı olan bu addımlarla bağlı vaxtında tədbir görsün". Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31